“Heydər Əliyev: Qafqazda sülh və əməkdaşlıq məsələləri” elmi konfransı
Elm və təhsil

“Heydər Əliyev: Qafqazda sülh və əməkdaşlıq məsələləri” elmi konfransı

Mayın 3-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Qafqazda sülh və əməkdaşlıq məsələləri” adlı respublika elmi konfransı keçirilib. 

Əvvəlcə tədbir iştirakçıları foyədə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan ictimaiyyətinin, alim və ziyalılarının bu kimi mötəbər konfranslar vasitəsilə Ümummilli Lider Heydər Əliyevin böyük xatirəsi qarşısında öz mənəvi borclarını yerinə yetirdiklərini, böyük şəxsiyyətə dərin hörmət və ehtiramlarını nümayiş etdirdiklərini bildirib.  

AMEA rəhbəri “Heydər Əliyev İli” çərçivəsində Akademiyada 31 konfransın keçirilməsinin nəzərdə tutulduğunu bildirib, Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş 16 konfransın artıq öz işini yekunlaşdırdığını diqqətə çatdırıb. O, həmçinin “Heydər Əliyev İli”ndə AMEA-da ümumilikdə 21 kitabın nəşrinin planlaşdırıldığını deyib, bugünədək konkret elmi problemə həsr olunmuş və akademik üslübda yazılmış 13 kitabın işıq üzü gördüyünü qeyd edib. Akademiya prezidenti AMEA-da bu istiqamətdə keçirilmiş mötəbər konfranslar haqqında da məlumat verib.   

Konfransda 6 bölmə iclasında məruzələr dinlənilib və müzakirələr aparılıb.

Əli SADIQOV,

“Respublika”.