GÖYGÖL: ŞƏHİD XATİRƏSİNİ YAŞADAN BULAQ  
Region

GÖYGÖL: ŞƏHİD XATİRƏSİNİ YAŞADAN BULAQ  

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Göygöl rayon şəhidi Yusubov Sabir Firdovsi oğlunun xatirəsinə Göygöl rayonu Topalhəsənli kəndində inşa olunan ehsan bulağının açılışı olub. Tədbirdə ziyarətçilər şəhidin Göygöl rayonunun Topalhəsənli kənd qəbiristanlığındakı məzarını ziyarət edərək tər gül dəstələri düzüb, ruhuna dualar oxuyub əziz xatirəsini böyük ehtiramla anıblar.

Mərasimdə şəhidin ailə üzvləri, Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev, Topalhəsli kənd tam orta məktəbin kollektivi, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və kənd əhalisi iştirak ediblər.

Çıxış edənlər şəhid Sabir Yusubovun keçdiyi döyüş yolundan, vətənə sədaqətindən, vətən uğrunda göstərdiyi şücaətdən əhatəli danışıblar. Eyni zamanda bildirilib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuzun qüdrəti sayəsində torpaqlarımız düşmən tapdağından azad edilmiş, üçrəngli  bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanır.

Yusubov Sabir Firdovsi oğlu 6 oktyabr 1990-cı ildə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuşdur. 1998-ci ildə Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2009-cu ilin oktyabr ayından 2011-ci ilin aprel ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə  iştirak etmişdir. Sabir Yusubov 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və ”Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi, 2 övladı yadigar qalıb.

Şəhidin atası Firdovsi Yusubov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhid ailələrinə diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Daha sonra şəhid Sabir Yusubovun təhsil aldığı Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbin şagirdləri şəhidə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.

Zabit XƏLİLOV,

“Respublika”.