Hər kəs haqlarını bilməlidir
Sosial həyat

Hər kəs haqlarını bilməlidir

"Bir sözlə, Azərbaycan müstəqil dövlət kimi Ümumdünya insan hüquqları bəyannaməsinə sadiqdir və bundan sonra da sadiq olacaqdır. Biz həyatımızın bütün sahələrində və xüsusən dövlət quruculuğu prosesində Konstitusiyada həkk olunmuş insan hüquqlarına aid bütün maddələrin həyata keçirilməsini təmin edəcəyik. Konstitusiyanın maddələrindən irəli gələn vəzifələri həyata keçirmək üçün bundan sonra da yeni qanunlar qəbul edəcəyik və beləliklə Azərbaycanı həqiqətən demokratik, hüquqi, dünyəvi dövlət edəcəyik".

BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqindən

10 dekabr 1998-ci il.

İnsan haqları demək olar ki, hər gün hər kəsin eşitdiyi, amma bəzən çoxlarının fərqinə varmadığı bir anlayışdır. Nədir insan haqları? Bu, hər bir insanın doğulduğu andan ona məxsus olan hüquq və azadlıqlardır. Bir sıra ölkələrdə insan haqlarını nəzərdə tutan müəyyən yazılı sənədlər hazırlansa da, bu sənədlər daha çox həmin cəmiyyətlərin yüksək təbəqələrinə şamil olunurdu. XIII əsrə təsadüf edən Maqna Karta buna misal ola bilər.

İkinci Dünya müharibəsində milyonlarla insan həlak olduqdan sonra dünya bir daha bu dəhşətin təkrarlanmaması üçün insan haqlarının qorunması istiqamətində ilk önəmli addım atdı. Müharibə bitdikdən 3 il sonra, 10 dekabr 1948-ci ildə "İnsan hüquqları üzrə Universal Bəyannamə" qəbul olundu. Bəyannamə 30 maddədən ibarət idi. Ümumi əks olunan maddələr isə bu gün də insanlığı düşündürəcək aktual mövzular əsasında yazılmışdı. Məhz Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixli 217 A (III) saylı qətnaməsində əks olunan əsas mövzular insan haqlarının qorunması, pis rəftara yol verilməməsi, heç bir dini, irqi, siyasi fərq qoyulmaması, hər kəsin təhsil almaq, işləmək hüququnun olması və sair. müddəalardan ibarət idi. "İnsan hüquqları haqqında ümumi bəyannamə" ABŞ-a 1933-1945-ci illərdə rəhbərlik etmiş Franklin Delona Ruzveltin həyat yoldaşı Eleonora Ruzvelt və onun komandası tərəfindən yazılmışdır. Sənəd 48 lehinə və 8 bitərəf səslə qəbul edilmişdir. Həmçinin sözügedən bəyannamə 500 dildə tərcümə edilmişdir ki, bu da rekord göstəricidir. Bununla bərabər, həm də insan hüquq və azadlıqlarını özündə ehtiva edən bəzi regional müqavilələr imzalandı ki, bunlardan Azərbaycan üçün ən əhəmiyyətlisi "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasıdır.

1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya Azərbaycanda əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur. Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalanmış və 1998-ci il 18 iyun tarixli Sərəncama insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənmişdir. Qeyd olunan Dövlət Proqramı əsasında 2002-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) institutu təsis edilmişdir.

Bəs hər bir insanın bilməli olduğu ən önəmli hüquqlar hansılardır? Gəlin onları yada salaq: Sən doğulduğun andan etibarən azadsan və eyni şəkildə davranmaq haqqına sahibsən, azad və təhlükəsiz şəraitdə yaşamaq haqqın var. Heç kim səni qul edə və ya qul kimi davrana bilməz. Heç kim səni işgəncəyə, insan ləyaqətini alçaldan rəftara məruz qoya bilməz. Sənin ləyaqətin toxunulmazdır, hər kəs qanun qarşısında bərabərdir. Qanunda nəzərdə tutulmuş bütün haqlar heç nədən asılı olmayaraq, hər kəsə eyni dərəcədə şamil olunur. Bir şəxsin digərindən üstün olmaq kimi haqqı yoxdur. Heç kim məhkəmə tərəfindən təqsirin sübut olunmayana qədər səni cinayətkar saya bilməz. Buna təqsirsizlik prezumpsiyası deyilir. Heç kim qanunsuz səbəblərlə həbs oluna, həbsdə saxlanıla və ya ölkəsindən xaric edilə bilməz. Heç kim səni törətmədiyin cinayətə görə həbs edə bilməz. Şəxsi həyatını qorumaq hüququn var. Heç kim sənin özəl həyatına müdaxilə edə, şəxsi məktublarını oxuya bilməz. Sənin öz ölkəndə maneəsiz hərəkət etmək haqqın var. Sən istədiyin vaxt başqa ölkəyə gedə və daha sonra yenidən öz ölkənə qayıda bilərsən. Hər kəs qanunla müəyyən olunmuş yaşda azad nikah haqqına malikdir. Heç kim səni zorla nikaha məcbur edə bilməz. Sənin mülkiyyət haqqın var və heç kim səni qanuni sahib olduğun mülkiyyətdən məhrum edə bilməz. Sənin vicdan azadlığı haqqın var. Yəni sən istədiyin dinə və ya inanca sahib ola bilərsən. Heç kim səni dini görüşlərinə görə təqib edə bilməz. Sənin fikir, düşüncə azadlığın var, öz fikrini ifadə etmək azadlığına sahibsən. Hər kəsin dinc toplaşmaq və birləşmək azadlığı var. Kimsə zorla hər hansı qrupa daxil edilə bilməz. Öz ölkənin siyasi fəaliyyətlərində iştirak etmək istədiyin siyasi partiyaya üzv olmaq, seçkilərdə həm aktiv, həm də passiv şəkildə iştirak etmək haqqın var. Yaşadığın ölkənin mədəni hadisələrində iştirak etmək hüququna maliksən. Sənin işləmək, təhsil almaq haqqın var. Bu haqların qorunması isə birbaşa dövlətin vəzifəsidir. Bütün haqlar cinsindən, irqindən, dilindən, siyasi baxışından, dinindən, maddi durumundan, fərqli sosial qrupa aidiyyatından asılı olmayaraq, hər kəsə məxsusdur və heç kim bu haqlardan sadalanan səbəblərə görə məhrum edilə bilməz. Bu haqlar bölünməz haqlardır və biri digərindən üstün ola bilməz. Bu o deməkdir ki, bütün haqlar eyni qaydada qorunmalı və biri digərini istisna etməməlidir. Öz haqlarını bil və hər hansı formada pozulmasına imkan vermə!

Tacir SADIQOV,

"Respublika".