Haylar
Siyasət

Haylar "dost" axtarışında

Cənubi Qafqaz regionundakı yeni reallıqları qəbul etməyən haylar özlərinə himayədarlar, müttəfiqlər axtarışından əl çəkmirlər. Bu xüsusda Ermənistanın ən çox istinad etdiyi siyasi mərkəz Fransadırsa, hərbi əməkdaşlıq baxımından Hindistan öndədir. Təsadüfi deyil ki, son illər Ermənistan ənənəvi tərəfdaşı Rusiyadan deyil, məhz Hindistandan silah alır. Davamlı olaraq, Dehlinin rəsmi xəbər portalları yeni silah-sursat əməkdaşlığının qurulacağı ilə bağlı məlumatlar yayımlayır.

Hazırda Hindistan dünya silah bazarında satıcı yox, daha çox alıcı qismində tanınır. Hətta Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bir neçə gün öncə dərc etdiyi beynəlxalq silah transferləri ilə bağlı hesabatında bildirilib ki, Hindistan xaricdən silah alışına görə dünya birincisidir. Belə ki, bu ölkənin silah idxalı 2014-2018 və 2019-2023-cü illər arasında 4,7 faiz artıb, son 20 ildə ölkə silah alınmasına 60 milyard dollardan çox vəsait xərcləyib. Odur ki, burada bir sual yaranır: Özü davamlı olaraq silah alışı həyata keçirən ölkə, necə Ermənistana "yardım", silah ixrac edə bilər? Əslində, erməni rəsmiləri özləri də etiraf edirlər ki, Hindistandan alınmış silahlar artıq bir ildir Ermənistanda olmasına baxmayaraq, onlar yararsız vəziyyətdədir.

Digər bir maraqlı məqam isə odur ki, Ermənistan Rusiyadan uzaqlaşsa da, Hindistan üçün rəsmi Moskva olduqca vacib tərəfdaşdır. Belə ki, Hindistan ordusunun silah arsenalının 65 faizini Rusiyadan alınmış silahlar təşkil edir. Hətta Hindistan hərbi sənayesinin uğuru kimi təqdim edilən "BrahMos" raketləri Rusiyanın hərbi-texniki əməkdaşlıq çərçivəsində ötürdüyü texnologiyalar əsasında hazırlanıb. Hazırda hayların Dehlidən almaq istədikləri bütün silah-sursatlar Rusiyanın verdiyi patent əsasında ərsəyə gətirilir. Görünür, Hindistan Ermənistana plagiat məhsullarını sırımaqla inkişaf etmək, bu silah və texnikaları sınaqdan keçirərək təcrübə qazanmaq istəyir.

Hindistan yaranan "isti" münasibətdən təkcə öz cibini doldurmaq üçün deyil, həm də vətəndaşlarını yerləşdirmək üçün də istifadə edir. BMT-nin Əhali Fondunun hesabatlarına görə, Hindistan hazırda 1,442 milyard nəfər əhalisi ilə dünya lideri olub. Ona görə də yavaş-yavaş Qərbdən Cənubi Qafqaza hinduların "böyük köçü" başlayıb. Bunu Ermənistan KİV-i də etiraf edir. Bildirilib ki, Ermənistan və Rusiya arasında son siyasi gərginlik fonunda Ermənistana nisbətən daha az Rusiya vətəndaşı gəlməyə başlayıb. Aydındır ki, Ermənistanda son illərdə qeydə alınan yüksək iqtisadi artımda Rusiya vətəndaşlarının aktiv axını mühüm rol oynayıb. Xüsusilə nəzərə alsaq ki, bura gələnlərin əhəmiyyətli bir hissəsi işgüzar məqsədlərlə səfər edib. Çoxlu sayda turist səfərləri də olub ki, bu da ciddi pul və iqtisadi aktivlik gətirib. Amma tədricən bu axınlar seyrəlməyə başlayıb. Rəsmi məlumatlara görə, bu il Rusiya vətəndaşlarının Ermənistana girişi sürətlə azalıb. Bunun səbəblərini anlamaq, əlbəttə ki, çətin deyil. Problem təkcə Ermənistanla Rusiya arasında son gərginlikdə deyil, həm də Ermənistanda bu axınları düzgün idarə etmək, onlara xidmət göstərmək üçün əlverişli şəraitin yaradılmamasıdır. Əksinə, çoxlu maneələr yaradılır.

Bu il Rusiyadan Ermənistana nəinki vətəndaşların gəlişi azalıb, hətta ölkədən gedənlərin sayı da artıb. İlin əvvəlində Ermənistandan xaricə insan axını 8 min nəfərə çatıb. Ölkəyə axın baxımından isə Hindistandan gələnlər daha çoxdur.

Faktiki olaraq Ermənistan başqa millətlər üçün ölkəyə çevrilir. Əvəzində ermənilər uzaqlaşırlar. Ermənistanın iqtisadiyyatı, sosial rifahı yüksək səviyyədə olsaydı, ilk növbədə öz vətəndaşları köçüb getməzdilər. Lakin "Qarşılıqlı maraqlar" əsasında qurulan bu əməkdaşlıq görünür iki tərəfə də xoşdur. Hindular öz silahlarını sırıyıb, yaxşı inkişaf etmiş ölkələrə axın edirlər. Ermənilər isə sərfəli qiymətə aldıqları hərbi silahlarla gücləndiklərinə inanırlar. Lakin xatırlatmaq lazımdır ki, ucuz ətin şorbası olmaz.

Töhfə SƏMƏDOVA,

"Respublika".