İnsanlar üçün şərait rahatlaşdırılır
Sosial həyat

İnsanlar üçün şərait rahatlaşdırılır

Parklanma nəqliyyat sektorunun aktual problemidir. Ölkəmizdə gündən-günə avtomobillərin sayı artır. Lakin danılmaz faktdır ki, avtomobillər artdıqca özü ilə problemlər də gətirir. Parklanma bu problemlərdən ən önəmlisidir. Avtomobillər artsa da park etmək üçün yerlərin sayında isə hələ ki, artım müşahidə olunmur.

Uzunmüddətli və qısamüddətli parklanmaya ehtiyacı olanlar arasında ədalətli şəkildə bölgü olması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yeni mobil tətbiq istifadəyə verib. Tətbiq vasitəsilə insanlar boş parklanma yerlərini tapa biləcəklər. Bu, istifadəçilərin vaxtlarına qənaət etməyə imkan verəcək. Bunun nəticəsində bu sahədə nizam-intizam yaradılacaq və qanunsuz pul yığımının qarşısı alınacaq. Parklanmanın düzgün idarə edilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır.

Bu barədə nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, AYNA tərəfindən irəli sürülən müxtəlif təkliflər var və bu təkliflərin ən əsası artıq reallaşdı: "Yeni mobil tətbiq avqustun 7-dən artıq tam istifadəyə veriləcək. Burada vətəndaşlara keyfiyyətli, dəqiq xidmət göstərilməsi nəzərdə tutulur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qısa müddətdə bunu icra etdi və düşünürəm ki, faydası olacaqdır. Burada uzunmüddətli parklanmanın qarşısını almaq üçün bir çox addım atılır. İş yerlərində vətəndaşların avtomobildən istifadə etməsinin səbəbi təhlil olunmalı, insanlar üçün rahat şərait yaradılmalı və ondan sonra tələblər irəli sürülməlidir. Bu gün biz insanlara şəxsi avtomobilindən daha az istifadə etməsini məsləhət görə bilmərik. Hər bir halda mən düşünürəm ki, Prezident tərəfindən də irəli sürülən siyasət sırf bununla bağlıdır ki, vətəndaşlara, ilk növbədə, şərait yaratmalı, sonra tələb etməliyik. Düşünürəm ki, bu mövzuda kifayət qədər iş görmək mümkündür. Məhdudiyyət çox olsa da həll imkanları var. Həmin imkanlardan nə qədər geniş istifadə etsək vətəndaşlar üçün də o qədər faydalı olacaq. Bu gün Bakı şəhərində həqiqətən də parklanma ilə bağlı məhdudiyyət var. Amma vəziyyətdən çıxış yolu yalnız vətəndaşlardan avtomobillərin istifadəsini azaltmaq tələbi deyil. Parklanma ilə bağlı qərarların icrası müəyyən bir dövrdən sonra tam həllini tapacaqdır".

Röya RÜSTƏMLİ,

"Respublika".