HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINDA ROLU
Siyasət

HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINDA ROLU

Azərbaycan və Türk dövlətləri və xalqlarının əlaqələrinin tarixi qədimdir. Azərbaycan Respublikası əhalisinin təxminən 80-90 faizini təşkil edən türklər Qafqaz regionunda qədim və zəngin tarixə malik aborigen xalqdır. Türkiyə əhalisinin də vaxtilə Orta Asiya və Qafqazlardan, xüsusilə Azərbaycandan köç etmiş əhali olduğu məlumdur. Bunu dil, din eyniliyi ilə bərabər, məişət mədəniyyətində bu gün də öz əlamət və xüsusiyyətlərini, eynilik və oxşarlıqlarını saxlayan bağlar təsdiq etməkdədir.

Rusiya işğallarından sonra bu bağlılıq kəsilmiş, münasibətlər pozulmuşdur. Əvvəl çar Rusiyasının, sonra sovet Rusiyasının təsiri altında olan Azərbaycan Türkiyə ilə, hətta bir-birinə düşmən olan düşərgələrdə yer almışlar.

Tarixdə hər iki xalqın qarşılıqlı münasibətlərinin formalaşmasını əks etdirən müsbət nümunələr çoxdur. Osmanlı dövründə Türkiyənin taleyinin həll olunduğu bir məqamda - XX əsrin əvvəllərində Çanaqqala döyüşü zamanı Azərbaycandan qardaşlıq köməyinə gedən azərbaycanlıların, Nuru paşanın Azərbaycanda ermənilərin törətdiyi qırğın və soyqırımı zamanı göstərdiyi qardaşlıq yardımı da tarixi ənənələrin davamı kimi xatırlanır.

Müstəqilliyinin bərpa edilməsi ilə Azərbaycanın, türk dövlətləri ilə əlaqələri yenidən qurulmağa başladı. Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan Türkiyə Cümhuriyyəti ilə münasibətlərin inkişafı daha intensiv xarakter aldı. İlk dövrlərdə müəyyən səbəblərdən gərgin anlar yaşayan hər iki dövlət bütün çətinlikləri arxada qoyaraq qarşılıqlı münasibətləri düzgün məcraya yönəltdilər. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan dövlətinin Türkiyə Cümhuriyyəti ilə münasibətləri mütərəqqi yolla inkişaf etdi. Qarşılıqlı hörmətə, qardaşlığa əsaslanan bu münasibətlər hər iki dövlətin - inkişaf etmiş Türkiyə Cümhuriyyətinin və yeni müstəqilliyini qazanmış Azərbaycan Respublikasının mənafeyinə xidmət etdi.

Region dövlətləri içərisində Azərbaycan Respublikasına daha isti münasibət bəsləyən Türkiyə Cümhuriyyəti ilə bərabər, ona qısqanclıqla yanaşan və hətta düşmənçilik mövqeyində duran dövlətlərin neqativ təsirlərinin baş verdiyi bir zamanda Azərbaycan-Türkiyə münasibətlərinə böyük ehtiyac duyulurdu. Bu münasibətlər, ilk növbədə qədim köklərlə bağlı idi. Bu bağlılıq Rusiya və İran imperiyalarının işğalçılıq niyyətləri nəticəsində pozulmuş, hətta SSRİ-nin mövcudluğu şəraitində düşmən tərəflər mövqeyində qalmışdır. Yeni münasibətlərin qurulması qardaş xalqlar - bütün türk cümhuriyyətləri qarşısında perspektivlər açdı. Bu münasibətlər, sovetlər birliyi zamanı Şimali Qafqazın, Orta Asiya və Qazaxıstanın türk respublikaları ilə yeni, qarşılıqlı münasibətilərin qurulması ilə bərabər, xəyallarda yaşananların həqiqətə çevrilməsi - Azərbaycan-Türkiyə əlaqələrinin yaranması ilə yeni vüsət aldı.

Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə müstəqilliyin möhkəmlənməsi istiqamətində aparılan xarici və daxili siyasət kursunda başlıca rol oynayan dövlətlərarası münasibətlərdə Azərbaycan Respublikasının da mövqe tutması onun gələcəyinə yönəlmiş inamları stimullaşdırdı. Bu münasibətlərin əsasını təşkil edən və daha etibarlı olan Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf yönümlü olması təqdirəlayiq hal kimi daha çox diqqəti cəlb etdi. Bu əlaqələr hərtərəfli - siyasi, iqtisadi, mədəni aspektlərdə quruldu. Bu sahələr üzrə aparılan siyasət hər iki dövlətin mənafeyinə xidmət etdi.

Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə münasibətində qarşılıqlı və isti münasibətlərin yaranacağına inamı ondan irəli gəlirdi ki, ümumi kökə - türkçülüyə bağlı olan münasibətlərlə bərabər, XX əsrin əvvəllərində Azərbaycan-Türkiyə əlaqələrinin sıx olmasına şahidlik edən çox sayda görüşlər, çıxışlar, qarşılıqlı yardımlar, təəssübkeşlik, qardaşlıq və s. münasibətlər bir daha canlandı. Müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikasını tanıyan ilk dövlətin Türkiyə Cümhuriyyəti olması bu münasibətləri daha da dərinləşdirdi. Dünya siyasətinin dahilərindən olan Heydər Əliyev Türkiyə Cümhuriyyəti ilə bütün istiqamətlərdə danışıqlar apardı, siyasi əlaqələrin möhkəmlənməsinə maraq göstərdi və bu sahədə fəal işə başladı: müqavilələr, sazişlər bağlandı, bəyanatlar qəbul edildi.

Heydər Əliyevin Azərbaycan Respublikasının dövlət başçısı kimi 1993-cü il 28 oktyabr tarixində Türkiyə dövlətinə ilk səmimi münasibəti Türkiyə Cümhuriyyətinin Respublika elan edilməsinin 70 illiyi münasibətilə Türkiyə xalqına Azərbaycan xalqı və şəxsən öz adından təbrik ünvanlaması ilə başlandı. Təsadüfi deyildir ki, ulu öndər Azərbaycanla Türkiyəni "Bir millət, iki dövlət" adlandırmışdır.

Heydər Əliyevin "ölkələrimiz arasında dostluq və sıx əməkdaşlıq əlaqələri xalqlarımızın tərəqqisi işinə xidmət edəcək, onların hər ikisi üçün faydalı olacaqdır" fikirləri sonrakı dövrdə öz təsdiqini tapdı.

Heydər Əliyev Türkiyə Cümhuriyyəti ilə iqtisadi əlaqələrin qurulması və inkişafı üçün təşəbbüslər göstərdi. İqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi hər iki dövlətə böyük faydalar gətirdi. Ulu öndər Türkiyə Cümhuriyyəti ilə xüsusi əhəmiyyət kəsb edən sahələrdə əlaqələri genişləndirmək üçün müdrik və əhəmiyyətli məsləhətlər verdi. Mədəniyyətin bütün sahələrində qarşılıqlı əlaqələr yarandı. Bütün bunlar Azərbaycan Respublikasının dövlət quruculuğuna, ərazi bütövlüyünün bərpa olunmasına da müsbət təsir etdi.   

Ulu öndər vurğulayırdı: "...təəssüflər olsun ki, bəzi qüvvələr Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinə, xalqlarımız arasındakı mehriban və səmimi əlaqələrə öz şəxsi məqsədləri üçün müəyyən qədər zərər vurmağa çalışır və cürbəcür şayiələrlə, müxtəlif böhtanlarla bu əlaqələri ləkələməyə can atırlar.

Türkiyə Azərbaycan üçün ən yaxın, qardaş və dost ölkədir. Xalqlarımız arasında böyük tarixə malik dostluq, qardaşlıq əlaqələri var. Son illər Azərbaycan müstəqillik əldə etdikdən sonra bu əlaqələr daha da möhkəmlənmişdir. Lakin görüləsi işlər də çoxdur...".

