HEYDƏR ƏLİYEVİN MÜKƏMMƏL DÖVLƏT İDARƏÇİLİYİ
Siyasət

HEYDƏR ƏLİYEVİN MÜKƏMMƏL DÖVLƏT İDARƏÇİLİYİ

Ötən əsrin 70-80-ci illərində əhalinin və maddi sərvətlərin təbii və texnogen fəlakətlərdən mühafizəsi və nəticələrinin aradan qaldırılması

Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə aparılan müzakirələr və qəbul edilən qərarlar ölkəmizdə fövqəladə hallarda əhalinin mühafizəsi sisteminin formalaşması və gələcək inkişafının təşkilati və metodoloji əsaslarının hazırlanmasına mühüm töhfə vermişdir. Heydər Əliyevin dövlətçilik fəaliyyətinin hər iki dövründə, xüsusilə XX yüzilliyin 70-80-ci illərində baş vermiş fövqəladə halların səbəblərinin və nəticələrinin aradan qaldırılması sahəsində apardığı müzakirə və təhlillər, dəyən iqtisadi zərər və fəsadların nəticələrinin ləğvi və müdafiə tədbirləri sahəsində verdiyi tövsiyələr öyrənilməyə və təqdir edilməyə layiq intellektual xəzinədir.

Məlum olduğu kimi, qısa bir dövr ərzində respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. Bütövlükdə 213 iri sənaye müəssisəsi işə salındı. Azərbaycan artıq öz inkişaf səviyyəsinə və çoxşaxəli iqtisadiyyatına görə keçmiş Sovetlər İttifaqının müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir olan ikinci respublika idi. O dövrdə Azərbaycan nəhəng tikinti meydanını xatırladırdı. Sosial-iqtisadi sahədə bu irəliləyişlər Bakının və respublikanın rayonlarının simasını büsbütün dəyişmişdi. Bütün bunlar eyni zamanda, təbii və texnogen xarakterli fəlakətlər baş verdiyi halda maddi sərvətlərin və insanların təhlükəsizliyinin mühafizəsi sahəsində yüksək hazırlığın görülməsini tələb edirdi.

Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də dönüş yaradıldı. Ulu öndərin ölkə ərazisində baş verən hər hansı təbii və texnogen xarakterli fövqəladə hadisəyə çevik və məqsədyönlü reaksiyası, bu kimi hadisələrin nəticələrinin vaxtında aradan qaldırılması məqsədilə verdiyi tapşırıq və göstərişlər arxiv sənədlərində qorunub saxlanılır. Tarixi sənədlər təsdiq edir ki, Heydər Əliyev hələ o dövrdə keçirilən partiya plenumları və büro yığıncaqlarında, partiya-sovet və təsərrüfat fəallarının müşavirələrində bu sahədə hazırlıq səviyyəsinin artırılmasına cavabdeh olan nazirlik, komitə və baş idarə rəhbərlərini işlərində əsaslı dönüş yaratmağa çağırırdı. Onlarla cild sənədli materiallar Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə (1969-1982-ci illər) baş verən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində zəngin idarəçilik təcrübəsinə malik olmasını sübut edir. Dahi liderin tövsiyə və tapşırıqlarında ölkənin sənaye strukturunda əhəmiyyətli yer tutan neft-qaz, elektroenergetika, metallurgiya, maşınqayırma və tikinti materialları sənayesinin, xüsusilə neft-qaz mədənlərində baş verən yanğınlar, fəlakət zonalarında qalan əhaliyə maddi yardımlar göstərilməsi, ətraf mühitin təhlükəsizliyi ilə bağlı problemlər ətraflı təhlil edilirdi. Beynəlxalq vəziyyətlə əlaqədar və müharibə dövründə məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi, iqtisadiyyatın idarə edilməsinin təkmilləşdirilməsi və əhalinin həyat fəaliyyətinin təhlükəsizliyi sahəsində işlər görülürdü. Baş verən fəlakətli hadisələrin nəticələrinin aradan qaldırılması istiqamətində Heydər Əliyevin təşkilatçılıq məharətini əks etdirən onlarla misal göstərmək olar.

