Fransa daxili problemlərinin girdabında boğulur
Siyasət

Fransa daxili problemlərinin girdabında boğulur

Fransa "Beşinci respublika"nın elan edildiyi vaxtdan - 1958-ci ildən keçən 65 il ərzində özünün ən ağır, ən böhranlı dövrünü yaşayır. Dövlətin həm xarici, həm də daxili siyasətdə "uğursuzluq zolağı"ndan çıxa bilməməsi istisnasız olaraq Fransa cəmiyyətinin və Avropanın probleminə çevrilmiş, ölkəni bank meneceri kimi idarə etmək iddiasından əl çəkə bilməyən Emmanuel Makronun aşırı səriştəsizliyi, hikkə və qəzəbi ilə bağlıdır.

Makronun hakimiyyətə gəlişindən sonra, birbaşa onun təşəbbüsü ilə qəbul olunan "Terrorizmlə mübarizə" və "Qlobal təhlükəsizlik və informasiya hüququnun müdafiəsi" ilə bağlı qanunlar ölkədə sözün əsl mənasında polis diktaturasının təşəkkül tapmasına zəmin yaradıb. İrqçilik, ksenofobiya və islamofobiya zəminində polis, jandarm və penitensiar xidmət əməkdaşlarının iştirakı ilə baş verən cinayətlərin sayı son 10 ilin ən yüksək həddinə çatıb. Emmanuel Makronun ilk dəfə Fransa Prezidenti seçildiyindən cəmi bir il sonra polis, jandarm və penitensiar xidmət əməkdaşlarının, əsasən irqçilik və islamofobiya zəminində yol verdiyi zorakılıq hallarının müvafiq ardıcıllıqla 56,3%, 13% və 18,9% artması problemin mərkəzi hakimiyyətdən qaynaqlandığını sübuta yetirir. 2019-cu ilin rəsmi statistik göstəricilərinə görə, polisin peşə etikasını pozması ilə bağlı şikayətlərin sayı 5 dəfə artıb. 2019-cu ildə polis əməkdaşlarına qarşı qəsdən zorakılığa görə 868 cinayət işi qaldırılıb. 2020-2023-ci illərdə isə bu qəbildən olan cinayət işlərinin sayında 41% artım qeydə alınıb. Qeyd edim ki, polis zorakılığının qurbanı olmuş şəxslərin böyük əksəriyyəti qanunvericilik və bürokratik maneələr səbəbindən öz hüquqlarını müdafiə edə bilmir. Bu isə o deməkdir ki, real göstəricilər dövlət qurumlarının və hüquq-müdafiə təşkilatlarının açıqladığı rəqəmlərdən dəfələrlə çoxdur.

"İnsan haqları", "söz və ifadə azadlığı" ilə bağlı ritorik bəyanatlarıyla bütün dünyanın zəhləsini tökən Makronun hakimiyyətə gəlişindən ən çox "nəsibini alanlar" arasında media nümayəndələri də üstünlük təşkil edir. Avropa Jurnalistlər Federasiyasının Baş katibi Rikardo Quterresin açıqladığı məlumata görə, 2019-cu ildə Fransada 200 jurnalist polis zorakılığına və təhdidlərinə məruz qalıb.

Makron hökumətinin 2021-ci ildə medianı basqı altında saxlamaq məqsədilə parlamentin hər iki palatasında qəbuluna nail olduğu "Qlobal təhlükəsizlik və informasiya hüququnun müdafiəsi" haqqında qanun isə rəsmi Parisə Fransada media üzərində polis senzurası yaratmağa imkan verib. Sözügedən qanun sonradan müəyyən dəyişkiliyə məruz qalsa da, polis orqanlarına müstəqil reportyorların və xəbər kanallarının çəkdikləri materiallara baxmaq, onların yayımını dayandırmaq imkanı verir. Yəni istənilən polis nəfəri "mənim şəklimi, yaxud videogörüntümü mənə ziyan vermək üçün lentə almısan" iddiası ilə medianın işinə müdaxilə edə bilər.

