TƏBİƏTLƏ DANIŞMAĞI BACARAN ALİM
Elm və təhsil

TƏBİƏTLƏ DANIŞMAĞI BACARAN ALİM

İnsan həyatı öz mənasını təkcə var olmaqda yox, həm də qurub-yaratmaqda, əməkdə, mübarizədə tapır. Bu mənada, özünü elmə həsr edənlər həm də ikiqat bir ömür daşıyıcısı olurlar. Çünki şəxsi həyat bəzən ictimaiyyətin diqqətini çəkmir, amma elmə sərf olunan həyat həm verdiyi bəhrə ilə, həm də davamçıları ilə xüsusi önəm kəsb edir. Bax, bu mənada indi barəsində danışmaq istədiyim bir alim ömrünü, daha doğrusu, onun elmə həsr etdiyi həyatı sizə tanıtmaq istəyirəm.

Bəhram Hüseyn oğlu Əliyev 1955-ci il sentyabr  ayının 2-də Qərbi Azərbaycanın Zəngibasar rayonunda anadan olub. Onun doğulduğu torpaq düşmən caynağında olsa da, Vətənin bir parçası kimi həmişə and yerimizdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, biz o torpaqlara da qayıdacağıq! Məhz Bəhram Əliyev kimi oğulları olan həmin torpaq öz sahibinə qovuşacaq.

1973-cü ildə əmək fəaliyyətinə "VODQEO"nun Bakı filialında laborant vəzifəsinin icrası ilə  başlaması sabahın alimi üçün gələcəyə gedən işıqlı yolun başlanğıcı oldu. Çox keçmədi ki, Bəhram müəllim Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun hidromeliorasiya fakültəsinin "mühəndis - hidrotexnik" ixtisasına yiyələndi. Elə bu seçimlə də onun alim həyatının uğurları elm dünyasına səs salmağa başladı.

İllər bir-birini əvəz etdikcə, artıq təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da gənc mütəxəssis kimi tanınmaqla diqqəti özünə çəkdi. 1988-ci ildə o, Novoçerkaski şəhərində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib "Meliorasiya və suvarma əkinçiliyi" ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsini aldı. Bu yeni uğur da öz növbəsində artıq onun həyata tətbiq edilən ixtiralarına təkan verdi. Belə ki, təkcə MDB ölkələri deyil, İran, Türkiyə, Kuba, Almaniya, İsrail kimi digər ölkələrdə də onun ixtiraları geniş şəkildə öyrənilməyə və tətbiq olunmağa başlanıldı.

Uğur uğur gətirər, deyiblər. Həm də israrlı və məqsədli, eləcə də əməksevər olanda uğur daha tez gəlir. Bu mənada artıq 1995-ci ildə Bəhram Əliyev Rusiyada doktorluq dissertasiyasını müdafiə edərək "hidrotexniki meliorasiya" ixtisası üzrə alimlik dərəcəsi almışdı. Burada bir məqamı da xatırlatmaq yerinə düşər. Belə ki, bu gün Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli meliorator alim, texnika elmlər doktoru, professor Bəhram Əliyev öz elmi uğurunun, yəni alimlik dərəcəsini Azərbaycan Elmlər Akademiyasında müdafiə edərək, burada da alimlik dərəcəsini təsdiqlətmişdi.

Yorulmaq bilmədən çalışan, çoxlu sayda elmi əsərlərin, kitabların, monoqrafiyaların müəllifi olan Bəhram Əliyev bir çox beynəlxalq akademiyaların da həqiqi və müxbir üzvü seçilmişdir. Onların arasında Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyası, Beynəlxalq Mühəndislər Akademiyası, Rusiya Su Təsərrüfatı Akademiyası, Rusiya Kənd Təsərrüfatı Akademiyası və digərlərinin ünvanlarını öz imzasında təsdiqlədən Azərbaycan alimi ölkəmizdə də yaxşı tanınır. O, çalışdığı bu illər  ərzində çoxlu sayda mükafatların, diplomların, titulların sahibi olmuşdur. Müəyyən dövrlərdə Respublika Kənd Təsərrüfatı nazirinin müavini, sonralar isə Respublika Müdafiə Sənayesi Nazirliyində, Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun direktoru vəzifəsində çalışır. Bu gün iki övlad atası olan Bəhram müəllim paralel olaraq öz biliyini, təcrübəsini Azərbaycan İnşaat Mühəndisləri Universitetinin hidrotexnika və meliorasiya kafedrasının professoru kimi tələbə və magistrlərə öyrədir.

Böyük həyat təcrübəsi olan, torpağın, suyun dilini, təbiətlə təmas qurub onun ağrılarını müalicə etməyi yaxşı bilən professor Bəhram Əliyev bu günlərdə Türk Dünyası Akademiyasının akademiki seçilib. Xoş bir təsadüfdür ki, elmə özünü həsr edən alim məhz doğum günü ərəfəsində bu adı qazanıb. Görünür, burada bir İlahi diqqət də var. Çünki Azərbaycan torpaqlarını eroziyadan qorumaq, su qıtlığının qarşısını almaq üçün bir övlad olaraq gecə-gündüzünü sərf edən, yeni biliklər əxz edən alim öz mükafatını da, halal haqqını da torpağını sevən adamlardan, dəyər verənlərdən alıbdır. Şəxsən mən tanıdığım andan çox doğma bildiyim Bəhram müəllimi bu mükafata ən layiqlilərdən biri hesab edirəm. Mənə görə o, seçilən dəyərlilərimizdən biridir! Və inanıram ki, bu fəxri ad da onun əməyinə verilən növbəti bir qiymətdir.

Sona ÇƏRKƏZ,

şair, publisist.