Hayastanda daxili kollaps: kilsə “hipnozu
Siyasət

Hayastanda daxili kollaps: kilsə “hipnozu", Serjikin “əcəl tərləri"

Hayastanda radikal müxalifət ölkədə stabilliyin yaranmasına əngəl törədir. Azərbaycan ilə Ermənistan arasında baş tutan danışıqların müsbət fonda davam etməsi ölkə daxilindəki bu qüvvələrin yersiz qıcığına səbəb olur.

Siyasi münasibətlərdə gərginliyin aradan qalxmasına hər vəchlə əngəl olmağa çalışanların gözü hakimiyyət "kreslo"suna dikildiyindən yerli əhalinin təhlükəsizliyi və gələcəyi ilə bağlı planların müzakirəsi demək olar ki, gündəmdə deyil. Düz iki dəfə kapitulyasiya aktına imza atmış Ermənistanda daxili kollapsın dərinləşməsinə baxmayaraq, ölkə müxalifəti normallaşma prosesində Nikol Paşinyanı "günah keçisi"nə çevirib.

Artıq uzun müddətdir kilsənin çağırışları fonunda ölkə əhalisi İrəvanın mərkəzi küçələrinə axışaraq etiraz aksiyaları keçirir. Tamamilə keşişin "hipnoz"u altında hərəkət edən iştirakçılar Ermənistanın sülh yolunda addımlamasının qarşısını almağa çalışırlar. Yeri gəlmişkən, 9-23 may mitinqləri və digər yürüşlərdən sonra radikallar yenidən "görüş" vaxtı təyin ediblər. Mayın 26-da saat 16:00-da Respublika meydanında keçirilməsi nəzərdə tutulan mitinqin bir çox məsələlərə aydınlıq gətiriləcəyi gözlənilir. Analitiklər bildirirlər ki, sözügedən mitinq müxalifət və hakimiyyət qüvvələrinin güc sərgisinə çevrilə bilər.

Hadisələrin axarına nəzər salsaq görərik ki, qərbə meyillənmələr fonunda Ermənistan daxilində qarşıdurmalar özünü göstərdi. Nəticədə ölkədəki müxalif qüvvələr baş nazirin siyasi çəkisizliyindən faydalanaraq ölkədə iğtişaşları alovlandırdılar. Məlumdur ki, Ermənistan hakimiyyətinin kilsə ilə münasibətləri əzəldən yox səviyyəsindədir. Məhz hadisələrin bu məcrada inkişafı kilsə lideri - Baqrat Qalstanyanın hərəkətə keçməsinə şərait yaratdı. Baqratın qatı antitürk, fanatik, əliqanlı cinayətkarlardan biri olduğunu regionda bilməyən yoxdur. Bütün bunlara rəğmən, məğlubiyyəti hələ də həzm edə bilməyən haylar üçün revanşizm alovunu yenidən qızışdıran kilsə daha pikant görünür. Bu səbəbdən iğtişaşların miqyası getdikcə böyüyür, sülh prosesinə töhfə verməyə çalışan Paşinyan rejiminə qarşı nifrət artır. Sual olunur: Bəs Baqrat hakimiyyətə qarşı necə bu qədər güc toplamağa nail olub? O, siyasi qüvvələrin nümayəndələri, mədəniyyət xadimləri, hüquqşünaslar və ehtiyatda olan hərbi qulluqçularla məsləhətləşmələr aparır, gələcək planları müzakirə edir. Bu barədə Ermənistan mediasında məlumat yer alıb. Qeyd edək ki, Baqrat mayın 23-də bir qrup iqtisadçı və təhsil sahəsinin nümayəndələri ilə də görüşüb. O, görüşlər barədə hər axşam İrəvanın mərkəzində yerləşən Müqəddəs Anna kilsəsinin həyətində tərəfdarlarına məlumat verir. Bütün bunlarla yanaşı, Baqrat ölkədaxili destabilliyi artırmaq üçün hətta ictimai şəxslərlə, mədəniyyət xadimləri və kriminal avtoritet Don Pipo ilə də danışıqlara gedir. Göründüyü kimi, bu qəbildən atılan addımlar xalqın "gözünü boyamağa" hesablanıb. Hətta müğənni spitaklı Haykonun oğlunu da mitinqlərə cəlb edən keşiş keçmiş hakimiyyət üzvlərinin də "gücünü" öz əlində cəmləməyə çalışır. Cəmiyyətlə əlaqəsi sıx olan şəxslərin mitinqlərə, hakimiyyət əleyhinə iğtişaşlara cəlb edilməsi bu məqsədə xidmət edir. Artıq qarşıdurmaların lokal çərçivədən çıxdığı müşahidə edilir. Belə ki, sonuncu mitinqdə İrəvan küçələrində Rusiyadan gətirilən ermənilər də görünüb.

