“HEYDƏR ƏLİYEV: ƏBƏDİYAŞAR LİDER – DAHİ ŞƏXSİYYƏT”
Region

“HEYDƏR ƏLİYEV: ƏBƏDİYAŞAR LİDER – DAHİ ŞƏXSİYYƏT”

Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyəti tərəfindən “Heydər Əliyev: Əbədiyaşar Lider – Dahi Şəxsiyyət” mövzusunda keçirilən tədbirdə rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tədbirdə çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycanın maraqları naminə olan misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, ümummilli liderin bioqrafiyası birmənalı şəkildə Azərbaycan tarixinin ayrılmaz tərkib hissəsidir, bütövlükdə Azərbaycanın şərəf salnaməsi ilə bağlıdır.

Heydər Əliyevin xaosdan tərəqqiyə yüksəltdiyi Azərbaycanı Prezidentimiz cənab İlham Əliyev tarixin ən qüdrətli dövrünə çatdırıb, ölkəmizin ərazi bütövlüyü və hərtərəfli inkişafı tam şəkildə təmin olunub.

Azərbaycan onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin ali rəhbərliyi ilə bundan sonra daha da inkişaf edəcək, müəyyənləşdirilən  strateji hədəflərə uğurla çatacaqdır. Prezident İlham Əliyevin sərəncamı ilə Yevlax rayonunun ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətinə, ulu öndərin müdrik siyasi irsinin layiqincə təbliğ olunmasında xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” medalı ilə təltif olunmuş bir qrup şəxsə medallar və 44 günlük Vətən müharibəsində rəhbərliyi altında rəşadət göstərmiş Vətən müharibəsi iştirakçısına “Müharibə veteranı” vəsiqələri təqdim olunub.

Zabit XƏLİLOV,

“Respublika”.