Əsəd Əhmədov
Sosial həyat

Əsəd Əhmədov

Vətənimizin erməni təcavüzündən qorunmasında Əsəd Əhmədovun xidmətləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmışdır.

Əsəd Cəlal oğlu Əhmədov 15 iyul 1970-ci ildə Qərbi Azərbaycanda - Pəmbək mahalının Saral kəndində dünyaya göz açmışdır. Əsəd 5 oğul, 1 qız böyüdüb, tərbiyə edən Simuzər ananın dördüncü oğlu idi.

O, məktəbdə müəllimlərinin, sinif yoldaşlarının, evdə ata-anasının, bacı-qardaşlarının, habelə qohum-qonşuların sevimlisi idi. Məktəbdə tədris olunan bütün fənlərə sonsuz maraq göstərir, boş vaxtlarında fiziki əməklə məşğul olurdu.

Saral kəndi dörd bir tərəfdən atlas geyimli dağlarla əhatə olunmuşdu. Kəndin özü isə bir düzənlikdə yerləşirdi. Yay tətili günlərində Əsədin ömrünün ən xoş, mənalı anları Pəmbək çayının nəğməli, romantik sahillərində keçərdi.

Tale elə gətirdi ki, erməni quldurlarının xəyanəti, bəd əməlləri nəticəsində 1988-ci ilin şaxtalı-çovğunlu günlərində Qərbi Azərbaycanın bütün sakinləri kimi Əsədgilin ailəsi də ata-baba yurdlarını məcburən tərk etdi. Atası Cəlal müəllim min bir əzab-əziyyətlə böyük ailəsini əvvəlcə Qazaxa, oradan Şəmkirin Çardaxlı kəndinə apardı. Bir müddətdən sonra isə ailə Bakıya köçdü. Əsəd burada 5 saylı texniki-peşə məktəbinə daxil oldu.

1989-cu ilin mayında hərbi xidmətə çağırılan Əsəd Əhmədov Almaniyada tank qoşunları hissəsində qulluq etdi. O, əsgəri xidmətdən sonra Bakıya qayıdaraq inşaat sahəsində işini davam etdirdi.

Ermənistanın işğalçı ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başlayanda isə Əsəd silaha sarılaraq Vətənin müdafiəsinə qalxdı. 1992-ci ilin martında ağır döyüşlərdə iştirak etdi. İlk vaxtlar Şuşa rayonunun Zarıslı, Salatınkənd və Turşsu məntəqəsində gedən ölüm-dirim savaşında qəhrəmanlıq göstərdi.

O, Laçın ətrafında 28 nəfər əsir düşmüş soydaşımızın azad olunması uğrunda aparılan əməliyyatda yaxından iştirak etmişdi.

Saralın qəhrəman, cəngavər oğlu 1992-ci ilin iyulunda Ağdam rayonunun Şelli, Abdal-Gülablı, Güllücə, Papravənd və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qeyrətlə vuruşmuş, düşmənin atəş nöqtələrinin məhv edilməsində igidlik nümunəsi göstərmişdir.

Papravənd kəndi illər boyu erməni təcavüzünə məruz qalmışdı. 31 iyul 1992-ci ildə ermənilər bu kəndə yenə də aramsız güllə yağışı yağdırırdı. Neçə-neçə günahsız insanlar amansızlıqla qətlə yetirildi. Kəndin müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə Əsəd Əhmədovun sinəsi düşmən gülləsinə tuş gəldi. Onu ölümün pəncəsindən xilas etmək mümkün olmadı. Əsədin son mənzili Bakı şəhərindəki Şəhidlər xiyabanı oldu.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Bakının Yasamal rayonundakı küçələrdən biri Əsəd Əhmədovun adını daşıyır.

Qədir ASLAN,

"Respublika".