Hayastan regionda
Siyasət

Hayastan regionda "qaynar qazan"effekti yaradır

Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan aprelin 5-də Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Entoni Blinkenlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi ilə bağlı məlumat verib. Görüş zamanı rəsmi İrəvanla təhlükəsizlik qarantiyası ilə bağlı sənədin imzalanacağı iddia edilir.

Azərbaycanla sülhə yanaşmayan və ölkəmizə qarşı ərazi iddialarından rəsmi olaraq imtina etməyən bir ölkəyə təhlükəsizlik təminatının verilməsi bir daha qərəzli və ikili standartlarla yanaşmanın bariz nümunəsidir. Nə üçün Azərbaycan torpaqları işğal altında olduğu dövrdə həmin böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan heç biri ölkəmizin təhlükəsizliyi və ərazi bütövlüyü ilə bağlı hansısa təşəbbüslə çıxış etmədilər? Nə üçün Ermənistanla münasibətləri Azərbaycan torpaqlarının işğal altında saxlaması ilə şərtləndirmədilər? Nə üçün həmin dairələr işğal faktına irad bildirmədilər, adicə çağırış belə etmədilər, Ermənistana hər cür dəstəyi davam etdirdilər?

Məsələnin regional təhlükəsizliklə bağlı tərəfi də vacib məqamdır. Görünən odur ki, Ermənistan rəhbərliyi, Fransa və bir sıra Qərb dairələri bu ölkənin ərazisini regional və qlobal güclərin rəqabət meydanına çevirməyə çalışırlar. Xüsusilə gərginləşməkdə olan beynəlxalq münasibətlər sistemində regionu “qaynar qazan” vəziyyətinə gətirmək bütövlükdə bölgədə yaşayan xalqların hər birinin təhlükəsizliyinə təhdiddir. Azərbaycan tərəfi ötən müddətdə dəfələrlə Ermənistanı sülhə çağırıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev 20 sentyabr 2023-cü ildə, antiterror tədbirlərindən sonra xalqa müraciətində "Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!" dedi. Daha sonra Ermənistanı regionla bağlı məsələləri kənar qüvvələr olmadan müzakirə etməyə çağırdı.

Ancaq görünən odur ki, Ermənistan rəhbərliyi bu müraciətdən nəticə çıxarmayıb. Maraqlı məqam bundan ibarətdir ki, hətta Qərbdəki bəzi ağlı başında olan dairələr də Ermənistanı yeritdiyi təhlükəli siyasət barədə xəbərdar etməyə çalışır. Məsələn, martın 14-də ABŞ-ın məşhur beyin mərkəzlərindən olan RAND korporasiyasının analitik yazısında "ABŞ Ermənistana təhlükəsizlik qarantiyası verə bilməz, ancaq kömək edə bilər" deyilir. Və ya tanınmış erməni kanallarından birində Voyçex Qureçkix "Ermənistanın təhlükəsizliyinə ancaq Türkiyə qarantiya verə bilər" deyərək Paşinyan hökumətinə daha ağıllı xarici siyasət yürütməyi tövsiyə edirlər. Lakin Paşinyan hökuməti özünü böyük güclərin əlində alət edərək regionumuzu müharibə meydanına çevirməyə çalışır.                                                          

Fuad ÇIRAQOV,

politoloq.