Günahsız daş heykəllər
Siyasət

Günahsız daş heykəllər

Makron ermənilərlə "həmrəng" olmasa da, həmxasiyyət olduğunu bir daha təsdiqlədi

"Atı atın yanına bağlarsan, həmrəng olmasa da, həmxasiyyət olar". Məşhur atalar sözündə belə deyilir. At gözəl heyvandır, arzudur, muraddır. Bu səbəbdən indi aparacağım bənzətmə bəlkə kimlərisə məyus edə bilər, lakin başqa bir formada paralellər etmək ağlıma gəlmədi. Deyirəm, atalarımız necə də hikmətli fikirlər söyləyiblər, dünya durduqca yaşayır. Atalarımızın atla bağlı sözləri isə elə bil bu günümüz, yəni bəzi dövlətlər üçün deyilib...

Şuşa işğaldan azad edildikdən sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verildi. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilmişdi. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də onların arasında idi.

Düşmən bu büstləri güllələmiş, sonra da oğurlamışdı. Əlbəttə, saxlamaq üçün deyil, əridib metal kimi istifadə etmək üçün. Lakin ulu öndər hakimiyyətə qayıtdıqdan sonra büstlərin qaytarılmasına nail olmuşdu. Uzun illər Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan o tarixi abidələr yenidən Şuşaya əvvəlki yerlərinə qaytarılıb. Xan qızı Natəvanın güllələnmiş büstü də... Adamın lap matı-qutu quruyur, nifrətin dərəcəsinə baxın. İnsanlığa sığmır. Düşünürsən, axı, o dilsiz-ağızsız daş parçaları erməniyə nə etmişdi ki? Heç nə. Sadəcə, onlar Azərbaycana məxsus idi. Bu torpağın yetirmələri, milli mədəniyyətimizin layiqli nümayəndələri, Şuşanın görkəmli şəxsiyyətləri idilər. Ermənilər Xurşidbanu Natəvanın büstünü də elə qısqanclıqdan o hala salmışdılar, çünki tariximizi yaxşı bilirdilər. Bilirdilər ki, əsl Azərbaycan qadınının simvolu olan bu şairə xanım vaxtilə bir fransızı mat qoymuşdu. Elə sözün həqiqi mənasında...

Tarixdən bəllidir ki, "Üç muşketyor" və "Qraf Monte Kristo" kimi klassik əsərlər müəllifi olan məşhur fransız yazıçısı Aleksandr Düma 1858-ci ilin ortalarından 1859-cu ilin əvvəllərinə kimi Rusiya və Qafqazda olub. Qafqaza səfəri çərçivəsində Azərbaycana da səyahət edib. 1859-cu ilin aprel ayında isə A.Dümanın 3 cilddən ibarət "Qafqaz səyahətinin təəssüratları" əsəri Parisdə çap olunub. Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan A.Düma orada Qarabağ xanının qızı, məşhur şairə Xurşidbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur, onların arasında səmimi dostluq münasibətləri yaranır. Fransız yazıçısı Düma Azərbaycan şairəsi Natəvanla şahmat oynayır. Oyunun nəticəsi isə çox yaddaqalan olur. Belə ki, Natəvan Dümanı mat edir. Şairə xanım Dümaya qalib gələrkən ondan yaşca xeyli kiçik idi. Xan qızının cəmi 26, Dümanın isə 56 yaşı vardı. Onu da qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı il fevralın 18-də Belçika Krallığının Vaterlo şəhərində də görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılışı olub və abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat da verilib.

Özlərini mədəni xalq adlandıran fransızların Xan qızı Natəvanın Fransanın Evian-lö Bən şəhərində qoyulmuş abidəsinin götürülməsi üçün qurduqları ssenari elə ermənilərin "büstlərin gülləbaranı" səhnəsi ilə eyni mahiyyəti daşıyır. Məqsəd şairənin abidəsini hansı yolla olursa-olsun oradan götürmək olub. Bunun üçün çıxış yolunu heykəli ciddi şəkildə zədələməkdə görüblər. Gerisi isə bəllidir. Zədələnmiş heykəli restavrasiya adı ilə götürmək və bir daha geriyə qaytarmamaq. Onu da deyək ki, şəhər meri heykəlin sökülməsi barədə qərar da qəbul edib.