1974-cü il sentyabrın 13-də Moskva vaxtı ilə saat 6:07 dəqiqədə 53a yol ayrıcında Biləcəri stansiyasının ehtiyat işıqforunun yanında 2075 nömrəli yük qatarının 90 nömrəli Bakı-Rostov sərnişin qatarı ilə toqquşması nəticəsində irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması üçün görülən işlər buna sübut ola bilər. Dəmir yolu qəzasının səbəblərinin araşdırılması və onun nəticələrinin aradan qaldırılması üçün hökumət komissiyası yaradıldı. Komissiya müəyyən etdi ki, toqquşma anında 24 nəfər həlak olmuş, ağır yaralıların daha 6 nəfəri ölmüşdü. Qatarın ortasında olan iki sərnişin vaqonu tamamilə dağılmışdı. Həlak olan 30 nəfərdən 24-nün cəsədinin kimə məxsus olması aydınlaşdırılaraq 18-i dəfn edilməsi üçün yaxınlarına təhvil verilmişdir. Bakının 8 tibb müəssisəsində 69 nəfər zərərçəkmiş müalicə almışdır, onlardan 4-ü son dərəcə ağır vəziyyətdə idi. Heydər Əliyevin göstərişi ilə qərargah yaradıldı, yaralanan və həlak olanların doğmalarının qəbul edilməsi üçün yer ayrıldı. Həlak olanların ailə üzvlərinə maddi yardım göstərildi. Bundan əlavə, vətəndaşlara dəyən zərər tam həcmdə ödənildi. Xəstəxanada müalicə olunan hər bir zərərçəkənə müntəzəm olaraq baş çəkilir, xəstələr tibbi xidmət və qida ilə təchiz edilirdilər. Yüksəkixtisaslı tibbi xidmətin göstərilməsi üçün respublikanın ən yaxşı mütəxəssisləri cəlb olunmuşdu. Qəzanın yaranmasında birbaşa təqsiri olanlar işdən çıxarılmış və onlar haqqında materiallar istintaq orqanlarına göndərilmişdi. Dəmir yolunun bir sıra rəhbər vəzifəli işçilərinə qarşı ciddi intizam tədbiri seçilmişdi.

Heydər Əliyevin tələbi ilə qəza ilə əlaqədar olaraq meydana çıxan məsələlərin həll edilməsi üçün ittifaq nəqliyyat nazirliyinin komissiyası elə həmin gün Bakıya gəlmişdi. Aparılan xidməti təhqiqatla müəyyən olunmuşdu ki, fövqəladə vəziyyət Biləcəri stansiyasının və yük qatarının lokomotiv briqadasının işçiləri tərəfindən texniki istismar qaydalarının və vəzifə təlimatlarının kobud surətdə pozulması nəticəsində yaranmışdır. Fəlakətə səbəb olan hadisə belə olmuşdu: sentyabrın 12-dən 13-nə keçən gecə Biləcəri-Xırdalan yolayrıcında güclü yağışdan sonra avtomat yolbağlayıcının xarab olması səbəbindən çıxış işıqforunda əsas siqnal açılmamışdı. Biləcəri stansiyası üzrə növbətçi çağırış siqnalının işəsalma düyməsindən plombu qırmaqla üç yük qatarını Xırdalan stansiyasına buraxmışdı. Stansiya növbətçisi ilə eyni otaqda olan növbətçi elektromexanik A.M.Avanesov avtomat tənzimləyicinin və xəbərdaredici siqnalın nasaz vəziyyətini bilməsinə baxmayaraq, aradan qaldırılması üçün tədbir görməmiş və vəzifə təlimatını pozaraq nəinki stansiya növbətçisinin çağırış siqnalından düzgün istifadəsinə nəzarət etməmiş, həmçinin qatarların qəbulu qaydalarının kobud surətdə pozulmasının qarşısını almamışdı. Yük qatarının lokomotiv briqadası yolun boş olmasını və yolayrıcının vəziyyətini müşahidə etmədiyindən qəzanın qarşısını almaq üçün tədbirlər görülməmişdi.

Biləcəri stansiyasında dəmir yolu qəzasının səbəblərinin və nəticələrinin aradan qaldırılması sahəsində görülən tədbirlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosunun 1974-cü il 17 oktyabr tarixli yığıncağında geniş tərkibdə müzakirə edilmişdi. Yığıncaqda qəzanın baş verməsinin əsas səbəbləri və aradan qaldırılması yolları təhlil olunmuşdu. Başlıca səbəb kimi insan amilinin önə çəkilməsi diqqəti cəlb edir: dəmir yolunda hərəkətin təhlükəsizliyinə cavabdeh olan rəhbər vəzifəli şəxslərin vəzifə məsuliyyətsizliyi; texniki nasazlıqların vaxtında aşkar edilib aradan qaldırılmaması (bir il ərzində 180, qəza baş verən gün 7 halda); Biləcəri stansiyasının qəza vəziyyətində olması; mühəndis-texniki işçilərin düzgün seçilib yerləşdirilməsində idarə rəhbərlərinin səhlənkarlığı və s.

