Gündəm

"İlham Əliyev. İnkişaf – məqsədimizdir" çoxcildliyinin 128-ci kitabı çapdan çıxıb

AZƏRTAC xəbər verir ki, çoxcildliyin yeni kitabında toplanmış materiallar 2023-cü ilin may ayını əhatə edir. May ayının mühüm hadisələrindən biri Prezident İlham Əliyevin ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda keçirilmiş IV beynəlxalq konfransda iştirakı olub. Həmin beynəlxalq konfransın materiallarının davamı yeni kitaba daxil edilib. Dövlətimizin başçısı konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Türk Dövlətləri Təşkilatının inkişafında Azərbaycanın roluna dair suala Azərbaycan Prezidentinin verdiyi cavab onun digər fikirləri kimi aktuallığı, uzaqgörən hədəfləri və bəşəri məzmunu ilə diqqət çəkir.

Sitat: Türk Dövlətləri Təşkilatına gəldikdə, Azərbaycan təşkilatın bütün fəaliyyəti dövründə fəal olub. Vaxtilə onun adı fərqli olsa da, biz çox fəal olmuşuq. Bəzi vaxtlarda müəyyən ölkələrin fəallığı dəyişib, bəziləri daha fəal, digərləri az fəal olub. Elə dövr olub ki, Zirvə toplantıları müntəzəm keçirilməyib. Lakin Azərbaycan hər zaman mühüm ölkə olaraq qalıb. Təsadüfi deyil ki, təşkilatın yaradılması haqqında Bəyannamə 10 il bundan əvvəl Naxçıvanda qəbul edilib. Təşkilatın adının dəyişdirilməsi onun, sadəcə, necə adlandırılması məsələsi deyil. Burada mahiyyətdən söhbət gedir və biz görürük ki, təşkilata üzv olan ölkələr səylərini səfərbər etməlidir. Biz təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək hər kəs bundan faydalanar. Bizim geniş coğrafiyamız, bəzi ölkələrin böyük təbii sərvətləri, o cümlədən enerji ehtiyatları, bəzi ölkələrin güclü hərbi imkanları var. Beləliklə, biz bütün bu səyləri birləşdirsək, qlobal səviyyədə ciddi oyunçu görə bilərik. Hesab edirəm ki, təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır.

Prezident İlham Əliyev may ayında, həmçinin Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Füzuli, Kəlbəcər və Şuşaya səfərlər edib, yaşayış məhəllələrinin, kəndlərin, məktəblərin, xəstəxanaların və digər obyektlərin təməlqoyma mərasimlərində, eyni zamanda, bir sıra obyektlərin açılışında iştirak edib, eləcə də bərpa-quruculuq işlərinin gedişi ilə tanış olub. Bütün bunlar haqqında informasiyalarla 128-ci kitabda tanış olmaq mümkündür.

Bu kitaba Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətinin mətni daxil edilib. Müraciətdə Azərbaycan xalqının müdrik xalq olduğu, ən çətin anlarda düzgün qərar qəbul etdiyi vurğulanır.

Sitat: Sabitlik inkişaf üçün, təhlükəsizlik üçün əsas şərtdir. Bu gün dünyanın bir çox yerlərində sabitlik pozulub, müharibələr, münaqişələr, toqquşmalar baş verir, o, ölkələri geriyə atır. Hər kəs bunu Azərbaycanın timsalında əyani şəkildə gördü ki, sabitlik olan yerdə əmin-amanlıq da var, inkişaf da var. Sabitlik üçün isə güclü lider lazımdır. Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı. Azərbaycan xalqı müdrik xalqdır, dəfələrlə ən çətin anlarda, ən çətin dövrlərdə yeganə düzgün müdrik qərar qəbul edir".

Çoxcildliyin 128-ci kitabında Prezident İlham Əliyevin Belçika Krallığına, Rusiya Federasiyasına işgüzar, Litva Respublikasına isə rəsmi səfərlərinə, eləcə də Azərbaycana gəlmiş İsrail Dövlətinin Prezidenti İshaq Hersoq ilə görüşünə, "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı"nın imzalanmasına, liderlərin birgə mətbuata bəyanatlarla çıxışlarına aid materiallar yer alıb.

Yeni nəşrə Azərbaycan Prezidentinin bir sıra dövlətlərin ölkəmizə səfər etmiş parlament sədrləri ilə görüşlərinə dair informasiyalar daxil edilib.

Oxucu bu kitabda Prezident İlham Əliyevin "Bakı Ürək Günləri" VIII Beynəlxalq Konqresin, "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda beynəlxalq konfransın, Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətlərinin mətnləri ilə də tanış ola bilər.

Yeni nəşrdə Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana zəng edərək prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik etməsi haqqında informasiya, bu münasibətlə Türkiyə liderinə məktubunun mətni də verilib.

Prezident İlham Əliyev may ayında Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - "Caspian Agro" və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi "Interfood Azerbaijan" sərgiləri ilə tanış olub, Taekvondo üzrə XXVI Dünya Çempionatının açılış mərasimini izləyib. Bütün bunlar haqqında informasiyalar da yeni kitabda yer alıb.

"Azərnəşr" tərəfindən buraxılan 128-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.