Zavallı Makron necə də erməni qardaşlarına bənzəyir. Son illər Ermənistan və Fransa liderləri bir-birilərinə o qədər bağlanıblar ki, lap həmxasiyyət olublar. Əminəm ki, bu "siyasətçilər" heç öz tarixlərini də yaxşı bilmirlər. Bilsəydi Makron keçmiş Fransa prezidenti Şarl de Qollun Azərbaycana qarşı münasibətindən azacıq da olsa nümunə götürərdi.

İkinci Dünya müharibəsinin veteranı olan Şarl de Qoll o qanlı-qadalı illərdə azərbaycanlı Əhmədiyyə Cəbrayılovla yaxınlıq etmiş və müharibədən sonra da o hadisəni unutmamışdı. Hələ SSRİ dövründə Moskvaya rəsmi səfərə gələn Fransa prezidenti səfər çərçivəsində Şəkiyə getmək, köhnə cəbhədaşı Əhmədiyyə Cəbrayılovla görüşmək istəmişdi. Təbii ki, o dönəmdə SSRİ rəhbərliyi buna şərait yaratmış, bu iki köhnə cəbhə dostunu Kremldə görüşdürmüşdü. Həmin hadisədən sonra şəkililər həmyerliləri Əhmədiyyə Cəbrayılovu de Qol Əhmədiyyə deyə çağırmağa başlamışdılar.

Fransa uğrunda fransızlarla birgə Hitler faşizminə qarşı döyüşən, Parisin azad edilməsində iştirak edən Əhmədiyyə Cəbrayılova Fransanın Milli Qəhrəmanı adı verilmiş, o, "Fəxri legion" ordeni ilə təltif edilmişdi. 1986-cı ildə Azərbaycanın bu cəsur oğlu 5 fransız mükafatına layiq görülmüşdü. Şarl de Qoll Armed Mişel adlandırdığı Əhmədiyyəyə Fransada qalıb yaşamağı, Amerika səfirliyi isə ona ABŞ vətəndaşı olmağı təklif etmiş, lakin həmyerlimiz bu təklifləri qəbul etməmişdi. Təəssüf ki, SSRİ-yə qayıdan Əhmədiyyə Cəbrayılovu vətən xaini kimi qəbul etmiş və mükafatlarının bir hissəsini də əlindən almışdılar. Şarl de Qoll sovet rəhbərlərinin iştirakı ilə keçən məclislərin birində azərbaycanlıların şərəfinə badə qaldırmış və sağlıq söyləyərkən demişdi ki, partizanlıq etdikləri vaxt Əhmədiyyə ilə barmaqlarını çərtərək qədim əyyamların adət-ənənələrinə uyğun olaraq qanlarını birləşdirib qan qardaşı olublar. Əhd-peyman bağlayıblar ki, heç bir zaman bir-birilərini unutmayacaqlar. Çıxışının sonunda isə hamını riqqətə gətirəcək bir söz də demişdi: "Mən bu Azərbaycan oğluna görə, SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim". Doğrudan da bu xalqımıza verilən böyük dəyər idi.

Makron isə Fransa Respublikasının qurulmasında böyük xidmətləri olan, ona uğurla rəhbərlik edən Şarl de Qolldan fərqli olaraq onun böyük dəyər verdiyi bir xalqın nümayəndəsinin ölkəsində heykəlinin ucaldılmasını istəmir, bu xalqın şərəfinə salınmış parkdakı milli simvolların, yazıların belə qalmasına izin vermir. Paradoksdur deyilmi?..

Beləliklə, Xan qızının heykəlinin götürülməsi barədə qərarın verilməsi bizi məyus etsə də, Fransanın iç üzünün açılmasına vəsilə olacaq. Süfrəsinin başında yer verib, torpağında dövlət qurduran Azərbaycanın bu yaxşılığına qarşı ona xəyanət edən, soyqırımı törədən ermənilər Makronu özlərindən betər yaxşıca erməniləşdiriblər. Cənab Makron, yaxşı deyiblər ki, ziyanın yarısından qayıtmaqda da fayda var. Bir də onu bilin ki, bu xalqın dünyanı mat qoyan övladları çoxdur və bir gün sənin özünü də mat edəcək...

Zümrüd QURBANQIZI,

"Respublika".