Göyçay: Şəhidin xatirəsi anılıb
Region

Göyçay: Şəhidin xatirəsi anılıb

Bu günlərdə Göyçay rayonundan Vətən müharibəsində iştirak etmiş və qəhrəmancasına şəhid  olmuş Əli Eyvazovun xatirəsi anılıb. Şəhidin ad günündə  məzarına gül dəstələri düzülüb, bir dəqiqəlik sükutla ruhunu   ehtiramla  yad ediblər.

İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Əli Seyran oğlu Eyvazovun anım  günü münasibətilə  keçirilən mərasimdə  rayon ictimaiyyətinin nümayəndələri, valideynləri  və doğmaları iştirak ediblər. Göyçay Rayon İcra Hakimiyyətinin  başçısı Mehdi Səlimzadə  şəhidin ailəsinə başsağlığı verərək, şanlı Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi şücaətdən  söz açıb.

Mərasimdə çıxış edənlər şəhidin keçdiyi qısa və mənalı həyat yolundan danışaraq xatirələrini bölüşüblər. Qeyd edilib  ki, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş hər bir şəhidin  xatirəsi əzizdir və uca tutulur. Tarix yazan qəhrəmanların uyuduğu məkanlar müqəddəs  and yerimizə, ziyarət məkanımıza çevrilir. Bu o deməkdir ki, Vətən aşiqləri əbədiyyətə qovuşsalar da, onlar ölməzdir və daim qəlblərdə yaşayacaqlar.

Şəhid ailələrinə diqqət və qayğı hər bir azərbaycanlının borcudur. Dövlət tərəfindən şəhid övladlarına göstərilən dəstək, nəzərdə tutulan imtiyazlar isə aparılan daxili siyasətin prioritet istiqamətlərindəndir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi  ilə həyata keçirilən geniş tədbirlər planına uyğun olaraq,  müharibə veteranlarının, əlillərin,  şəhid ailələrinin sosial müdafiəsi daha da gücləndirilir. Şəhidin ailə üzvləri  göstərilən diqqət və qayğıya görə rayon icra hakimiyyətinin  başçısına və «N» saylı hərbi hissənin rəhbərliyinə  təşəkkürlərini bildiriblər.

Maarif  RZAYEV,

“Respublika”.