Azərbaycanın müstəqilliyinin dönüş nöqtəsi
Siyasət

Azərbaycanın müstəqilliyinin dönüş nöqtəsi

Həmin gecə şəhər qana büründü, qadın-körpə demədən məzlumlara zülm edildi, neçə evlər ağlar qaldı, o gün Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu erməni quldur dəstələri ilə birgə xalqımıza qarşı terror aktı həyata keçirdi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edildi.  Bu, xalqın tarix boyu üzləşdiyi ən amansız, ağrılı faciələrdən biri kimi yaddaşlara həkk olundu. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı artıq 100-ə çatmışdı.

Bu "qara yanvar" günü, eyni zamanda xalqın əsrlərlə davam edən azadlıq mübarizəsinin ən uca zirvələrindən birinə çevrildi. O gecə Azərbaycanın dörd bir guşəsindən sanki bir hayqırtı eşidildi: "Mən varam, yaşayıram, azadam, vətənimin heç bir parçasını da heç kimə vermərəm", - deyə bağırdı  xalqımız o gecə bütün dünyaya. Ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayət hadisəsinin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir. Qanlı Yanvar həm də Azərbaycan xalqına qarşı törədilmiş siyasi terror idi. İşğalçılıq siyasəti ilə ölkəmizin suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə bu faciəni təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökumət rəhbərliyinin, xüsusilə də Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı sui-qəsd etdiyi danılmaz faktdır.

34 il keçməsinə baxmayaraq, bu qanlı hadisənin şahidləri o günü ağrı-acı ilə yada salır. Qanlı 20 Yanvar tarixinin şahidi Vəli Xramçaylı həmin günü belə xatırlayır: Yanvarın 19-dan 20-nə keçən gecə televiziyada partlayış oldu və efiri xalqın üzünə bağladılar. Biz 20 Yanvar metrosuna gəldik. "Şamaxinka" adlandırılan əraziyə artıq güllələr atılırdı. O vaxt qızımın iki, oğlumun isə bir yaşı var idi. Evə gəldim gördüm ki, heç kim yoxdur. Sən demə qardaşım artıq günorta gəlib uşaqları öz evinə aparıb. Məhlədə hamı ayaq üstə idi".

Bu dəhşətli günün hər saniyəsini xatırlayan həmsöhbətim bildirir ki, yaralamasına baxmayaraq, həyatda qala bilib. Həmin gün qəddar düşmən əhalini gülləbaran edib, yüzlərlə həmvətənlimizi qətlə yetirmişdi. Bütün bunların şahidi olan V.Xramçaylı qeyd edir ki, yaşadıqları ərazi dörd gün mühasirədə qalıb: "Şəhərdə böyük mitinqlər gedirdi. Həmin gecə İlham şəhid oldu, həyat yoldaşı Fərizə dözmədi, intihar etdi. O Qanlı Yanvar həm də millətin şanlı tarixi idi, 40 gün yas saxlayan millət heç kimə baş əymədi. Bizi, 50 ailəni oradan köçürdülər. Rus tankları evimizi dağıtmışdı. Həmin gecə sanki dəhşətli bir kabus yaşanırdı. Ömrümün ən kədərli və faciəvi günü idi. O günləri qələmə almaq çox çətindir. Heç qələmin mürəkkəbi də kifayət etmir ki, qanlı gecəni təsvir etsin. Şəhidlərin qanı bahasına bu ölkə bir yumruq oldu və 20 Yanvar tarixi bizim azadlıq yolunda atılmış ən böyük addımlarımızdandır".

Röya RÜSTƏMLİ,

"Respublika".