Haqq həmişə qalib gəlir
Digər xəbərlər

Haqq həmişə qalib gəlir

Xalqımızın böyük qələbə qazandığı 44 günlük Vətən müharibəsindən üç il keçir. Üç il əvvəl imzalanmış üçtərəfli Bəyanata əsasən Ermənistan Azərbaycan ərazilərindən bütün silahlı qüvvələrini çıxarmalı idi.

Bədnam qonşularımız nəinki buna əməl etmədi, əksinə, qanunsuz olaraq müxtəlif yollarla Azərbaycan ərazisinə silah daşıdı. Ermənistan ordusuna məxsus 100-dən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, 200-dən artıq top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular, radioelektron mübarizə vasitələrini Qarabağ iqtisadi rayonunda yerləşdirdi.

Xankəndidə yuva salmış erməni separatçıları son vaxtlar əndazəni aşaraq yerli əhaliyə göndərilən humanitar yardımı siyasiləşdirdilər, qondarma "prezident seçkiləri" keçirdilər.

Sentyabrın 19-da Xocavənd rayonunun Tağaverd yaşayış məntəqəsinin ərazisindəki tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minanın partlaması nəticəsində  Azərbaycan Daxili İşlər Nazirliyinin polis əməkdaşları və mülki şəxslər həyatlarını itirdilər.

Elə həmin gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırdığı minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi də sıradan çıxdı və mülki şəxslər həlak oldular.

Bütün bunlar Ermənistan tərəfindən bilərəkdən, məqsədyönlü və planlı şəkildə həyata keçirilirdi. Azərbaycan dəfələrlə xəbərdarlıq edib bildirmişdi ki, Qarabağ bölgəsində Ermənistan hərbi birləşmələrinin mövcudluğu regionda sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Lakin işğalçı dövlət bundan nəticə çıxarmayaraq terror, vandalizm siyasətindən əl çəkmədi.

Davamlı erməni təxribatlarının qarşısını almaq, Azərbaycanın Konstitusiya quruluşunu bərpa etmək məqsədilə ordumuz tərəfindən lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Cəmi 24 saat ərzində Ermənistan silahlı birləşmələrinin 60-dan çox döyüş mövqeyi nəzarətimizə keçdi. Düşmənin hərbi birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6  "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi.

Ən yeni, müasir silahlara malik Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində mülki Qarabağ ermənilərinə heç bir zərər yetirilmədi, hədəf yalnız separatçıların, terrorçuların hərbi obyektləri oldu.

Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində vəziyyəti müdrikcəsinə təhlil edərək dedi: "Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Dünən təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir…

Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır".

Qarabağ iqtisadi rayonunda yaşamaq istəyən ermənilərin artıq bir yolu qalıb: Azərbaycanın qanunlarına tabe olmaq.

Sentyabrın 21-də artıq bu istiqamətdə ilk addım atıldı. Azərbaycanın  mərkəzi hakimiyyətinin dəvəti ilə Yevlax şəhərində Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirildi.

Yaranmış vəziyyət yeni reallıqlar vəd edir. Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlığı üçün yeni perspektivlər açılır. Lakin cənab Prezidentin dediyi kimi, "bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!".     

Vidadi NƏZƏROV,

Masallı Dövlət Regional

Kollecin direktoru,

“Tərəqqi” medallı.