Humanitar yardımlar milli, irqi, dini ayrı-seçkilik olmadan edilməlidir
Digər xəbərlər

Humanitar yardımlar milli, irqi, dini ayrı-seçkilik olmadan edilməlidir

Bir sıra beynəlxalq təşkilatların ermənipərəst mövqe sərgiləməsi Azərbaycan-Ermənistan münasibətlərində də təsirini göstərir. Ədalətsiz yanaşmanın təsiridir ki, Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxışlar edir. Siyasi təşkilatların iki ölkə arasındakı münasibətlərə ədalətsiz yanaşması qəbuledilməzdir.

Ermənipərəst mövqeyi ilə diqqətçəkən Beynəlxalq Qırmızı Xaç Komitəsi, digər ölkələrdən fərqli olaraq, Azərbaycan ərazilərindəki fəaliyyətini, elan etdiyi prinsiplərə uyğun qurmaq istəmir. Bu isə uzun müddətdir ki, haqlı olaraq Azərbaycan ictimaiyyətini narahat edir. Azəbaycanlılardan fərqli olaraq ermənilərdən ötrü dəridən-qabıqdan çıxan BQXK-nın hələ də Xankəndidəki nümayəndəliyinin Bakıdakı ofisə tabe olmaması sağlam məntiqə zidd, qərəzli bir yanaşmasıdır. Xüsusilə Ermənistanla həmsərhəd olan Laçın rayonunda sərhəd-nəzarət-buraxılış məntəqəsinin təsis edilməsindən sonra BQXK-nın bir sıra qanunsuzluqlara yol verməsi qurumun reputasiyasına mənfi təsir göstərib. Ölkəmizin ərazisinə qaçaqmal keçirməyə cəhd edən humanitar təşkilatın əməkdaşlarının yaxasını ələ verməsindən sonra bəzi suallar da meydana çıxır. Ola bilsin ki, xaç həmrəyliyi eyforiyasına qapılanlar uzun müddət separatçı rejimi silah-sursatla da təmin edib. Hətta Meşəli qatili Xaçaturyanın həbs olunduqdan sonra BQXK əməkdaşlarının tez-tez erməni canisinə baş çəkməsi, ondan ötrü narahat olması bütün suallara aydınlıq gətirir. Halbuki, Birinci Qarabağ müharibəsindən bu günə kimi dörd mindən çox soydaşımızın taleyi ilə bağlı  xəbərin olmaması "humanitar təşkilatın" tükünü də tərpətməyib. Bunun əksinə olaraq BQXK Vətən müharibəsində Füzulidə erməni hərbçiləri Hadrut vasitəsilə mühasirədən çıxarmaq üçün xüsusi canfəşanlıq da etmişdi.

Qarabağda yaşayan erməni əsilli vətəndaşlara humanitar yüklərin daşınması artıq  Qızıl Aypara Cəmiyyəti tərəfindən əvəzlənməlidir. Çünki 1997-ci il Sevilya razılaşmasına, 2022-ci ildə razılaşmaya edilmiş müvafiq əlavələrə əsasən, Qırmızı Xaç və Qızıl Aypara təşkilatları hər hansı ölkədə təmsil olunursa, həmin ölkələrdə fəaliyyətlərini əlaqələndirilmiş formada həyata keçirməlidirlər. Lakin BQXK-nın təkbaşına belə bir fəaliyyət göstərmək istəməsinin əsl məqsədi elə buradan aydın olur.  Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti humanitar və təcili humanitar yardım fəaliyyəti olsa da, əksər hallarda isə bu fəaliyyət tamamilə tibbi təcili yardımla məhdudlaşdırılır. Belə olan halda isə  bundan kənar bütün fəaliyyət növləri qeyri-qanunidir və elə BQXK-nın öz qanun və prinsiplərinə ziddir.  Hətta Prezident İlham Əliyev dəfələrlə Beynəlxalq Qırmızı  Xaç Komitəsinin hüquqazidd davranışlar həyata keçirməsinə diqqət çəkib.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının ölkəmizdə tam və bərabərhüquqlu üzvü kimi bir əsrdir ki, uğurlu fəaliyyəti və işgüzarlığı ilə fərqlənir. AzQAC  işğal, İkinci Qarabağ müharibəsi, pandemiya və postpandemiya dövrlərində yüksək humanist fəaliyyətləri ilə tanınıb. Ona görə də cəmiyyətin humanitar yüklərin Qarabağda erməni sakinlərə çatdırılmasında iştirak etməsi çox vacibdir. AzQAC əməkdaşları və könüllüləri hər zaman milliyyət, irq, dini inanc, sinif və siyasi fikir ayrı-seçkiliyi etmədən insanlara 1920-ci ildən etibarən humanitar yardım göstərir. Təşkilatın son bəyanatında da bu, xüsusi vurğulanır. Bildirilir ki, təşkilat Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, Beynəlxalq Hərəkatın 7 fundamental prinsipini, xüsusilə "bitərəflik", "qərəzsizlik", "vahidlik" prinsiplərini rəhbər tutaraq, həm sülh dövründə, həm hərbi münaqişələr şəraitində, eyni zamanda, fövqəladə hallar zamanı dini etiqadından, milli mənsubiyyətindən, irqindən, siyasi baxışlarından asılı olmayaraq, insanlar arasında fərq qoymadan müharibə qurbanlarına, məcburi köçkün və qaçqınlara, minadan zərərçəkmişlərə və digər ehtiyaclı insanlara zəruri humanitar yardımlar göstərir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) isə artıq 6 gündür ki, erməni əsilli sakinlərin ehtiyacını qarşılamaq üçün fəaliyyətə başlayıb. Lakin Qarabağda yerləşən separatçı qurum tərəfindən erməni əsilli sakinlər üçün göndərilən və içərisində 40 ton un olan iki yük maşını Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda saxlanılır. Artıq AzQAC könüllüləri də əraziyə gəlib və  ərazidə qurulan çadırlarda gecələyiblər. Azərbaycan tərəfi maneçilik cəhdlərinə baxmayaraq, Ağdam-Xankəndi yoluna gətirilən 40 ton unun Qarabağ iqtisadi rayonunda olan erməni əsilli sakinlərə təhvil verilməsini gözləyir.

Musa BAĞIRLI,

"Respublika".