Xalqın taleyini öz taleyinə çevirən Lider
Siyasət

Xalqın taleyini öz taleyinə çevirən Lider

20 ildə 20 mindən çox fərman və sərəncam

Bəli, Prezident İlham Əliyev qarşıya qoyulan bütün hədəflərə çatmaq üçün ilk növbədə xalqa arxalandı. "Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır", - deyə xalqın taleyini öz taleyinə çevirdi. 20 ildə imzalanan bu qədər fərman və sərəncamlar dövlət başçısının xalqa olan qayğısının təcəssümüdür. Ali dövlət vəzifəsində nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən siyasəti ilə vədinə sadiq qalan lider hər bir azərbaycanlının ən kiçik probleminə belə böyük həssaslıqla yanaşdı. Bununla da, təkcə ölkəsini deyil, həm də sadə vətəndaşlarını ucaltdı. Və bu ucalıq İlham Əliyevə xalqını düşünən lider statusunu qazandırdı.

Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti həm də xalqla təmasda olmaq, problem və təklifləri onların öz dilindən eşitmək və yerindəcə həll etmək prinsipi üzərində qurulub. Dövlət başçısı hər bir müraciətin arxasında insan amilinin dayandığını, onu narahat edən məsələlərin həllini tapmasının vacibliyini vurğulayır. Onun həyata keçirdiyi inkişaf konsepsiyası hər bir azərbaycanlının həyatına müsbət təsir göstərir. Məhz buna görə də xalq ölkənin tərəqqisini İlham Əliyev kimi etibarlı, nüfuzlu liderin rəhbərliyində görür. 20 il ərzində imzalanan fərman və sərəncamlar xalqın güzəranının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına böyük töhfə verib.

İşğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması da prezident-xalq birliyinin nümayişinə çevrilib. Dövlət başçısı 30 ildir torpaq həsrəti çəkən soydaşlarımızı öz yurdlarına qaytarır. Artıq bu torpaqlarda yeni ocaqlar közərəcək, körpə fidanlar böyüyəcək. Bu baxımdan, əldə olunan qələbə 100 minlərlə uşağın adının qarşısından məcburi köçkün ifadəsini silib atdı. Vətəni qorumaq arzusu qələbəmizin böyütdüyü uşaqların da ən böyük arzusuna çevrilib. Hərbçi, polis, həkim, prezident olmaq istəyən uşaqlar məğrurluqla öz prezidentlərinə arxalanır. Bilirlər ki, onların güclü prezidenti, müdrik lideri var. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində Azərbaycan dövləti də, cəmiyyəti də müasir dünya reallığının bir parçasına çevrilib və bu reallığın təməlində müstəqil Azərbaycanın milli maraqları, xalqın iradəsi ən yüksək mərhələdə dayanır. Qarabağ münaqişəsinin həll olunması ilə birlikdə artıq xaricdə yaşayan hər bir soydaşımız qürurla "mən azərbaycanlıyam" deyə bilir.

Prezident İlham Əliyev Qarabağı azad etməklə xalqa özünün ən ali təşəkkürünü bildirdi. Xalq öz liderinə güvəndi, lider xalqını dünyaya tanıtdı. Ulu Öndər Heydər Əliyevin xalqa olan sevgisini İlham Əliyev göylərə qaldırdı. Buna görə də, xalq həmişə öz liderinə böyük sevgi və ehtiram göstərir.

Tacir SADIQOV,

"Respublika".