Hər abidə bir tarixdir
Mədəniyyət

Hər abidə bir tarixdir

Qarabağ və Şərqi Zəngəzurda postmüharibə dövründə 16 mədəni irs nümunəsi bərpa olunub

Hər daşının altında bir tarix yatır bu məmləkətin. Ahəstə-ahəstə çox mətləbləri anladar bu daş kitabələr. Bu xalqın ululuğundan, qəhrəmanlığından, yenilməzliyindən danışar, bu torpaqlarda çoxlarının at oynatdığından, onu parçalayıb hökmranlıq etmək iddiasından, məkrli niyyətlərindən, gözlərində qalan, daşlara çırpılan arzularından söz açar. Təbiətin bəxş etdiyi, insan əlinin yaratdığı abidələr əcdadlarımızın kimliyindən, həyat tərzindən, düşüncələrindən soraq verir. O abidələrin hər biri bir tarixdir. Qədim yaşayış məskəni olan Qarabağ və Şərqi Zəngəzur da belə abidələrlə zəngindir.

Vətən müharibəsini qələbə ilə başa vuran Azərbaycanın qarşısında işğaldan azad olunmuş  ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramını reallaşdırmaq kimi mühüm vəzifə dayanır və bu istiqamətdə işlər sürətlə aparılır. Dövlət başçısı İlham Əliyev 2021-ci il aprelin 26-da BMT-nin  qərargahı Tailandda  yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha  güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyasında videoformatdakı çıxışında bildirmişdi: "Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin,  bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng  vəzifə dayanır...".

Ermənilər üç onillik ərzində işğal  altında saxladıqları ərazilərdə mədəni-dini abidələrimizə qarşı vandallıq törətmiş, onları dağıtmış, təhqir etmişdi.  2021-ci il aprelin 26-da  dövlət başçısının, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfərlərindən sonra tarixi abidələrin bərpasına başlanıldı. Həmin gün Zəngilan məscidinin təməli qoyuldu. "Zəngilan məscidinin təməli Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 26 aprel 2021-ci il tarixində qoyulmuşdur" sözləri yazılmış xatirə daşı məscidin divarına hörüldükdən sonra  dövlət başçısı çıxış edərək deyib ki, ermənilər tərəfindən dağıdılmış və təhqir edilmiş bütün dini məbədlərimizin əvvəlki və işğaldan sonrakı görüntüləri tərtib edilib dünya birliyinin diqqətinə çatdırılır.

Qeyd edək ki, mədəniyyət paytaxtımız Şuşada abidələrin bərpası istiqamətində  işlərə başlanıldı. İlk növbədə, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin,  Bülbülün ermənilər tərəfindən güllələnmiş büstləri  Şuşada əvvəlki yerlərinə qoyuldu.  Bir çox görkəmli şəxsiyyətin ermənilər tərəfindən dağıdılmış ev-muzeyləri, məqbərələri bərpa edildi. 1989-cu ilin may ayında Şuşada Cıdır düzündə ilk dəfə keçirilən "Xarıbülbül" musiqi festivalı  ənənəsi bərpa olundu. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi təmir-bərpa işlərindən sonra istifadəyə verildi. Ötən ilin sonlarında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı nümayəndəsi Aydın Kərimov "Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi bağlanış  mərasimində deyib ki, Şuşanın və Qarabağın tarixini əks etdirən  abidələrimizin erməni  işğalçıları tərəfindən dağıdılmasına baxmayaraq, bu günə kimi 16 abidəmiz tam bərpa olunub və öz tarixi görüntüsü ilə göz oxşayır.  "Şuşa-Türk dünyasının  mədəniyyət paytaxtı - 2023" adını daşımağın şərəfli və qürurverici olduğunu deyən  xüsusi nümayəndə həmçinin bildirib: "İlboyu çoxsaylı festivallara, forum və konfranslara ev sahibliyi etmək  bizi  çox sevindirir.  Biz bununla Şuşanın bütün çağdaş türk  dünyası üçün nə qədər  böyük məna daşıdığını gördük. Azad Şuşada  quruculuq işləri dayanmadan aparılmaqdadır.  Şuşanın siması demək olar ki, aydan-aya dəyişir. Şəhər öz tarixiliyini və memarlıq üslubunu qoruyur, eyni zamanda özü ilə yenilik və müasirlik gətirən layihələr reallığa çevrilir".

Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzura hər səfərində tarixi torpaqlarımızda  daimi həyatın təmin edilməsi üçün  möhkəm bünövrələr atır, əhəmiyyətli layihələr icra edilir. Tamamilə dağıdılan ərazilər sürətlə dəyişir, mənfur  düşmənin viran qoyduğu yurd yerlərimizə yeni nəfəs verilir.  Azadlığına qovuşan torpaqlarda infrastruktur yenilənir, yollar çəkilir, beynəlxalq hava limanları tikilir, eyni zamanda vəhşi ermənilərin  viran qoyduğu tarixi, mədəni, dini irsimiz bərpa edilir, məscidlərimizdə yenidən azan sədaları yüksəlir.

Onu da qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə tarixi və mədəniyyət abidələrinin  bərpasında Heydər Əliyev Fondu yaxından iştirak edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlandığını bəyan edib.  Bununla da Fond dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir.

Fondun işğaldan azad olunan ərazilər üzrə layihəsinin icrası üçün xüsusi işçi qrupu yaradılıb və bərpa olunacaq abidələrin öyrənilməsi məqsədilə ilkin qiymətləndirmə işləri aparılıb. Bərpa işləri bütün dinlərə mənsub olan  abidələri əhatə edir. Abidələrin yenidən qurulması  zamanı onların ilkin, yəni autentik simasının pozulmaması  prinsipi əsas götürülür. Beynəlxalq təcrübə öyrənilir, abidələrin konservasiyası və yenidən qurulması üzrə  işlərdə mütərəqqi üsullar tətbiq olunur.  Mütəxəssislər qədim tarixə malik dini abidələrin konservasiya  edilməsində son dərəcə həssaslıq nümayiş etdirirlər.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən  verilən məlumatda ötən ilin iyun, avqust və oktyabr aylarında  işğaldan azad edilmiş ərazilərdə  tarix və mədəniyyət abidələrinin inventarizasiyasının  davam etdirildiyi bildirilib. Bu, Nazirlər Kabinetinin 2023-cü ildəki  fəaliyyəti haqqında hesabatında da öz əksini tapıb.  Məlumatda göstərilir ki, müxtəlif  rayonlarda yerləşən 2 mindən çox tarix və mədəniyyət abidəsi üzərində aparılan təhlillərə əsasən ilkin mərhələdə 150 abidədə bərpa-konservasiya işlərinin görülməsi müəyyən edilib.

Özündə tarix yaşadan abidələr dünənimizdən, bu günümüzdən soraq verən daş yaddaşımızın bərpası, həm də mənəvi  bir borcdur...

Zümrüd QURBANQIZI,

"Respublika".