İqtisadiyyat Nazirliyində görüş
İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyində görüş

Mayın 16-da Xorvatiya Parlamenti sədrinin müavini Davorko Vidoviçlə görüşdə enerji, turizm, informasiya texnologiyaları, əczaçılıq və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar vurğulanıb, xorvat iş adamları fəal əməkdaşlığa dəvət olunub.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xorvatiya Parlamenti sədrinin müavini Davorko Vidoviçlə görüşüb. Nazirliyin mətbuat xidmətindən bildirilir.

İqtisadiyyat nazirinin müavini Xorvatiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini, tərəfdaşlığın genişlənməsi üçün məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb. Bildirilib ki, qarşılıqlı səfərlər, aparılan müzakirələr ikitərəfli münasibətlərin inkişafında önəmli rol oynayır. Xorvatiya ilə enerji, turizm, informasiya texnologiyaları, minatəmizləmə, əczaçılıq və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var.

Sahib Məmmədov xorvat iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və  investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət edib. 

Davorko Vidoviç Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi münasibətlərin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, Xorvatiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

“Respublika”.