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Büro yığıncağındakı çıxışında hadisəni belə qiymətləndirmişdi: "Azərbaycan dəmir yolunda ağır qəza baş vermişdir. Həqiqətən bizlərdən heç kim Azərbaycan respublikası ərazisində dəmir yolunda belə bir qəzanın baş verməsini xatırlamır. Son dərəcə ağır hadisədir, ilk növbədə nəzərə alınmalıdır ki, insanlar ölmüş, bir çoxları şikəst olmuşdur. Heç nədən 30 nəfər həlak olmuş və təqribən 70 nəfər yaralanmışdır. Bu təkcə onlara vurulan böyük mənəvi zərbə deyildir, günahsız insanlar həlak olmuş, dünyalarını dəyişmişlər. Onların ailəsi, uşaqları, qohumları vardır. Bir bu hadisə nə qədər mənəvi iztirablar vermişdir. Müəyyən etmək çətindir. Əgər miqyası haqqında, mahiyyəti haqqında danışsaq, bu fikrə gəlmək olur ki, bu səhlənkarlıqdır ki, belə bir ağır nəticələrə gətirmişdir, bu hər hansı bir cinayətdən ağır cinayətdir. Bizim qanunvericilik canini ölüm hökmünə məhkum edir, burada isə ümumiyyətlə təqsiri olmayan 30 adam ölmüşdür. Buna görə kimə ölüm hökmü verilməlidir, kim məsuliyyət daşımalıdır?

Heç cür razılaşmaq olmaz ki, bu təsadüfdür, bu sadəcə səhlənkarlıqdır. Azərbaycan dəmir yolunun işini xarakterizə edən ciddi qüsurların nəticəsində yaranan səhlənkarlıqdır... . Dəmir yolunun iqtisadi göstəriciləri son vaxtlar həqiqətən yaxşılaşmışdır. Bu məsələnin bir tərəfidir, digər tərəfi isə bundadır ki, intizam necədir, qaydalara necə əməl olunur, texnikaya necə yanaşılır, elmi-texniki tərəqqidən necə istifadə edilir, kadrlar necə seçilir və rəhbər kadrlara, hər bir işçiyə olan tələbkarlıq necədir. Çünki dəmir yolunda yol nizamlayan ən məsuliyyətli insan olmalıdır və onun düzgün olmayan hərəkətindən bütöv bir heyətin taleyi asılıdır. Bütün bu məsələlər üzrə Azərbaycan dəmir yolunun işində ciddi nöqsanlar vardır".

Heydər Əliyev çıxışında dəmir yolunda baş verən qəzanın başlıca səbəblərindən biri kimi insan amilinin olduğunu qeyd etmişdi: "...kadrların seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi sahəsində işlər heç də yaxşı deyildir. Kadrlara qarşı tələbkarlıq yoxdur, xidmət rəhbərlərinə, bölmə rəislərinə partiya mövqeyindən prinsipial yanaşma yoxdur. Həqiqətən, yoldaşlar nəzarəti itirmişlər, tələb etmədən, nəzarət etmədən, əslində bir çox işləri öz axarına buraxmışlar. Bunu necə başa düşmək olar, bizdə, dəmir yolu rəhbərliyində belə vəziyyətdir. Biriləri xəstədir, digərləri tam qüvvəsi ilə işləmir".

1980-ci il noyabr ayının 13-də N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində texnogen qəza nəticəsində güclü yanğın hadisəsinin nəticələrinin aradan qaldırılması Heydər Əliyevin ciddi nəzarəti altında həyata keçirilmişdir. Azərbaycanın yüngül sənayesinin ən iri müəssisələrindən olan Bakı Trikotaj Birliyinin əsas binası 1927-ci ildə Bakı ticarət yarmarkası üçün tikilən və 1943-cü ildə Azərbaycan SSR XKS-nin qərarı ilə corab-trikotaj fabrikinin yaradılması üçün ayrılmışdı. Ötən illər ərzində istehsalın həcmi ildə 2,1 milyon cüt corabdan 41 milyon cütə, alt trikotaj paltarları istehsalı isə 7,7 milyon ədəddən 16 milyon ədədə çatmışdı. 1980-ci ildə 43 milyon manat həcmində məhsul buraxılması planlaşdırılmışdı. 1980-ci il 1 noyabr vəziyyətinə görə müəssisənin bütün sexlərində çalışanların sayı 3635, o cümlədən, Ü.Hacıbəyov küçəsi 70 ünvanında yerləşən əsas müəssisəsindəki sexlərdə 2443, Razin qəsəbəsindəki (indiki - Bakıxanov) filialında 1192 nəfər idi.

