İqnazio Kassis: İsveçrə vasitəçilik imkanlarını tərəflərə təklif edib
MÜSAHİBƏLƏR

İqnazio Kassis: İsveçrə vasitəçilik imkanlarını tərəflərə təklif edib

İsveçrə hər iki tərəfə öz xidmətlərini təklif edib və tərəflər bundan istifadə ediblər. Bu kontekstdə hər iki ölkənin xarici işlər nazirləri oktyabrın 2-də Cenevrədə ikitərəfli fikir mübadiləsi aparıblar. Cenevrə ikitərəfli formatı bir ay sonra - noyabrın 7-də yenidən xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda davam etdirilib.

AZƏRTAC xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassis Kantonlar Şurasının (Senat) üzvü, İsveçrə-Ermənistan dostluq qrupunun həmsədri Karlo Sommaruqanın qərəzlı bəyanatına cavab olaraq bildirib. Prezident bildirib ki, Ermənistan sözügedən yüksəkliklərin öz ərazisində yerləşdiyini iddia etsə də, Azərbaycan tərəfi həmin yerlərin iki ölkə arasında demarkasiya edilməmiş sərhəd boyunca yerləşdiyini söyləyir. Qeyd edilib ki, bu il sentyabrın 14-dən bəri kövrək atəşkəs qüvvədədir və İsveçrə öz narahatlığını müxtəlif formalarda - açıq, ikitərəfli və çoxtərəfli formatlarda dilə gətirib. İsveçrə tərəfləri 10 noyabr 2020-ci il üçtərəfli Bəyannaməyə və 14 sentyabr atəşkəsinə əməl etməyə çağırır və ümidvardır ki, danışıqlar yolu ilə davamlı həll yolu tapıla bilər.

Daha sonra İ.Kassis bildirib ki, İsveçrə sərhədlərin müəyyənləşdirilməsində bütün vasitəçilik imkanlarını tərəflərə təklif edir, çünki sərhədlərin müəyyənləşdirilməsi mübahisəli məsələlərin özəyini təşkil edir və bununla bağlı kifayət qədər aydınlıq mövcud deyil. Bundan başqa isə İsveçrə beynəlxalq hüquqa yüksək səviyyədə hörmət edir və onu dəstəkləyir.

Qeyd edilməlidir ki, K.Sommaruqa bəyanatında Ermənistanın Azərbaycan tərəfindən təcavüzə uğradığını, bu xüsusda ölkəmizin Türkiyə ilə birgə hərəkət etdiyini bildirib və məsələ ilə bağlı İsveçrə Konqresinin üzvləri Stefan Müller-Altermatt və Mişel Matterin yaxın aylarda Ermənistana səfəri zamanı acınacaqlı vəziyyətin müşahidə edildiyini ifadə edib. Eləcə də "Migros" şirkətinin ortağı olan SOCAR-ın İsveçrədə qazanc əldə edərək müharibəni maliyyələşdirdiyini vurğulayaraq, İsveçrə və Avropa üçün fundamental dəyərlərin qaz və neftdən daha önəmli olmasını söyləyib və nəticə etibarilə, Federal Şuranın məsələyə dair mövqeyinin formalaşmasının vacibliyini bildirib.

İ.Kassis isə bu sualın cavabında bildirib ki, Federal Şura İsveçrədə yerləşən şirkətlərdən insan hüquqlarına hörmət etmələrini, öz fəaliyyətlərini beynəlxalq səviyyədə tanınmış standartlar və təlimatlarla əlaqələndirmələrini və bununla da öz öhdəliklərini üzərinə götürmələrini gözləyir: "Biz bunu təkcə Ermənistan və ya Azərbaycanla əlaqəsi olan şirkətlərdən deyil, bütün şirkətlərdən gözləyirik. Bununla belə, qazanclarının necə istifadə olunacağına qərar verməkdə sərbəstdirlər. İsveçrədən xaricə kapital transferi yalnız qanunla nəzərdə tutulduğu halda məhdudlaşdırıla bilər".