Qarabağ və Şərqi Zəngəzur: möhtəşəm quruculuq salnaməsi
Region

Qarabağ və Şərqi Zəngəzur: möhtəşəm quruculuq salnaməsi

Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq və abadlıq işləri aparır. Hazırda Qarabağ və Şərqi Zərgəzurda Böyük Qayıdışla bağlı xeyli sayda infrastruktur layihələri həyata keçirilir. Bunun nəticəsidir ki, ötən üç ilə yaxın müddətdə işğaldan azad edilən ərazilərimizdə genişmiqyaslı meqalayihələr gerçəkləşdirilib.

İlk növbədə, infrastrukturun qurulması istiqamətində böyük işlər görülüb, yollar çəkilib, nəhəng tunellər salınıb. Füzulidə cəmi 8 aya tikilib istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, eləcə də ötən il açılışı olan Zəngilan Beynəlxalq Hava Limanı Qarabağ və Şərqi Zəngəzurda qısa zamanda gerçəkləşdirilən vacib layihələrdir. Bölgənin iqtisadi və logistik imkanlarının artırılmasına xidmət göstərəcək, açılışı 2025-ci ildə planlaşdırılan Laçın hava limanının tikintisi də sürətlə aparılır. Ümumiyyətlə, təsdiq olunmuş investisiya planına əsasən Qarabağ və Şərqi Zəngəzurda ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel tikiləcək, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa olunub. Bu ərazilərdə bir neçə su-elektrik stansiyasının açılışı həyata keçirilib. Artıq bütün şəhərlərin baş planları hazırlanıb və təsdiqlənib. Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər heç bir ölkədən yardım almadan Azərbaycanın öz maliyyə gücü sayəsində reallaşdırılır.

İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, keçmiş məcburi köçkünlərin öz əzəli yurdlarına mərhələli şəkildə qayıtması və məskunlaşması, bunun üçün sosial-məişət, təhlükəsizlik və məşğulluq şəraitinin yaradılması kimi tədbirlərin həyata keçirilməsi, həmin ərazilərdə dövlət idarəetmə qurumlarının təşkili məqsədilə 2023-cü ilin dövlət büdcəsi layihəsində də müvafiq maliyyə təminatı nəzərdə tutulub. Belə ki, 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait ayrılacaq. Bu da 2022-ci illə müqayisədə 330 milyon və ya 12,4 faiz çoxdur.

Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı xərclər Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasının 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri və 2022-2026-cı illərdə Sosial İqtisadi İnkişaf Strategiyasının ehtiva etdiyi məqsədlərin reallaşdırılması vəzifələri çərçivəsində maliyyələşdiriləcək. Müvafiq olaraq 2023-cü ildə Strategiya çərçivəsində qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün ayrılan 5 milyard 244 milyon manat həcmində vəsaitin 60 faizlik hissəsi Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və quruculuq işlərinə yönəldiləcək.

Zəfərdən sonra Böyük Qayıdışın artıq uğurlu addımları atılır. "İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası davam etdirilir. Zəngilanın "ağıllı kənd" konsepsiyası əsasında qurulmuş Ağalı kəndi sakinlərin ixtiyarına verilib. Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İndi isə məhz avqust ayında Füzuli şəhərinə ilk məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur. Füzuliyə qayıdış başlayır, ilk olaraq 509 nəfər köçürüləcək.

Avqustun 23-də Füzuli rayonunun ermənilər tərəfindən işğal edilməsinin 30 ili tamam olur. Amma artıq 3 ildir ki, Füzuli rayonu erməni işğalından tam azad edilib. İkinci Qarabağ müharibəsi zamanı - 2020-ci il oktyabrın 17-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Füzulini işğaldan azad edib. Bundan sonra bu qürurlu tarix əlamətdar gün kimi qeyd ediləcək. Vətən oğulları əks-həmlə hücumuna məhz Füzuli şəhərindən başlayanda, hətta ən tanınmış hərbi mütəxəssislər belə bir fikirdə idilər ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Ermənilərin 30 illik istehkam qurğuları fonunda Füzuli şəhərini işğaldan azad etmək mümkün görünmürdü. Lakin erməni işğalçıları üçün taleyin və tarixin öz dərsi var idi. Füzulinin təmas xəttinin yarılması ilə Azərbaycan strateji üstünlüklər əldə etdi. Bununla da, erməni işğalçılarının yaratdığı mif elə müharibənin ilk günlərində darmadağın edildi. "Dəmir yumruq" qarşısında məhv edilən Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıla səfəri əbədi yaddaşlarda qalacaq. Bu səfər gələcəyə baxışımızın ifadəsi, Böyük Qayıdışın təməl təntənəsi idi. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi həm də xeyirin şər üzərində qələbəsidir. Prezident İlham Əliyev bu səfəri ilə bir daha sübut etdi ki, o, həmişə xalqının yanındadır, onun sevincinə şərikdir. İşğalçıya diz çökdürən Müzəffər Ali Baş Komandan "Şəhidlərimizin son örtüyü" olan şanlı bayrağımızı öpüb gözlərinin üstünə qoyaraq, göyə qaldırdı. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir.

Füzulinin azad edilməsindən dərhal sonra burada minadan təmizləmə və quruculuq işlərinə başlanılıb. Nazirlər Kabineti tərəfindən Füzuli şəhərinin Baş planı təsdiqlənib. Bununla da burada görüləcək işlər dəqiqləşib. Bu zaman coğrafi-iqlim və təbii şərait amilləri və nəhayət, iki il əvvəl bölgədə istifadəyə verilən beynəlxalq hava limanının - Füzuli aeroportunun mövcudluğu nəzərə alınıb. Məlum olduğu kimi, şəhər yaxınlığında beynəlxalq hava limanı inşa olunmuşdur və Füzuli şəhəri əsas nəqliyyat xətlərinin üzərində yerləşən şəhərlərimizdən biri olacaq. Prezidentin Füzulini Qarabağın "hava qapısı" adlandırması da təsadüfi deyildir. Müzəffər ordumuz tarix yazmağa Füzulidən başlamışdı.

Artıq işğaldan azad olunmuş ərazilərdə Zəfər Yolu inşa edilib. Zəfər yoluna paralel olaraq Füzuli-Şuşa yeni avtomobil yolunun inşası davam etdirilir və bu, sürətli avtomobil yolu olacaqdır. Bununla yanaşı, Füzulidən Şuşa şəhərinədək dəmir yolu xəttinin inşası nəzərdə tutulur. Füzulidə geniş nəqliyyat kommunikasiyaları qurulur. Ölkə başçısının dediyi kimi, münaqişə bitib, tarixə qovuşub, indi məqsədimiz işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri apararaq o torpaqlarda həyatı yenidən canlandırmaqdır. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi cəhətdən quruculuğun təmin edilməsi ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilməlidir. Qarabağın ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinə inteqrasiyası üçün həmin ərazilərdə kifayət qədər potensial imkanlar mövcuddur. Regionun təbii sərvətlərlə zəngin olması bir sıra istiqamətlərdə, xüsusilə sənaye və xidmət sahələrində innovativ məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün böyük üstünlüklər yaradır.

Mustafa KAMAL,

"Respublika".