Heydər Əliyev Ankaradakı "Anıtkabır" məqbərəsində Türkiyə Cümhuriyyətinin banisi, görkəmli siyasi və ictimai xadim Mustafa Kamal Atatürkün məzarını ziyarət etdikdən sonra xatirə kitabına yazdığı "Türk dünyasının əvəzsiz şəxsiyyəti, böyük öndər, dahi Mustafa Kamal Atatürkün məzarı önündə, onun ruhu qarşısında hörmətlə baş əyirəm, ona Azərbaycan xalqının hədsiz məhəbbət və ehtiramını ifadə edirəm.

Unudulmaz Atatürkün müqəddəs adı, solmayan siması min illərdən gələn Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının gələcək yoluna parlaq işıq saçır" ürək sözləri Türkiyə Cümhuriyyətinin yaranmasına, inkişafına, uğurlarına istək, hörmət hisslərindən irəli gəlmişdir.

Heydər Əliyev 1994-cü il 10 fevral tarixində İstanbulda mətbuat mərkəzində jurnalistlər və kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransında bəyanatında demişdir: "Səfərin məqsədi Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da genişləndirmək və inkişaf etdirməkdir. Bildiyiniz kimi, son illərdə bu əlaqələr sürətlə inkişaf etmişdir. Türkiyə Azərbaycanın istiqlaliyyətini dünyada tanıyan ilk dövlətdir. Türk xalqı ilə Azərbaycan xalqının tarixində, milli ənənələrində, mədəniyyətində çox oxşarlıq var. Dəfələrlə demişik və bu gün də qeyd edə bilərəm ki, hətta biz bir kökdən gələn xalqlarıq. Ona görə də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin sıx olması təbii bir haldır. Ancaq biz daim bu əlaqələri daha da inkişaf etdirməyə çalışırıq".

Heydər Əliyevin Türkiyə ilə bir çox mühüm müqavilələr, sazişlər imzalaması və bunların həyata keçirilməsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etməsini xüsusi vurğulamaq lazımdır.

1994-cü il 18 oktyabr tarixində Heydər Əliyev Türk dövlətləri başçılarının 2-ci zirvə toplantısında qəbul edilmiş "İstanbul bəyannaməsi"nin imzalanma mərasimində iştirak etmişdi.

Ulu öndər mərasimdəki çıxışında xalqlarımızın tarixi bağlarının mövcudluğunun əhəmiyyətini xatırlatmaqla yanaşı, bu imkanlardan səmərəli istifadə edilməsini də tövsiyə edirdi. Heydər Əliyev həm iqtisadi, həm ticarət, həm də elmi, mədəni, təhsil sahəsində əlaqələrimizin genişlənəcəyinə inanır, bunun üçün yeni əsas yarandığını bildirirdi.

1994-cü il 29 oktyabr tarixində Bakının Gülüstan sarayında Türkiyə Respublikasının istiqlaliyyət qazanmasının 71-ci ildönümü münasibətilə keçirilən tədbirdə Heydər Əliyev demişdi ki, bu, Türkiyə xalqının, eyni zamanda Azərbaycan xalqının bayramıdır.

Tədqiqatlar göstərir ki, istər keçən əsrin son illərində, istərsə də əsrin əvvəllərində Azərbaycan ilə Türkiyə arasında münasibətlər mütərəqqi istiqamətdə inkişaf etmişdir. Ulu öndərin xüsusi diqqət yetirdiyi qarşılıqlı əlaqə və müsbət münasibətlərin inkişafına görə Heydər Əliyev dəfələrlə Türkiyə Cümhuriyyəti tərəfindən yüksək adlara, dəyərli mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə vurğuladığı "Türkiyə haradadırsa Azərbaycan onun yanındadır, Azərbaycan haradadırsa Türkiyə onun yanındadır" fikri Azərbaycan-Türkiyə münasibətlərinin müsbət ənənələr üzərində davam etdiyini göstərir. Son dövrdə regionda baş verən hadisələrin, xüsusilə keçmiş Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin həllində Türkiyə Cümhuriyyətinin, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının mənəvi qardaşlıq dəstəyinin dövlətlərimiz arasındakı münasibətlərin mütərəqqi mahiyyətini açıb göstərməyə kifayət edər.

Qasım HACIYEV,

AMEA Qafqazşünaslıq İnstitutu,

Qafqaz tarixi şöbəsinin müdiri,

tarix üzrə elmlər doktoru.