İkili diplom ali təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm faktordur
Elm və təhsil

İkili diplom ali təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm faktordur

Müasir elmi-texniki tərəqqi dövründə təhsilin iqtisadi həyatda artan rolu insan kapitalının inkişafına dövlət dəstəyinin davam etdirilməsini, ən başlıcası isə ölkədə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını çox vacib və təxirəsalınmaz vəzifə kimi qarşıya qoyur. Bu da ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsini tələb edir. İnkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sistemini beynəlxalq standartlar səviyyəsində təşkil etməklə nail olmuşlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın da başlıca məqsədi ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, "qara qızılın insan kapitalına çevrilməsi" olmuşdur. Son nəticə ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali məktəb sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Ötən müddət ərzində minlərlə gəncimiz dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır. Çox maraqlıdır ki, ölkəmizin ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə bir çox layihələr həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" bu sahədə müasir inkişaf dövründə daha sürətli və ahəngdar yüksəlişə nail olmaq üçün qarşıya daha konkret vəzifələr qoyulmuşdur.

Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi və professor-müəllim heyəti ölkə başçısı tərəfindən irəli sürülən təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə öz sanballı töhfələrini verir. Aqrar Universitet Türkiyənin Ege Universiteti ilə imzalanmış Memoranduma, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası tərəfindən təsdiq edilmiş protokola uyğun olaraq 2020-2021-ci tədris ilində bakalavr səviyyəsində Aqronomluq və İqtisadiyyat ixtisaslarına beynəlxalq ikili diplom proqramları üzrə dövlət sifarişi əsasında (ödənişsiz) tələbə qəbul həyata keçirilir.

Proqram çərçivəsində artıq ötən ildən başlayaraq hər il 120 tələbə 3 il ADAU-da, bir il isə Ege Universitetində ödənişsiz təhsil alır. İkili diplom proqramının "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində maliyyələşdirilir. Hər iki ali təhsil müəssisəsinin diplomlarının verilməsi ilə yekunlaşacaq tədris və təcrübə prosesinin bir hissəsi Ege Universitetində təşkil olunub. Bundan başqa, dərslər hər iki təhsil müəssisəsinin təcrübəli professor-müəllim heyəti tərəfindən aparılır.

Ege Universiteti Türkiyənin nüfuzlu ali təhsil ocaqlarındandır. 1956-cı ildə fəaliyyətə başlayan Universitet İzmir şəhərində Ege bölgəsinin ilk, Türkiyənin isə 4-cü universitetidir. Təhsilin keyfiyyətinə görə nəinki Türkiyədə, hətta dünyada tanınan ali təhsil müəssisəsidir. Burada 70 minə yaxın tələbə təhsil alır. Universitet nüfuzlu reytinq cədvəllərində yer almışdır.

Beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsilin keyfiyyətinin təkmilləşdirilmə fəaliyyəti üzrə vaxtaşırı qarşılıqlı görüşlər keçirilir, fakültələrdə seminarlar təşkil olunur. Türkiyə Respublikasının Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budak, Ege Universitetinin prorektoru Prof. Dr. Banu Yücel, Qida mühəndisliyi kafedrasının müdiri Prof. Dr. Şebnem Tavman, Qida mühəndisliyi kafedrasının əməkdaşı Prof. Dr. İlkin Şengün Aqrar Universitetdə olarkən keçirdikləri görüşlərdə vurğulanmışdır ki, iki qardaş ölkə arasında münasibətlər bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksək səviyyədədir. ADAU ilə Ege Universitetləri arasında həyata keçirilən ikili diplom proqramı isə bu münasibətlərin bariz nümunəsidir.

Proqramın İnformasiya və koordinasiya ofisində üç ay ərzində könüllü fəaliyyət göstərən tələbələrə sertifikatlar təqdim olunur. Hər iki universitet rəhbərliyi və professor-müəllim heyəti arasında birgə əməkdaşlığın qiymətləndirilməsi, karyera planlanması üzrə görüləcək işlər, birgə elm və tədris əməkdaşlığı ilə bağlı məsələlər geniş müzakirə edilir. Bu yaxınlarda isə ADAU-EU beynəlxalq ikili diplom proqramının müdiri Lamiyə Quliyeva Türkiyənin Ege Universitetində olub, Beynəlxalq ikili diplom proqramı çərçivəsində 2022-2023-cü tədris ilinin payız semestrində tədris olunacaq dərslərin keyfiyyəti, hədəflər, qarşılıqlı əməkdaşlıq haqqında məsələlərin müzakirəsində iştirak edib.

Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universiteti arasında keçirilən onlayn formatda iclasda ADAU-nun rektoru Zəfər Qurbanov cari tədris ilinin payız semestrində Türkiyədən ezam olunacaq müəllimlər və tədrisin keyfiyyətli təşkili üçün hazırlığın başa çatdığını qeyd edib, hər iki universitet arasında əməkdaşlıq çərçivəsində artıq tədqiqat yönümlü araşdırmaların aparılması üçün əhəmiyyətli işlərin görüldüyünü vurğulayıb. Ege Universitetinin rektoru Necdet Budak qardaş dövlətlərin bu proqram çərçivəsində təhsil alan tələbələrə böyük ümidlər bəslədiklərini və bunun üçün lazımi dəstəyi göstərəcəklərini bildirib.

Proqram müdiri Lamiyə Quliyeva söhbət zamanı dedi ki, ikili diplom Azərbaycan ali təhsilinin beynəlxalq imici üçün çox vacibdir. Təhsil ocağının rəqabətqabiliyyətini artırır, tədris proqramının beynəlmiləlləşməsini, ali təhsilin ümumavropa məkanına daxil olmasını, tədrisin keyfiyyətinin yüksəldilməsini təmin edəcəkdir. Ümumiyyətlə, beynəlxalq ikili diplom proqramlarının ölkəmizdə tətbiqi inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərimizdə tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramına uyğun olaraq təşkilini təmin edəcəkdir.

Vaqif TANRIVERDİYEV,

"Respublika".