İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası
Digər xəbərlər

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası

Avqust ayının 17-də Müdafiə Nazirliyində İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilib. İclasdan əvvəl Komissiyanın sədri, Dövlət Xidmətinin rəisi İlqar Musayev, Komissiyanın digər üzvləri Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin müasir avtomatik idarəetmə sistemləri ilə təchiz olunmuş Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi və Hərbi Hava Qüvvələrinin yeni istifadəyə verilmiş Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə yaxından tanış olublar.

Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev görülmüş işlərlə tanışlıqdan sonra Koordinasiya Komissiyasının üzvlərinə sahə üzrə layihələrlə bağlı ətraflı məlumat verib. Komissiyanın sədri İlqar Musayev isə Müdafiə Nazirliyinin orduda informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. Sonra İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası öncədən müəyyən olunmuş gündəliyə uyğun müzakirələrə başlayıb, informasiya təhlükəsizliyinə dair dövlət qurumlarından daxil olan məsələlər müzakirə edilib. Komissiyaya üzv qurumların nümayəndələrindən ibarət yaradılmış və 5 fərqli istiqamət üzrə fəaliyyət göstərən işçi qruplarda keçirilən görüşlərin nəticəsi və görülən işlərlə bağlı məlumat verilib, müvafiq qərarlar qəbul olunub.

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının gündəliyinə daxil edilən məsələlərə həsr olunan müzakirələrdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Rəşad Həmzəyev, Xarici Kəşfiyyat Xidmətinin rəis müavini Zaur İsmayılov, Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi Məmməd Eminov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Rasim Əliquliyev çıxış ediblər.

Ramidə YAQUBQIZI,

"Respublika".