Füzuli işğaldan azad edilməsinin ikinci ildönümündə
Region

Füzuli işğaldan azad edilməsinin ikinci ildönümündə

Ərgünəş dağının əzəməti, Araz çayının zümzüməsi, gözəl təbii mənzərəsi, tarixi abidələri,  yurd sevdalı insanları Füzuli torpağının  ən böyük sərvətidir. Qədim tarixi olan Füzuli həm də hərbi-strateji mövqeyinə görə çox mühüm əhəmiyyət kəsb edən bir nöqtədə yerləşir. Təsadüfi deyil ki, işğalçı Ermənistan bunu nəzərə alaraq ən möhkəm müdafiə xətlərini məhz Füzulidə qurmuşdu. Düşmənlər uzun illik işğal dövründə bu ərazilərdə mühəndis-istehkamlar qurmuş,  müxtəlif ölçülü xəndəklər qazmış,  müdafiə sistemləri, süni əngəllər yaratmış, yeraltı tunellər qazmış və onların minalarla,  elektron sistemlərlə və digər vasitələrlə qorunmasını təmin etmişdilər.  Təbii ki, bütün bunların asanlıqla keçilməsi çox çətin idi.  Bu əngəllərin keçilməsi üçün xüsusi texnikalardan istifadə edilməli, taktikalar tətbiq olunmalı idi.  Ermənilər qürrələnərək deyirdilər ki,  Azərbaycan Ordusu üçmərhələli müdafiə xətlərini keçə bilməz.

 Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin ilk uğurlu hərbi əməliyyatları məhz Füzuli rayonundan başlayıb.  Müharibənin ilk günündə - 2020-ci il sentyabrın 27-də Füzulinin Qaraxanbəyli,  Qərvənd,  Kənd Horadiz,  Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Düşmən üzərində əldə edilən qələbə cəbhədə bütün vəziyyəti ordu bölmələrimizin xeyrinə dəyişdi, böyük ruh yüksəkliyi yaratdı.

Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərində Araz çayına qədər maili düzənlikdə yerləşir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun ərazisi 1386 kvadratkilometr, əhalisi isə təxminən 144 min nəfərdir. Rayonun ərazisindən Quruçay, Köndələnçay, Qozluçay və Çərəkən çayları keçir. Burada zəngin tarixi abidələr mövcuddur.  Mədəniyyət və memarlıq abidələri - mağara və kurqanlar,  çoxlu sayda türbə,  qəbirüstü abidələr,  at,  qoç fiqurları ilə zəngindir.  Təəssüf ki,  bu nadir abidələrin bir çoxu,  eləcə də Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib.  Bu vəhşiliyə baxmayaraq, həmin abidələrin qalıqları durur. Füzuli torpağı görkəmli şəxsiyyətlər yetişdirib,  adlı-sanlı əmək qəhrəmanları, yazıçıları, muğam ustaları ilə tanınıb.

Ən yaxın tarixə qısa bir nəzər salaq və qeyd edək ki,  1993-cü il avqustun 23-də Füzuli rayonu Ermənistan ordusu, muzdlu dəstələr, terrorçular və onların havadarları tərəfindən işğal olunub. İşğal nəticəsində 51 kənd və rayon mərkəzi ermənilər tərəfindən zəbt edilib və 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından didərgin düşüb.  İşğaldan təxminən beş ay sonra cəbhədə erməni  silahlı qüvvələrinin hücumu dayandırıldı.

Yeri gəlmişkən, burada tarixi bir məqama nəzər salaq. Belə ki, 1993-cü il dekabr ayının əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Füzuli bölgəsinə səfəri, döyüşçülərlə və əhali ilə görüşləri heç də təsadüfi xarakter daşımırdı. Bu səfərdən heç bir ay keçməmiş, 1994-cü ilin yanvar ayında milli ordu hissələri əks-hücuma keçərək düşmənə ağır və sarsıdıcı zərbələr vurdu,  Horadiz qəsəbəsi də daxil olmaqla 22 yaşayış məntəqəsi işğaldan azad edildi.  

Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi zamanı Füzuli rayonundan 1100 nəfərdən çox şəhid olub,  181 nəfər itkin düşüb,  1341 nəfər sağlamlığını itirib, 6 nəfər Milli Qəhrəman adına layiq görülüb.  44 gün davam edən və tariximizə ən şərəfli səhifə kimi daxil olan Vətən müharibəsində isə  Füzulidən 74 nəfər şəhid olub, onlarla insan yaralanıb, müharibə əlilidir.  

2016-cı ilin aprel ayında Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı Füzuli istiqamətində min hektarlarla torpaq işğalçılardan azad edildi və çox böyük strateji əhəmiyyət daşıyan Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımız sancıldı. Xalqımız uzun illərdən sonra az da olsa,  qələbə sevincini yaşadı, hər birimizdə torpaqlarımızın işğalçılardan tam azad edilməsinə güclü inam yarandı.  2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi düşmən üzərində ən şanlı qələbə sayılır. Füzulililərin sevincinin həddi-hüdudu yoxdur. Son iki il onların həyatında qələbə və zəfər ili kimi yaddaşlara yazılıb.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar.  Qalib Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb.  Bu qürurverici görüntülər Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindən biridir.

