İKİ ƏSRƏ BƏRABƏR SON 20 İL
İqtisadiyyat

İKİ ƏSRƏ BƏRABƏR SON 20 İL

"Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək".

Heydər ƏLİYEV,

Ümummilli lider.

İlham Əliyev 2003-cü il 15 oktyabr tarixində seçicilərin böyük səs çoxluğunu qazanaraq Prezident seçildikdən sonra ölkəmiz növbəti tərəqqi və inkişaf yoluna qədəm qoydu. Onun yüksək, intellektli, zəkalı, dünya siyasi meydanında xüsusi çəkisi olan bir dövlət adamı olduğu son 20 ildə tam sübut olunmuşdur.

Ulu öndərin zamanında söylədiyi qiymətli kəlamları Prezident İlham Əliyev əməlləri ilə tam sübuta yetirdi. Xalqına, Vətəninə bağlı olan dövlət başçısı iki əsrdən artıq yığılıb qalmış qlobal problemləri dünyadakı ermənipərəst dövlətlərin təzyiqinə baxmayaraq, təmkinlə, mərhələ-mərhələ həll edərək bütün dünyanı heyrətə gətirdi. Ermənilərin havadarlarının böyük Ermənistan qurmaq xülyaları tamamilə məhv olundu.

Bütün bu illər ərzində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı təmin olundu. Minlərlə yeni iş yeri yaradılmaqla xalqın maddi rifah halı daha da yaxşılaşdı. Ən başlıcası, ölkəmizdə güclü milli ordu formalaşdı. 2016-cı il Lələtəpə əməliyyatı, 2020-ci il Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi, ən nəhayət 2023-cü il 19-20 sentyabr tarixində lokal xarakterli antiterror tədbiri qüdrətli Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha sübut etdi.

Prezident İlham Əliyev 20 il ərzində Azərbaycan xalqına bəxş etdiyi sevinc dolu günlər hər bir azərbaycanlının sonsuz sevincinə səbəb olmuşdur. İctimaiyyət nümayəndələri ilə söhbət etdikdə hər kəs İlham Əliyevə qəlbinin dərinliyində bəslədiyi sevgini, hədsiz rəğbəti bildirir.

"Tovuz Aqro" MMC-nin direktoru Şadkamal Hüseynov: 2003-cü ildə Prezident seçildikdən dərhal sonra xalqa verdiyi vədləri yerinə yetirmək istiqamətində irimiqyaslı layihələrin icra olunması üçün müvafiq sərəncamlar imzaladı. Yeni iş yerlərinin açılması, milli iqtisadiyyatın güclənməsi, ərzaq məhsullarına olan tələbatın ödənilməsi, yerli məhsulların istehsal həcminin artırılması qarşıya qoyulan başlıca vəzifələr oldu.

İllər uzunu əkin bölgəsindən kənarda qalan minlərlə hektar torpaqlara meliorativ tədbirlər aparılmaqla həyat verildi. "Tovuz Aqro" MMC də bu tip müəssisələrdəndir. Hazırda burada 100 nəfərə yaxın insan daimi işlə təmin olunmuşdur.

Məlumdur ki, son illər dövlət başçısının apardığı düzgün siyasət nəticəsində Azərbaycan xalqının itmiş ümidi geri qaytarıldı. 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə cəsur, yenilməz Azərbaycan ordusu düşmən üzərində Şanlı Qələbəyə imza atıdı. 30 il işğal altında qalan torpaqlarımız mənfur düşməndən 44 gün ərzində azad olundu. Elə həmin andan bölgədə irimiqyaslı layihələrin icrasına başlanıldı. Ata-baba torpaqlarımızda müxtəlif profilli müəssisələrin yaradılmasına start verildi. Buna misal olaraq Zəngilan rayonunda Prezident İlham Əliyev və qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən "Dost Aqropark"ın təməli qoyuldu. Adıçəkilən müəssisənin yaradılması Türkiyə və Azərbaycan iş adamları tərəfindən reallaşdı.

İşğaldan azad edilmiş ərazilər taxılçılığın inkişafı üçün əlverişli mühitə malikdir. Prezident İlham Əliyev demişdir: "Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, həmçinin üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdirilməlidir". Heç şübhəsiz, mənfur ermənilərin 30 il ərzində narkotika plantasiyalarına çevirdikləri doğma torpaqlarımızdan səmərəli istifadə etməklə ölkə iqtisadiyyatının gücləndirilməsi qeyri-neft sektorunun sürətli inkişafına stimul yaranacaqdır.

Son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin tərəqqi və inkişafı hər birimizdə qürur hissi yaradır.

Ağstafa Elektrik Şəbəkəsinin rəisi Tural Həsənov: Prezident İlham Əliyev verdiyi sözü əməli və imzası ilə təsdiq edən dünya siyasi müstəvisində özünəməxsus yeri olan liderdir. Onun cəsarətli addımları, qətiyyəti və uzaqgörənliyi sayəsində iki əsrə yaxın mövcud olan qlobal problemlər son 20 ildə aparılan düşünülmüş, məqsədyönlü siyasət nəticəsində tamamilə həll olundu.

Mənfur ermənilərin 30 il torpaqlarımızı işğal altında saxlaması, düşmənin öz ordusu haqqında uydurduğu miflər 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin əmri, yenilməz Azərbaycan Ordusunun göstərdiyi misli-bərabəri olmayan döyüş nümunələri nəticəsində tamamilə məhv oldu, cəhənnəmə getdi.

2023-cü il 19-20 sentyabr tarixində isə aparılan lokal antiterror tədbiri nəticəsində ölkəmizin suverenliyi, ərazi bütövlüyü təmin olundu.

Son 20 il ərzində Ağstafa-Qazax rayonlarının elektrik təchizatını yaxşılaşdırmaq, abonentləri fasiləsiz enerji ilə təmin etmək üçün "Ağstafa", "Şəkərli" yarımstansiyasının yeni binası tikilərək istifadəyə verilmişdir. Onlarla güc transformatorlarının yenilənməsi, digər yarımstansiyalarında əsaslı təmir işləri aparılmışdır.

Bu günlərdə noyabr ayının 8-də doğma Xankəndidə hərbi parad zamanı Ali Baş Komandan çıxış edərək dedi: "Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim. Əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm də andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın dövlət bayrağını işğal altında olan torpaqların hər bir guşəsində dalğalandıracağıq".

Həddindən artıq qürurverici bir haldır ki, dövlət başçısı İlham Əliyev dediklərini əməli ilə sübuta yetirdi. Bu da bir Azərbaycan vətəndaşı kimi məni həddindən artıq qürurlandırır.

Son 20 ildə Azərbaycan elektrik enerjisi ixrac edən bir ölkəyə çevrilmişdir. Respublikamızda dayanıqlı enerji sistemi qurulmuşdur. Hazırda işğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonasına çevrilməsi üçün layihələrin həyata keçirilməsi davam etdirilir ki, heç şübhəsiz ölkə iqtisadiyyatına gözlənildiyindən artıq töhfələr bəxş edəcəkdir.

Sözün əsl mənasında indi Azərbaycan xalqı Prezidentin son 20 ildə həyata keçirdiyi düzgün siyasətin bəhrəsini görür.

Vəli VƏLİYEV,

"Respublika".