Qeyd edim ki, məhz bu qanunun verdiyi "səlahiyyətlər" səbəbindən Fransada keçirilən dinc etiraz aksiyalarında yüzlərlə jurnalist polisin təzyiqinə məruz qalır. Onların bir qismi kütlənin gözü qarşısında amansızlıqla döyülür, üzərlərinə gözyaşardıcı qaz sıxılır, hətta boğulmaya məruz qalırlar. Bütün bunlar Fransa tarixinin ən uğursuz siyasətçisinin hakimiyyətə gəlişindən sonra yaşananların aydın görünən hissəsidir. Fransa, sözün əsl mənasında idarəedilməz hala gəlib və bu ölkədə dövlət böhranı yaşanır. Sahibkarlar öz mülkiyyətlərini qorumaq məcburiyyətində qalıblar. Çünki Makronun öz hakimiyyətini qorumaq üçün sonsuz səlahiyyətlər verdiyi Fransa polisi, yalnız irqi və dini zəmində zorakılığı, günahsız insanları qətlə yetirməyi bacarır.

Rəsmi statistikaya əsasən, 2017-ci ildən, yəni Makronun hakimiyyətə gəldiyi vaxtdan keçən dövr ərzində polis tərəfindən sükan arxasında qətlə yetirilən silahsız şəxslərin sayı 5 dəfə, hüquq müdafiəçilərinin araşdırmalarına görə isə 350% artıb. Bütün bunlar Cənubi Qafqazda sülhün bərqərar olmaması üçün dəridən-qabıqdan çıxan Emmanuel Makronun ölkəsində yaşanan irqçilik, ksenofobiya və islamofobiya zəminində baş verən cinayətlərin, açıq mənbələrdən əldə edilməsi mümkün olan statistik göstəriciləridir. Fransanın müstəmləkəçi siyasətinə gəldikdə isə bu, tarix boyu kütləvi qətliamlarla, dəhşətli müharibə cinayətləri ilə müşayiət olunan səlib yürüşləri, müharibə və münaqişələr üzərində qurulub. Cənubi Qafqazda xarici maraqların ifadəçisi olan, gah bu, gah da digər qütbün "ətəyinə bürünən" Ermənistanı, aşırı bir aqressiya və qəzəblə himayə etməsi Fransanın siyasi dairələrinin feodal dövrünün qaranlıqlarından qopa bilmədiklərindən, səlibçi təfəkkürlərindən xəbər verir. Görəsən, Azərbaycan torpaqlarını 30 il ərzində viran qoyan, azərbaycanlılara məxsus dini abidələri, qəbiristanlıqları dağıdan, təhqir edən, insan sümüklərinə belə əzab verməkdən "zövq" alan ultramillətçi erməni təfəkkürü ilə səlibçi, neokolonist fransız dünyagörüşü arasında hansı fərq var? Biri insan sümüklərini məzardan çıxarıb təhqir edir, digəri isə muzeylərdə nümayiş etdirir. Üslub fərqli olsa da, "əxlaq", insana münasibət eynidir. Qırx dörd günlük müharibə dövründə işğalçılar, az qala geyimlərinin, hərbi texnikalarının hər yerinə xaç şəkli çəkərək, cinayət əməllərini dini ayrı-seçkilik kontekstindən təqdim etməyə, səlibçilərin dəstəyini qazanmağa çalışırdılar. Halbuki, heç bir din işğala, təcavüzə, qətliama, günahsız insanların öldürülməsinə haqq qazandırmır. Amma Fransanın davranışları Ermənistanın mülki insanların qətlə yetirməsinə, azərbaycanlılara qarşı soyqırımı törətməsinə, Azərbaycan mədəniyyətinin izlərini halal torpaqlarımızdan silməsinə, məscidlərimizin təhqir edilməsinə haqq qazandırırdı və bu proses hələ də davam edir.

Neokolonializm müasir Fransanın, yenidən dünya gücü olmaq hikkəsindən və başqalarının ac-yalavac qalması hesabına "fransız xalqına kef çəkdirmək" həvəsindən qaynaqlanır. Bu müftəxor, iyrənc istismarçılığın sərhədləri kiçildikcə, əli "müftə" sərvətlərdən üzülən, verdikləri vədləri, ənənəvi olaraq qəsb etdikləri milyardların hesabına həyata keçirə bilmədikləri üçün dünyanın dörd bir yanına nifrət püskürən fransız siyasətçiləri qəzəblərindən çat verirlər.       

Elçin MİRZƏBƏYLİ,

siyasi ekspert.