HƏRB TARİXİMİZİN ŞƏRƏFLİ SƏHİFƏSİ
Digər xəbərlər

HƏRB TARİXİMİZİN ŞƏRƏFLİ SƏHİFƏSİ

Ərazi bütövlüyünün bərpa olunması torpaqları işğala məruz qalmış dövlətlər üçün ən ümdə vəzifədir. Bu vəzifənin yüksək səviyyədə yerinə yetirilməsinə nail olan dövlət qaliblər sırasına yüksəlmiş, xalqına məğrur qəhrəman statusu vermişdir.

Bu gün belə bir qürur doğuran taleyi odlar yurdu Azərbaycan yaşayır. Dövlət başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi, yenilməz iradəsi, ordumuzun qəhrəmanlığı sayəsində təcavüzkar Ermənistanın işğalına son qoyularaq ərazi bütövlüyümüz təmin edildi. Xalqımız son 200 illik tarixinin ən şanlı, ən şərəfli anlarını yaşadı. Azərbaycanın torpaqlarını müharibə yolu ilə işğaldan azad etməsi nəinki regionda, bütün dünyada diqqətlə izlənən və qarşılanan hadisə oldu.

Çünki bu hadisə ilk növbədə bir dövlətin uzun illər məruz qaldığı işğala təkbaşına son qoymasının ən mükəmməl nümunəsi idi. Bu baxımdan, son onilliklərdə bəşər tarixində bir çox müharibələr baş versə də, Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi öz unikallığı ilə fərqləndi. Bəli, Azərbaycan xalqının çağdaş tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi 30 ildən bəri yaşadığımız yurd itkisinə son qoymaqla hamımıza, dünya azərbaycanlılarına sonsuz sevinc, ölkəmizə ümummilli təntənə bəxş etdi. Dəmir yumruğa çevrilmiş nəhəng güc hesabına qazandığımız bu misilsiz qələbə əvvəlki faciələrimizin ağrı-acılarını ovutdu. İllər boyunca dədə-baba ocaqlarına sarı boylana-boylana qalan vətəndaşlarımızın, qaçqın, köçkün, didərgin həyatı yaşayan soydaşlarımızın həsrətinə son qoydu. Müharibə Prezidentimizin təbirincə desək, hərbi-siyasi metodlarla həll edildi. Bu şanlı Qələbə hərb tariximizə ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrikliyi Azərbaycan əsgərinin rəşadəti sayəsində yazıldı...

Bəli, Vətən, torpaq nisgili, ağrıları ilə yaşadığı 200 ildə Azərbaycan xalqı belə bir möhtəşəm bayram ovqatı yaşamamışdı. Bu şanlı qələbə ilə, bu dərdlə dünyadan köçən soydaşlarımızın, torpaqlarımızın bütövlüyü naminə canlarından keçən, şəhidlik məqamına yüksələn igid oğullarımızın ruhları rahatlıq tapdı.

Möhtəşəm qələbəmiz Azərbaycanın hərb tarixində də şərəfli yer tutdu. Belə ki, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulması, tarixi ədalətin bərpası dövlətimizin başçısının digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində gerçəkləşdirdiyi müdrik siyasətin məntiqi nəticəsi idi. Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi andan ordu quruculuğu daim diqqət mərkəzində saxlanıldı. Azərbaycan gənclərində Vətənə, orduya dərin sevgi hissi, vətənpərvərlik aşılandı. Dövlətimizin başçısı bu barədə çıxışlarının birində ətraflı bəhs edərək bildirib ki, Birinci və İkinci Qarabağ müharibələri arasında fərqdən də bu, aydın görünür: "İnsanlar növbələrdə dayanırdı. Biz qismən səfərbərlik elan etmişdik və buraya müəyyən yaş kateqoriyasına aid vətəndaşlar daxildir. Həmin meyara cavab verməyən vətəndaşlarımız isə gileylənir, məktublar yazırdı ki, məni niyə aparmırlar? Mən də gedib döyüşmək, Vətənimizi qorumaq istəyirəm. Hesab edirəm ki, bu, bizim qələbəmizi şərtləndirən əsas amil idi. Əlbəttə, biz güclü ordu qurmuşduq, təlimlər keçirirdik, müasir silahlar əldə etmişdik ki, bu, müharibədə bizə qələbə qazanmağa və əsgərlərimizin həyatını qorumağa kömək etdi. Bu silahlar olmasaydı, itkilərimizin sayı daha çox olardı. Ermənistan ordusu ilə müqayisədə bizim itkilərimiz 2,5-3 dəfə az olmuşdur...".

