İfrat riyakarlıq Fransa Almaniya vasitəsilə AŞPA-nı alət kimi istifadə etməyə çalışır
Siyasət

İfrat riyakarlıq Fransa Almaniya vasitəsilə AŞPA-nı alət kimi istifadə etməyə çalışır

Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması məntiqli və yerində atılmış bir addımdır. Bu qurumda mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti bizi bu cür addım atmağa vadar edir. Bu bir reallıqdır ki, AŞPA Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Uğursuz cəhdlər isə artıq siyasətimiz qarşısında acizdir.

2001-ci ildə bu təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Biz görürük ki, Avropa Şurası müxtəlif ölkələrin islamofob və türkofob təfəkkürlü nümayəndələrinin düşərgəsidir. Biz bu quruma daxil olarkən əlbəttə ki, müəyyən öhdəliklər götürmüşdük. Bununla yanaşı, müəyyən tələblərimiz də var idi. Bunların da ən əsası işğal altında olan torpaqlarımızdan məcburi qaçqın düşən həmvətənlərimizin taleyi idi. 2020-ci ilə qədər mütəmadi olaraq bu problemləri ən yüksək tribunalardan səsləndirsək də, heç bir nəticə olmadı. Beləliklə, torpaqlarımızı özümüz işğaldan azad etdik. Ancaq bununla barışmayan bəzi qərb dairələri indi hərəkətə keçiblər. Burada Fransa və Almaniyanın təsiri daha çoxdur. AŞPA bu ölkələrin əlində oyuncaqdır. Fransa Azərbaycana qarşı bu qurumdan istifadə etməklə ölkəmizə təzyiq göstərir. Bəllidir ki, bu iki ölkə tandem şəklində çıxış edirlər. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və ölkənin nüfuzdan düşməsidir. Buna görə də, Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı alət kimi istifadə etməyə çalışır. Fransanın ölkəmizə qarşı açıq-aşkar yürütdüyü çirkin siyasət ifşa olunduqdan sonra artıq digər yollara əl atıb. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdik. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq edir. Bu baxımdan, çirkin oyunlar yuvasına çevrilən AŞPA-da qalmaq bundan sonra bizə heç bir müsbət nələrisə vəd etmir. Bizim haqqımızı heç bir dövlət tapdaya bilməz. Azərbaycan müstəqil suveren bir ölkədir. Heç bir ölkə bizimlə diktə dilində danışa bilməz.                                          

Vüqar İSKƏNDƏROV,

Milli Məclisin deputatı.