Hayastanın sülhü təhdid edən siyasəti
Siyasət

Hayastanın sülhü təhdid edən siyasəti

Ermənistanın müxalifət mediası guya Azərbaycan tərəfinin 31 dekabr 2023-cü il saat 22:00-dan 1 yanvar 2024-cü il səhərə qədər Göyçə mahalının Zod kəndi istiqamətində erməni hədəflərini atəşə tutması, əsgərlərimizin sözügedən bölgəyə daxil olması barədə xəbər yayıb.

Sözsüz ki, qarşı tərəfin bu iddiası tamamilə əsassızdır. Hətta erməni nəşrləri də müdafiə nazirliyinə sorğu göndərdiklərini, amma cavab ala bilmədiklərini qeyd edib. Daha sonra nazirliyin mətbuat xidmətinin rəhbəri Aram Torosyan yayılan məlumatın doğru olmadığını açıqlayıb.

Bununla da, informasiyanın yalan olduğu təsdiqlənib. Sülh sazişi ilə bağlı danışıqların sürətləndiyi mərhələdə belə bir gediş isə Ermənistan müxalifətinə bağlı media qurumlarının daxili auditoriyanı çaşdırmaq cəhdi və Paşinyan hakimiyyətinə qarşı demarş kimi dəyərləndirilə bilər. Yəni mümkündür ki, onlar bu iddianı gündəmə gətirməklə baş nazirin sülh danışıqları apardığı müddətdə Azərbaycan Ordusunun sərhəddə irəlilədiyi görüntüsünü yaratmağa çalışırlar. Bu kontekstdə irəli sürülən iddia daha çox Ermənistanda hakimiyyətə qarşı ittiham kimi görünür. Ermənistana havadarlıq edən böyük dövlətlərin bu istiqamətdəki fəaliyyəti uzun zamandır müşahidə olunur. Son dövrdə prosesə erməni diaspor və kilsə də qoşulub. Onlara sponsorluq edən isə Qarabağ klanı və revanşist qüvvələrdir. Ermənistan ordusunda hələ də keçmiş Qarabağ klanına bağlı beşinci kolonun nümayəndələrinin kifayət qədər güclü olduğunu nəzərə alsaq, onların məhz həmin dairələrin tapşırığı ilə sərhəddə atəşkəs rejimini pozmaq cəhdləri də istisna edilmir.

Ermənistan Xarici İşlər Nazirliyinin ötən gün sərhəddə qoşunların güzgü prinsipi əsasında çıxarılması məsələsini gündəmə gətirməsi fonunda erməni mediasında bu iddiaların tirajlanmasının digər bir səbəbi də ola bilər. Hazırda Ermənistanla sərhədin müəyyən hissəsini sərhəd qoşunları mühafizə edir. Vacib strateji əhəmiyyətli yüksəkliklər ordumuzun nəzarətindədir. Bu da beynəlxalq hüquqa əsaslanır. Sülh sazişi imzalanmadığından və sərhədlər delimitasiya olunmadığından Ermənistanın güzgü prinsipini təklif etməsi qəbuledilməzdir. Üstəlik nəzərə alsaq ki, antiterror əməliyyatlarından sonra sərhəddə tam sakitlikdir və atəşkəs pozulmur, onda xarici işlər nazirliyinin bu prinsipi gündəmə gətirməsi həm də mənasızdır. Belə olan halda mümkündür ki, İrəvan Azərbaycan Ordusunun strateji yüksəkliklərdən geri çəkilməsinə nail olmaq üçün irəli sürdüyü güzgü prinsipinə zəmin yaratmaq istəyir. Bunun üçün də belə bir iddia ilə sərhəddə gərginliyin davam etdiyini və yeganə çıxış yolunun qoşunların geri çəkilməsi olduğunu göstərir. Burada məqsəd Azərbaycanın strateji mövqelərdən geri çəkilməsi və bölgəyə nəzarət imkanlarının azaldılmasıdır.

Hansı ssenarinin reallığından asılı olmayaraq, birmənalı şəkildə deyə bilərik ki, Ermənistan bütün vasitələrlə sülh danışıqlarını uzatmağa, prosesi ləngitməyə çalışır. Lakin İrəvanın siyasi dairələri anlamalıdırlar ki, yekun razılığın əldə olunmaması, ilk növbədə, onların özü üçün təhlükələr yaradır. Əgər Paşinyan hökuməti ölkəsində sabitliyin bərqərar olmasını istəyirsə, o zaman əsassız iddiaların gündəmə gətirilməsinə mane olmalı, sülh üçün çalışmalıdır.

Jalə QASIMZADƏ,

"Respublika".