Məhz gənclərin bu vətənpərvərliyi ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının bariz nümunəsi idi. Bəli, Azərbaycanın ən böyük nailiyyətlərindən biri də xoşbəxt gələcəyi yaratmağa qadir gənclər ordusunun yetişməsidir. İşğal altındakı torpaqlarımız da məhz bu gəncliyin gücü, əzmkarlığı, vətənpərvərliyi, döyüş ruhu sayəsində azadlığa çıxdı. Belə bir gəncliyi məhz, İlham Əliyevin müdrik siyasəti yetişdirdi. Onlar Azərbaycanı güclü, qüdrətli, mübariz, öz milli məqsədlərinə doğru addım-addım irəliləyən gördülər. Dövlətimizin varlığını, gücünü, dəstəyini, diqqət və qayğısını hər zaman hiss etdilər. Qətiyyətlə demək olar ki, Azərbaycan gəncliyi bu dövlətdə, bu Vətəndə öz gələcəyini tam aydın görə bilir.

Azərbaycan XXI əsrin innovativ müharibəsini apardı. Həqiqətən, dövlətimizin öz iqtisadi imkanları hesabına dost ölkələrdən aldığı, eyni zamanda, müdafiə sənayesini quraraq özünün istehsal etdiyi innovativ silahlarla apardığı bu müharibə yeni əsrin müharibəsi idi. Azərbaycan göstərdi ki, hərb meydanında avtomatlar, tanklar, toplar və digər belə silahlar dövrü artıq geridə qalıb. Bunların yerini yeni texnologiyalar tutub.

Azərbaycan bu müharibədə mülki insanlara qarşı dünyada görünməyən dərəcədə yüksək humanizm nümayiş etdirdi. Ermənistanın heç bir mülki obyektini, dinc sakinini hədəfə almadı. Eyni zamanda, dünyaya göstərdi ki, artıq sülh barədə daha ciddi düşünmək zamanıdır. Müharibələrə səbəb olan mənasız iddiaları aradan qaldırmaq gərəkdir. Toplumları faşizm mahiyyətli ideologiyalardan çəkindirmək mütləqdir. Ona görə ki, indiki müasir silahlarla uzunmüddətli müharibələr aparılsa, bu müharibələrin miqyası və nəticələri dəhşətli olar. Azərbaycanın Vətən müharibəsində tətbiq etdiyi innovativ silahların gücü düşməni faktiki olaraq kapitulyasiya aktına imza atmağa məcbur etdi və dünyaya böyük bir həqiqəti anlatdı.

Azərbaycanın Vətən müharibəsində tətbiq etdiyi silahlar, nümayiş etdirdiyi mükəmməl döyüş taktikası, bu gün dünyanın aparıcı hərbi məktəblərində öyrənilir, təhlil edilir. Bütün bunlar, həqiqətən, hərb tarixinə yazılan, bu tarixdə əbədiləşən nümunəvi yeniliklərdir. Azərbaycan igidlərinin canı-qanı bahasına yazılmış qəhrəmanlıq salnaməsidir.

Böyük Qələbədən ötən müddət ərzində Azərbaycan qalib ölkə kimi beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirib. Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. Düşməndən təmizlənən torpaqlarda bərpa-quruculuq işləri geniş vüsət alıb. Şəhərlər və kəndlər simasını gündən-günə dəyişir. Bütün ömrünü, həyatını ölkəsinin və xalqının inkişafına həsr edən türk dünyasının fenomeni əbədiyaşar Heydər Əliyev demişdir: "Gün gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq".

Bəli, ulu öndərin inamı, görmək istədiyi ölkə Prezident cənab İlham Əliyevin titanik səyi nəticəsində reallığa çevrildi. O gün gəldi, Azərbaycan dünyanı Günəş təki al şəfəqlərə boyadı...

Zabit XƏLİLOV,

 "Respublika".