Geosiyasi əhəmiyyətə malik Zəngəzur dəhlizi
Siyasət

Geosiyasi əhəmiyyətə malik Zəngəzur dəhlizi

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması məsələsi uzun müddətdir ki, gündəmdədir. Bu istiqamətdə danışıqlar aparılır, açıqlamalar verilir. Müxtəlif vasitəçilərin iştirakı ilə aparılmış, lakin nəticə əldə edilməmiş müzakirələrdən sonra Azərbaycan və Ermənistan dövlətləri artıq ikitərəfli danışıqlara üstünlük verir.

Bu  günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibə verib. Müsahibədə bu məsələyə də toxunan H.Hacıyev qeyd edib ki, bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır. Sülh müqaviləsi, danışıq formatları və sair haqqında sualları cavablandıran prezident köməkçisi həm də Zəngəzur dəhlizi məsələsinə aydınlıq gətirib. O deyib ki, İran ərazisindən keçən nəqliyyat layihəsinin reallaşması Ermənistandan keçən marşrutun gündəmdən çıxarılması demək deyil: "Biz bu istiqamətdə Ermənistanla işləməyə hazırıq. Daha çox alternativin olması həmişə daha yaxşıdır. Ermənistan vasitəsilə Naxçıvana nəqliyyat əlaqəsi onun suverenliyinə təsir etməyəcək. Bu mövzu ətrafında yaranmış isteriya tamamilə əsassızdır".

Zəngəzur dəhlizinin açılmasında bir çox ölkənin maraqlı olması aydın məsələdir. Dəhliz regional əlaqələrə və siyasi dinamikaya təsirinə görə geosiyasi əhəmiyyət qazanıb. Bir çox dövlət bu istiqamətdə əməkdaşlığa hazırdır. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsi 2028-ci ildə həyata keçirilə bilər. "Tvnet"ə müsahibəsində bu barədə danışan nazir qeyd edib: "Son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz türk dünyasına daha rahat çata biləcəyik". Nazir deyib ki, Zəngəzur dəhlizinin Türkiyə tərəfindən 224 kilometrlik hissəsi ilə bağlı addımlar atmışıq.

Bütün bunlar Zəngəzur yolunun öz əhəmiyyətini itirməməsi faktını bir daha ortaya çıxarır. Bu dəhliz nəinki təkcə qardaş Türkiyə, həm də bütün türk dünyasının gündəmində yer alır. Hətta cənub qonşumuz İran da Zəngəzur dəhlizinə qoşulmaq istəyənlər siyahısındadır. Belə ki, İranla Türkiyə arasında da müzakirələr gedir.   Təbii ki, bu yolun açılması, yalnız region üçün deyil, həmçinin qlobal əhəmiyyətlidir. Bu dəhlizin şərqlə qərb arasında körpü rolunu oynaması, Avropa ölkələrini də maraqlandıran məqamlardan biridir. Ticarət üçün böyük əhəmiyyət kəsb etməklə yanaşı, siyasi, iqtisadi və təhlükəsizlik baxımından vacib olan bu yol ölkələr arasında tərəfdaşlıq münasibətlərinin canlanmasına da  təkan verəcəkdir. Dəhliz coğrafi mövqeyi baxımından regionda enerji nəqli marşrutlarına da öz töhfəsini verəcək, neft, qaz və ya digər enerji ehtiyatlarının nəqli üçün əhəmiyyətli imkan yaradacaqdır.

Azərbaycan antiterror tədbirləri vasitəsilə separatizmin sonunu gətirib. Bu da Zəngəzur dəhlizi məsələsinə növbəti töhfə olub. Əslində, bu yol dənizə çıxışı olmayan Ermənistan üçün xüsusilə vacibdir, çünki o, Naxçıvan və Türkiyə ilə quru əlaqəsini təmin edərək, ticarət və regional əməkdaşlığa imkan yaradır. Lakin təəssüf ki, İrəvan bu məsələdə bu günə qədər qeyri-konstruktiv mövqedən çıxış edib. Halbuki, bu dəhliz Ermənistan, Naxçıvan və Türkiyə arasında iqtisadi və nəqliyyat əlaqələrini asanlaşdırmaqla regional inteqrasiyanı gücləndirmək potensialına malikdir, həm də ticarət, iqtisadi və əməkdaşlıq əlaqələrinin, insanlar arasında mübadilənin artmasına səbəb ola bilər.

Zəngəzur dəhlizinin Ermənistan və Azərbaycan üçün siyasi və strateji əhəmiyyəti göz qabağındadır. Zəngəzur dəhlizinin statusu və nəzarəti regional münaqişələrin, o cümlədən Azərbaycan və Ermənistan arasında gərginliyin həllində müsbət rol oynaya bilər. Dəhlizin taleyinə regional geosiyasi mülahizələr və Cənubi Qafqazda davam edən proseslər qərar verəcək. Bu yolla bağlı istənilən danışıq və ya razılaşmaların regionda sabitliyə daha geniş təsir göstərəcəyi gözlənilir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".