“Heydər Əliyev - Unudulmaz Lider”
Sosial həyat

“Heydər Əliyev - Unudulmaz Lider”

YAP Yasamal rayon təşkilatı və "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev - Unudulmaz Lider" adlı fotoxalça sərgisinin təqdimat mərasimi keçirilib.

YAP Yasamal rayon təşkilatının inzibati binasında təşkil olunan fotoxalça sərgisində təşkilatın sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov, Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Vüqar İskəndərov, "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədov, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının,  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, rayon ictimaiyyətinin nümayəndələri və fəal gəncləri iştirak edib.

Təşkilatın foyesində dahi şəxsiyyət ümummilli lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoların əks olunduğu xalçalara baxış keçirilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev "Heydər Əliyev - Unudulmaz Lider" adlı fotoxalça sərgisinin təşkilini yüksək qiymətləndirərək qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin şah əsəri heç şübhəsiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və regionda yaranan reallıqlardır. Bundan əlavə, 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki lokal xarakterli antiterror tədbirləri və həmin ilin 15 oktyabr tarixində Xankəndi və digər ərazilərimizdə üçrəngli bayrağımızın dalğalandırılması tarixi Zəfərlərimizin zirvəsi oldu.

"Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədov çıxış edərək müstəqil Azərbaycanın uğurla inkişaf etməsinin məhz ümummilli lider Heydər Əliyevin siyasi xəttinin bəhrəsi olduğunu, həmin siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov qeyd edib  ki, ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, ümummilli lider Heydər Əliyev dövlətimizin müstəqilliyini qoruyacaq və ölkəmizin inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Ulu öndər Heydər Əliyev həyatı boyu hansı məqamda, hansı vəzifədə olmağından asılı olmayaraq ürəyi yalnız Azərbaycanla döyünüb.

Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Vüqar İskəndərov çıxışında bildirib ki, fəaliyyətinin hər dövründə ulu öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuş, milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuş, öz parlaq siyasi zəkası və istedadı sayəsində müasir Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yollarını müəyyən etmişdir. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan əldə etdiyi tarixi Zəfərlərlə yeni zirvələr fəth edir.

"Respublika".