Qərəzli qüvvələr hakimiyyət arzularını nə qədər gizlətməyə çalışsalar da bu, olduqca ironik səslənir. "Hraparak" qəzeti yazır ki, müxalif siyasi qüvvələr arasında B.Qalstanyanın baş nazirliyə namizədliyinin irəli sürülməsi ilə bağlı razılaşma əldə edildiyinə dair söz-söhbətlər dolaşır. Nəşr bildirib ki, guya Baqratın ehtimal edilən hakimiyyət dəyişikliyində müvəqqəti də olsa, baş nazir olmaq və gələcək seçkilərdə namizədliyini irəli sürmək istəmir. Yəni Baqrat siyasi hiyləgərlikdən istifadə etməklə təkidlərin nəticəsi olaraq namizədliyini irəli sürəcək. Əlbəttə, bu tip ucuz həmlələr sadəcə yerli əhaliyə təsir edə bilər. Qeyd edək ki, kilsənin hakimiyyət planına paralel olaraq Ermənistanın ikinci və üçüncü prezidentləri də kilsəni və onun hərəkatını dəstəkləyirlər. Robert Köçəryan və Serjik Sarkisyan kimi yaramazlar bu gün fürsətdən istifadə etmək üçün ayağa qalxıblar. Şübhəsiz, bütün bunlar labüd sondan qaçmaq üçün atılan addımlardır.

Məlumdur ki, rəsmi Bakı və İrəvan arasında vasitəçisiz danışıqlar müsbət inkişaf edir. Xüsusilə, 4 kəndimizə nəzarəti artıq ələ almışıq. Bununla yanaşı, delimitasiya və demarkasiya prosesi davam edir. Bir neçə aydır ki, Paşinyan hakimiyyəti sözügedən proses üçün erməni xalqı ilə danışıqlar aparır. Yəni bütün bunlar sülhü daha da yaxınlaşdırır. Məhz Serjik və Köçəryan üçün əsaslı "təhdid" bundan sonra başlayır. Hadisələrin bu cür inkişafı sülh müqaviləsindən sonra Azərbaycana qarşı müxtəlif hərbi cinayətlər törətmiş Köçəryan və Serjik barədə cinayət işinin başladılması, hətta onların Bakıya ekstradisiya edilməsi ilə nəticələnə bilər. Necə deyərlər, "qorxunun əcələ faydası yoxdur". Arayik Harutyunyan, Bako Saakyan və Arkadi Qukasyan kimi əliqanlı qatillərin qüdrətli Azərbaycan dövləti tərəfindən cəzalandırılması görünür, qaçıb gizlənən digər yaramazları təşvişə salıb. Məhz bu səbəbdən, kilsə ilə müxalifətin "möhkəm" tellərlə bağlılığı müşahidə olunur. Qarabağdakı separatizm hərəkatının və Xocalı soyqırımının iştirakçısı, əli dinc soydaşlarımızın qanına bulaşan Serjik bu gün "əcəl tərləri" tökür. Qorxaq keçmiş prezident jurnalistlərə açıqlamasında kilsənin ətəyinə sığındığını bir növ təsdiq edib. Bildirib ki, Baqratı və onun təklif edəcəyi namizədi tam dəstəkləyir. Bu isə o deməkdir ki, Qalstanyan 1 il müddətinə müvəqqəti hökumətə rəhbərlik edəcək, sonra isə sükanı bütün tərəflərin razılaşdığı şəxsə ötürəcək. Əslində, bir müddət əvvəl də vahid namizədlə bağlı tərəfdarların ciddi problemi var idi. Müxtəlif açıqlamalar da sübut edir ki, hazırda problem davam edir və tərəflər vahid namizəd məsələsində ortaq fikrə gələ bilmirlər. Təsadüfi deyil ki, erməni keşiş də məsələ ilə bağlı açıqlama verəndə, bir illik müvəqqəti hökumətdən sonra yenidən bu posta seçilə biləcəyinə işarə etmişdi.

Daxili çəkişmələr kilsənin qələbəsi ilə başa çatarsa Ermənistanda revanşizm dalğası daha da böyüyəcək. Regionda sabitliyin əldə olunması hələ bundan sonra da uzana bilər. Bunun üçün təkcə kilsə və Serjik kimilərinin səsləndirdiyi fikirlərə nəzər salmaq kifayət edir. Onlar bu gün demarkasiya prosesinə birmənalı olaraq müsbət baxmırlar. Bu addımı növbəti məğlubiyyət kimi qiymətləndirir və prosesin baştutma metodunu kəskin şəkildə qınayırlar. Digər tərəfdən, Serjikin arzusu sülh prosesində danışıqlara "vasitəçi"ləri yenidən cəlb etməkdir. Məhz bu yolla diplomatik masada üstünlük əldə etməyi güdürlər. Bütün bunlar azmış kimi, Suren Petrosyan sərhədlərin demarkasiya prosesi ilə bağlı ATƏT-in adını hallandırıb. 30 il heç bir işə yaramayan ATƏT keçmiş Minsk qrupunu yenidən diriltmək cəhdləri bir daha onu göstərir ki, haylar revanşizm eyforiyasına qapılaraq növbəti dəfə qəsbkarlıq siyasəti yürüdə bilərlər.

Nurlan ABDALOV,

"Respublika".