Tarixi qələbədən dərhal sonra işğaldan azad edilən torpaqlarda düşmənin 28 il ərzində basdırdığı saysız-hesabsız minaların təmizlənilməsinə başlanılıb və gizli düşmənə qarşı bu çətin,  eyni zamanda təhlükəli axtarış xilasetmə işləri uğurla davam etdirilir.  Ardınca isə azad edilən rayonların ərazilərində iri infrastruktur layihələrin icrasına başlanılıb. Həm də ilkin layihələr həyat əhəmiyyətli sahələri, yol, enerji, su və başqa zəruri işləri əhatə edir. 2021-ci il oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad edilməsinin birinci ildönümünü qeyd etdi.  Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər etdilər.  Səfər çərçivəsində rayonda bir sıra önəmli layihələrin təməli qoyuldu,  ictimaiyyətin nümayəndələri ilə görüş keçirildi.  

Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ərəfəsində işğaldan azad edilən Füzulidə ən iri infrastruktur layihə həyata keçirilib. Bölgədə analoqu olmayan Füzuli Hava Limanı səkkiz aya ən müasir səviyyədə inşa edilərək istifadəyə verilib. Hava limanı ilk təyyarələri qəbul edib. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var.  Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.  Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, burada VIP zallar,  mağazalar,  restoranlar və digər zəruri məntəqələr yaradılıb.  2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

Düşmən Füzuli şəhərini xarabalığa çevirib, bu yerlərdəki həyat işartılarını məhv edib, faşist ermənilər torpağa və ağaclara belə qəsd ediblər.  Şanlı Azərbaycan ordusu Füzulini işğalçılardan azad edəndən sonra dövlət tərəfindən burada yenidənqurma və bərpa işlərinə başlanılıb. Qalib Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən ordumuzun Şuşaya doğru hərəkət etdiyi keçilməz cığırların yerində Zəfər yolunun tikintisi başa çatdırılıb və indi bu yolla Şuşa şəhərinə rahat gedib-gəlmək mümkündür.

Ötən ilin payızından başlanan Əhmədbəyli-Füzuli-Şuşa yolunda işlər sürətlə davam etdirilir. Qeyd edək ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr,  Zəfər yolunun uzunluğu isə 101 kilometrdir.  Hər iki yol boyunca tunellər,  körpülər inşa edilib,  bütün zəruri infrastruktur yaradılıb.  Hazırda icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir. Həmin avtomobil yolu başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır.  Yolun uzunluğu 39,7 kilometrdir. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd,  Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edir.  İnşası davam etdirilən və uzunluğu  123,6 kilometr olan  Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) ən iri infrastruktur layihələrdən hesab olunur. Yolun tikintisi 2024-cü ildə başa çatacaq.  

Çətin relyefi olan yerlərdə yolların çəkilməsi, tunellərin qazılması, körpülərin tikintisi, sözün əsl mənasında,  fədakarlıq və işgüzarlıq tələb edir.

 İşğaldan azad edilən torpaqlarda ikinci “ağıllı kənd” Füzuli rayonunun Dövlətyarlı kəndində salınır. Xatırladaq ki, kəndin təməli ötən il oktyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlətyarlı kəndində üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Kənddə məktəb və uşaq bağçası tikiləcək,  kəndin mərkəzində meydan salınacaq və bazar inşa ediləcək. Ən əsası isə kənd sakinlərinin məşğulluğunun təmin edilməsi birinci yerdə dayanır. Kəndin miskin görkəmi düşmənin qəddarlığından xəbər verir.  Azadlığına qovuşan kəndə yenidən həyat qayıdır.  Qeyd edək ki,  kəndin torpağı çox münbitdir. Ötən ildən başlayaraq artıq həmin ərazilərdə şum və səpin aparılıb. Təbii ki, camaat qayıdandan sonra,  burada yenidən bölgü aparılacaq. Onu da deyək ki,  kənddə hər bir evin təqribən ən azı 12 sot həyətyanı torpağı olacaq.

Rayondakı Köndələnçay Su Anbarı ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilib. Su anbarı Füzuli rayonunda kənd təsərrüfatının inkişafına və minlərlə hektar torpağın suvarılmasına münbit şərait yaradıb.  Ümumi tutumu 9, 5 milyon kubmetr olan bu su mənbəyi  çay üzərindəki digər su anbarları ilə  birlikdə 6200 hektar sahəni suvarmağa imkan verir.  1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub.  Hazırda  işğaldan azad olunan ərazilərdə 13 iri çay,  9 su anbarı mövcuddur.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva keçən il  oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb,  Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyublar. Bundan başqa, Füzuli şəhərinin baş planı təsdiq olunub. Baş plana əsasən Füzuli şəhəri ən müasir və analoqu olmayan bir yaşayış məskəninə çevriləcək. Yeni Füzuli şəhəri işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq.  Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2,5 dəfə artacaq

Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilən ərazilərə bir neçə dəfə səfər edərək işğal dövründə Ermənistanın bu torpaqlarda törətdiyi vəhşiliyi, vandallığı, cinayətləri və azərbaycanlılara qarşı törətdikləri qəddarlığı təkzibedilməz faktları dünyanın, beynəlxalq təşkilatların və erməni havadarlarının diqqətinə çatdırıb və işğalçı, vəhşi, faşist erməni mahiyyətinin iç üzünü ifşa edib. İşğaldan azad edilən torpaqların, şəhərlərin və kəndlərin dirçəldilməsi üçün çox mühüm dövlət sənədlərini imzalayan  Prezident həm də bu ərazilərdə çox böyük infrastruktur layihələrin həyata keçirilməsi üçün  strateji fəaliyyət Planını təsdiq edib. Təsadüfi deyil ki, dünyanın ən böyük şirkətləri işğaldan azad edilən ərazilərdə başlanan quruculuq işlərində iştirak etməyə həvəs göstərir və onlardan bir çoxu artıq Qarabağda və Şərqi Zəngəzurda fəaliyyətə başlayıb.  

                                           Salman ALIOĞLU,

                                             “Respublika”.