Firudin Şamoyev
Sosial həyat

Firudin Şamoyev

Qazax rayonu Ermənistanla sərhəddə yerləşib. Bu yurdun sakinləri zaman-zaman erməni vandallarının təzyiqinə məruz qalmış, Azərbaycanın bu bölgəsində daşnak quldurlar həmişə ağır terror hadisələri törətmişlər. Rayonun cəsur, igid oğulları istər Birinci Qarabağ savaşı, istərsə də 44 günlük Vətən müharibəsində təcavüzkar erməni quldurlarına qarşı igidliklə vuruşmuş, uğurlu döyüş əməliyyatları həyata keçirmişlər.

Bu yazıda adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış hər qarış vətən torpağını göz bəbəyi kimi qoruyan Firudin İsa oğlu Şamoyevin həyat və döyüş yolundan söhbət açacağıq.

Firudin Şamoyev 7 fevral 1962-ci ildə yurdumuzun dilbər guşələrindən olan Qazax rayonunda dünyaya göz açmışdır.

Orta məktəbdə oxuyarkən müəllimləri çalışqanlığına, nümunəvi davranışına görə Firudindən razılıq edərdilər. Məktəbin divar qəzetində Firudin haqqında yazılar hazırlanardı. O, məktəblilər arasında müxtəlif fənlər üzrə keçirilən olimpiadalarda da yüksək nəticə göstərərdi.

 Firudin məktəblər arasında keçirilən futbol, voleybol yarışlarında da fəal iştirak edirdi.

Firudin Şamoyev Qazax rayonunda orta təhsilini başa vurduqdan sonra ordu sıralarına yollanmış, hərbi xidmətini başa vurduqdan sonra doğma rayonu Qazaxa qayıtmış, burada təmir-tikinti idarəsində çilingər kimi əmək fəaliyyətinə başlamışdır.

Ermənilər 1988-ci ildən başlayaraq ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürür, "dənizdən-dənizə böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün sərhədlərimizdə bir-birinin ardınca təxribatlar törədirdilər. Daşnak quldurların bu özbaşınalığı, onların faşist xisləti yurdumuzun cəsur, qorxmaz oğulları kimi, Firudinin də qəzəbinə səbəb oldu. Qəlbi vəhşi daşnaklardan qisas almaq üçün döyünürdü. Qarabağda, eləcə də digər sərhəd bölgələrində axıdılan günahsız qanlar ara vermirdi. Kəndlərimiz talan edilir, əhali təlaş içərisində yaşayırdı.

Firudin Şamoyev 8 iyun 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazıldı. O, 707 saylı hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə təyin olundu. Cəsur komandir Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində dəfələrlə iştirak etmiş, erməni vandallarının atəş nöqtələrinin məhv edilməsində şəxsi igidlik göstərmişdir.

Qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən Firudin Şamoyev 13 aprel 1992-ci ildə Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olmuş, son mənzili Qazax rayonundakı Şəhidlər Xiyabanı olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə Firudin Şamoyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Qəhrəman döyüşçünün adı əbədiləşdirilmiş, Qazax rayonundakı məktəblərdən birinə Firudin Şamoyevin adı verilmişdir.

Qədir ASLAN,

"Respublika".