Azərbaycan KP MK-nın Heydər Əliyevin sədrliyi ilə keçirilən büro yığıncağında N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində baş vermiş yanğınla əlaqədar S.Tatlıyevin sədrliyi ilə dövlət komissiyası yaradıldı. Komissiya yanğının yaranması səbəblərinin aşkar edilməsi və təhqiqatının aparılması, həmçinin baş vermiş yanğının nəticələrinin aradan qaldırılması, istehsalat sexlərinin bərpa edilməsi sahəsində bir sıra tədbirlər gördü.

Heydər Əliyev dövlət komissiyasının təqdim etdiyi arayışı diqqətlə təhlil edərək büro yığıncağında müzakirə etmək üçün göstəriş vermişdi. Yanğının baş verdiyi əsas binada həmin gün ikinci növbədə 481 nəfər işləyirdi. Respublika Yüngül Sənaye Nazirliyinin məlumatından aydın olur ki, yanğın hadisəsi noyabrın 12-də saat 22:35 dəqiqədə ikimərtəbəli əsas korpusun sonuncu mərtəbəsində yerləşən corabtoxuma sexində başlamış və tikiş-kettel sexinə yayılmışdı. Daxili İşlər Nazirliyinin məlumatında yanğın haqqında 23:00-da xəbər verildiyi göstərilirdi. Yanğın mühafizə bölmələri hadisənin baş verdiyi əraziyə saat 23:06 dəqiqədə daxil olan zaman əsas korpusun ikinci mərtəbəsinin böyük bir hissəsi alova bürünmüşdü.

Yanğının sürətlə yayılmasına güclü külək, döşəmə və arakəsmələrin taxta konstruksiyaları, yanan materialların partlaması və konstruksiyaların qısa bir vaxtda çökməsi olmuşdu. Yanğından Mühafizə İdarəsinin gördüyü tədbirlər nəticəsində noyabrın 13-ü saat 2:00-da yanğın lokalizə edildi və saat 6:50 dəqiqədə tamamilə söndürüldü. Əsas korpusun birinci mərtəbəsində və ona bitişik anbarlarda saxlanılan 5 milyon manat dəyərində hazır məhsul, xammal və avadanlıqlar mühafizə edildi. Ümumiyyətlə, yanğın nəticəsində 4320 kvadratmetr sahədə corabtoxuma və tikiş-kettel sexləri və çardaq, qeyd edilən sexlərin texnoloji avadanlıqlarının böyük hissəsi sıradan çıxmışdı. Yanğının söndürülməsi zamanı suyun təsiri ilə trikotaj sexinin bir hissəsi və boya-buraxılış sexinin anbarı zərər görmüş, transformator yarımstansiyasının sıradan çıxması ilə bütün kombinatın elektrik enerjisi ilə təchizatı dayanmışdı. Yanğın söndürüldükdən dərhal sonra ərazi təmizləndi, enerji sistemi bərpa edildi və görülən tədbirlər nəticəsində corabtoxuma və boyama sexləri, trikotaj istehsalı işə düşdü. Kombinatın tam gücü ilə işləməsi üçün zəruri texnoloji avadanlığın siyahısı tərtib edildi.

Yanğının fəsadlarının aradan qaldırılması məqsədilə şəxsən Heydər Əliyevin tapşırığı ilə müvafiq dövlət strukturları tərəfindən təxirəsalınmaz tədbirlər görüldü. Dövlət komissiyasının Azərbaycan KP MK-ya təqdim etdiyi 1980-ci il 27 noyabr tarixli arayışda göstərilirdi ki, respublika DİN-in müvafiq qurumu tərəfindən kombinatın müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının pozulması barədə dəfələrlə xəbərdarlıq edilmişdi.

Röfət QULİYEV,

tarix elmləri doktoru.