Güclü iqtisadiyyat, güclü dövlət
Siyasət

Güclü iqtisadiyyat, güclü dövlət

Bu, Azərbaycanın yeni inkişaf hədəflərinin əsasını təşkil edir

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və məqsədyönlü siyasət ölkəmizin beynəlxalq birliyə sıx inteqrasiyasını təmin edir. Nüfuzlu maliyyə qurumları tərəfindən iqtisadi durumu yüksək qiymətləndirilən Azərbaycan müstəqil siyasətini zamanın dəyişən tələblərinə və yeni çağırışlara uyğun qurur. Dövlət başçısı bu barədə deyib: "İqtisadiyyatın şaxələndirilməsi bizim əsas məqsədimizdir. Düşünürəm ki, biz bu istiqamətdə yaxşı uğurlar əldə etmişik".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bir sabitlik adasıdır. Ölkəmizdə istər sosial, istər iqtisadi, istərsə də ictimai sabitliyin qorunmasında müsbət irəliləyişlər davam edir. İqtisadiyyat öz yüksəliş dövrünü yaşayır və onun şaxələndirilməsi iqtisadi inkişaf siyasətinin əsas xüsusiyyətlərindən biridir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas prioritetdir. Uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlılığının güclənməsini müasir sosial-iqtisadi infrastruktur quruculuğunun sürətlənməsini, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini, xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin edir. Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də də qeyd edildiyi kimi, iqtisadi artım qabaqcıl və effektiv təşəbbüslərə söykənməli, dövlət və özəl qurumlar arasında əməkdaşlıq gücləndirilməli, yenilikçilik ruhuna malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sahənin payı artırılmalıdır. Dövlət başçısı şaxələndirilmənin milli iqtisadiyyat qarşısında əsas çağırış olaraq qoymuş və bu istiqamətdə görülən işlər nəticəsində ötən 20 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4, dövlət büdcəsinin xərcləri 30 dəfə artmışdır. 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8, o cümlədən ixrac 16,1 dəfə artıb. Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişaf təmin olunmuşdur. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçmişdir. Bu dövr ərzində sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çox olmuşdur.

Ötən dövrdə qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, innovativ və yüksək texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, bu sahədə sahibkarlığı dəstəkləmək və istehsal sahəsində məşğulluğu artırmaq məqsədilə ölkədə yüzlərlə istehsal və emal müəssisələri, iri sənaye mərkəzləri, sənaye parkları və məhəllələri yaradılmışdır. Milli sosial rifah səviyyəsinin davamlı artırılması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmin olunması ölkəmizin inkişafının ideoloji özəyini təşkil edir. 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsini şərtləndirən amillər sırasında ölkəmizin güclü iqtisadi potensialı xüsusi yer tutur. Respublikamız məhz getdikcə artan iqtisadi-maliyyə imkanlarından bəhrələnməklə güclü ordu yaratmağa, Silahlı Qüvvələrimizi müasir döyüş texnikası ilə təchiz etməyə nail oldu. Güclü Ordumuz isə Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək düşməni kapitulyasiyaya uğratdı və ərazi bütövlüyümüzü tam təmin etdi. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu həm də regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsində Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.

Bugünkü Azərbaycan reallıqları deməyə əsas verir ki, sabitlik, təhlükəsizlik və inkişaf 20 illik tariximizi xarakterizə edən əsas amillərdir. Məhz bu uğurlu göstəricilər Prezident İlham Əliyevin "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah" konsepsiyası ilə Azərbaycanı dünyada inkişaf etməkdə olan ölkələr sırasına daxil edib. Ölkəmiz dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Nəhəng neft-qaz layihələrinin reallaşdırılması göstərir ki, bütün öhdəliklər uğurla yerinə yetirilir. Hər bir çağırışı sülhə, sabitliyə, təhlükəsizliyin təminatına yönələn Azərbaycan həm də Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazla münasibətlərində birləşdirici rol oynayır. Respublikamız artıq beynəlxalq aləmdə iqtisadi, siyasi, mədəni, humanitar, diplomatik mərkəz kimi böyük nüfuz qazanıb. İnvestisiya cəlbediciliyini qoruyan ölkəmizin iqtisadi inkişaf modeli beynəlxalq səviyyədə təqdir edilir.

Müasir dövrdə azad iqtisadi zonalar xarici ticarət strategiyasının vacib halqalarından birini təşkil edir. Belə ki, azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı, ixrac səbətinin həm çeşidini, həm də coğrafiyasını genişləndirməyə şərait yaradır. Bu da birbaşa və dolayısı ilə valyuta daxilolmalarının artmasına, müasir texnologiyalara çıxış imkanına pozitiv təsir göstərir ki, son nəticədə milli iqtisadiyyat dayanıqlı inkişaf edir və dünya bazarına daha səmərəli inteqrasiya olunur.

Azərbaycanda Prezident İlham Əliyevin "Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" 2020-ci il 22 may tarixli Fərmanı ilə Ələt Azad İqtisadi Zonası yaradılmışdır. 2023-cü il iyunun 8-də Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılışı mərasimində Prezident İlham Əliyev iştirak edib və iqtisadi zonanın yaradılması ideyası, səbəbləri və ölkə iqtisadiyyatına verəcəyi müsbət nəticələrə toxunaraq: "Azad İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir" - deyə bildirmişdir. Ələt Azad İqtisadi Zonası Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və qlobal nəqliyyat dəhlizlərinin (Orta Dəhliz və Şimal-Cənub dəhlizi) üzərində yerləşir və investorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət və hər hansı digər korporativ vergidən azaddır.

Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar baş verir. Ölkəmizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətimizin, xalqımızın böyük nailiyyəti və uğurudur. Hazırda həyata keçirilən islahatlar belə deməyə əsas verir ki, bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatı neft sektorundan asılılığı minimum dərəcədə olan dövlətlər sırasında olacaqdır və ölkəmiz bu yolda daha inamla irəliləməyi və yeni dövrün islahatlarını maksimum qısa zaman kəsiyində başa vurmağı hədəfləyir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən Dövlət proqramları və makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatını daha da gücləndirir. Sosial-iqtisadi inkişafda əldə edilən böyük nailiyyətlər, islahatların düşünülmüş şəkildə aparılması, onun müasirləşməsi sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşma zəminində baş verir. Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkəyə çevriləcək və digər ölkələrə nümunə olacaqdır. Mən Azərbaycanı belə görmək istəyirəm".

Mustafa KAMAL,

"Respublika".