Gəncə: VƏTƏN SEVGİSİNİ ÜSTÜN TUTANLAR
Region

Gəncə: VƏTƏN SEVGİSİNİ ÜSTÜN TUTANLAR

Ölkəmizin hər bir bölgəsində olduğu kimi,  Gəncədə də Vətən müharibəsi zamanı canlarından keçən şəhid ailələri daim diqqət mərkəzindədir. Ötən gün Rəşad Ələkbərov, İsmayıl Mustafayev, İlkin Əsgərov, Murad İbrahimov, Xuduş Kazımov, Rəşad Məmmədov, Aydın Rüstəmov, Cavid Əliyev, Qəzənfər Məmmədov, Turxan Məmmədov və Anar Məmmədov kimi igidlərin doğum günləri qeyd olunub. Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin,  Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun və yerli dini icmaların əməkdaşları şəhidlərin ailələrini ziyarət ediblər.  Görüşdə hər bir şəhidin şərəfli ömür yoluna nəzər salınıb, xoş xatirələri dilə gətirilib. Bildirilib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində davam edən və Zəfərlə yekunlaşan müharibənin əsas səbəbkarları məhz şəhid olan igidlərimizdir. Tarix onları heç vaxt unutmayacaq, çünki onlar öz qanları ilə adlarını əbədi olaraq tariximizə həkk ediblər. Bəli, onlar vətən sevgisini uca tutdular. Vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi daim uca tutulacaq. Eyni zamanda, ölkə Prezidentinin dediyi kimi “Bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir: Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də bu belədir”.

Şəhid ailələri isə öz növbəsində övladları ilə daim qürur duyduqlarını dilə gətirərək bildirdilər ki,  “Bəli, dərdin ən böyüyü Vətən, torpaq, azadlıq dərdi idi. Bu dərdin yolunda bizim balalarımız şəhid oldular. Vətən yaşasın deyə onlar şəhid oldular və düşmənə qaya kimi sipər oldular. Biz  şəhid ailələri  özümüzə fəxr bilirik ki, oğlanlarımız torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olmuşdur.  Xalqımız çox vətənpərvər, qəhrəman xalqdır. Bu xalqın əli silah tutan hər bir nümayəndəsi şəhidlərin yolunu davam etdirmək üçün bir nəfər kimi həmişə Vətənimizi qorumağa hazırdır. Ölkə rəhbərinin şəhid ailələrinə göstərdiyi qayğını biz daim öz üzərimizdə hiss edirik. Biz şəhid ailələri, göstərilən  diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  öz dərin minnətdarlığımızı bildiririk”.  Ziyarət zamanı şəhid ailələrinə məişət avadanlıqları və digər hədiyyələr təqdim olunub.

Zabit XƏLİLOV,

“Respublika”.