Fransada etirazlar dalğası güclənir
Siyasət

Fransada etirazlar dalğası güclənir

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib. Etirazçılar aksiyada Azərbaycan bayrağını dalğalandırıblar.

Fransa polisi Azərbaycan bayrağının qaldırılmasının qarşısını almağa çalışıb. Ancaq aksiyanın təşkilatçıları polisin tələbinə məhəl qoymayıb, qeyd ediblər ki, Azərbaycan onların dostudur, haqlı mübarizələrində onlara dəstək verir, bu səbəbdən də müstəqillik aksiyasında Azərbaycan bayrağını qaldırıblar. Azərbaycan bayrağını ön cərgədə daşıyan aksiya iştirakçıları bayrağı tribunaya sancıblar. Sosialist və Milli KANAK Azadlığı Cəbhəsi tərəfindən təşkil edilən aksiyada iştirakçılar Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlarla çıxış edərək, müstəqillik tələb ediblər. Aksiyaya 10 minədək etirazçı qatılıb.

Qeyd etmək lazımdır ki, müasir dövrdə hələ də kolonial siyasətini davam etdirən ölkələrdən biri də Fransadır. Rəsmi Paris müxtəlif xalqları istismar altında saxlayaraq onların hüquqlarını pozur, təbii sərvətlərini talan edir. Üstəlik, bu etdikləri azmış kimi, rəsmi Paris başqa ölkələrə insan hüquqlarından dərs verməyə çalışır. Keçən əsrdən bəri müstəmləkəçilik siyasətini davam etdirən Fransa Afrika ölkələrinin müxtəlif resurslarından istifadə edərək, təbii sərvətlərlə zəngin olan bu dövlətləri yoxsulluğa düçar edib. Kaledoniyada və bir çox Afrika ölkəsində iqdisadiyyat iflic vəziyyətə salınıb. Fransa bu ölkələrin xalqlarına qarşı qeyri-qanuni siyasət yürüdüb. Onların azadlığı ilə bağlı problemlər hələ də aktualdır. Öz daxilində işsizlik, aclıq, irqçiliyin hökm sürdüyü rəsmi Parisin müstəmləkələrində faydalı siyasət yürütməsini gözləmək absurd olardı.

Həm qərəzsiz bir ölkə, həm də Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizə aparan xalqları daim dəstəkləyir və onların yanında olur. Azərbaycan daim haqq-ədalətin yanında yer alıb. Təbii ki, Fransanın ədalət anlayışından xəbəri yoxdur. Çünki rəsmi Paris 30 il müddətində davam etmiş erməni işğalına susub, itkin düşmüş və girov götürülmüş 4 min azərbaycanlının taleyini gözardı edib. Buna görə də ədalətin carçısı olan Azərbaycanın bayrağının dalğalanması Fransanı narahat edir. Otuz il işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycanın kolonializmə qarşı mübarizə aparanların yanında olması ölkəmizin humanizm və ədalətli mövqedən çıxış etməsinin sübutudur.

Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfransın keçirilməsilə ölkəmiz öz dəstəyini bir daha ifadə edib: "Yeni Kaledoniya müstəqillik uğrunda mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdardır. Azərbaycanın sayəsində biz Qoşulmama Hərəkatı kimi nüfuzlu platforma vasitəsilə dünya ictimaiyyətinə səsimizi çatdıra bildik və dəstək istədik". Bunu Yeni Kaledoniya təmsilçisi Kayzi Pyer mətbuat konfransında bildirib. O, qeyd edib ki, Fransa Yeni Kaledoniyanın müstəmləkəsi altında olmuş ölkələr siyahısına daxil edilməməsi üçün hər vəchlə çalışır.

"O ölkə ki, Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur, Qarabağda ermənilərin "öz müqəddəratını təyin etmələrini" təşviq edir. Bu, necə ola bilər?" - Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində belə deyib.

Göründüyü kimi, Fransa yalandan, öz maraqları naminə ədalət təmsilçisi roluna girsə də, bu məkrli mövqeyini artıq gizlədə bilmir. Rəsmi Paris əgər həqiqətən də ədalətli mövqedən çıxış etsə idi, 30 illik işğala susmazdı, separatizmə dəstək olmaq yerinə sülhü təşviq edərdi. Lakin Fransa Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməyi üstün tutur, beynəlxalq hüquqa əks əməlləri ilə özünə qarşı etibarsızlıq yaradır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".