İşadamlarına dövlət qayğısı artır
İQTİSADİYYAT

İşadamlarına dövlət qayğısı artır

25 Aprel  Sahibkarlar Günüdür

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il Sərəncamına əsasən, aprelin 25-i artıq 7 ildir ki,  Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafına, məşğulluğun təmin olunmasına, həmçinin  sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Həmin dövrdən öncə də Azərbaycan planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid prosesində xeyli inkişaf yolu keçib. Ümumiyyətlə, Azərbaycanda sahibkarlığın inkişafı ən mühüm məsələlərdən olub. Daxili bazarın güclənməsi, xarici siyasətə də böyük təsir göstərir. Azərbaycanın istehsal etdiyi ipək,  pambıqçılıq nümunələrinə görə regionda tayı-bərabəri yoxdur. Bu gün dövlət sektoru ilə yanaşı, özəl sektora dəstək milli prioritetimizdir. Bu sahədə həyata keçirilən islahatlar isə hələ ulu öndər Heydər Əliyevin hakimiyyət dövründən  başlayıb. Maliyyə sahəsində göstərilən dəstəyin və qanunvericilikdə sahibkarlarla bağlı müsbət yönümlü qanunların icra edilməsi sayəsində kiçik və orta sahibkarlar üçün münbit mühit yaradılıb. Ulu öndərin Sərəncamı ilə qəbul edilən, 1993-1995 və 1997-2000-ci illəri əhatə edən iki Dövlət Proqramının icrası istiqamətində  əhəmiyyətli tədbirlər görülüb. Əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınıb, kiçik sahibkarlıq subyektlərinin bir hissəsinə vahid vergi tətbiq edilib. Həmçinin özəl sektora zəruri texniki yardım – məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar yaradılıb. Bu sayədə minlərlə vətəndaş, sahibkar öz sektorunda inkişaf edib, dünyaya açılıb.

Ötən əsrin sonlarında ulu öndər sahibkarlarla bağlı bir sıra problemləri ortadan qaldırmaq məqsədilə fərmanlar verib.  Buraya 1996-cı il 17 iyun tarixli “İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə”, 1999-cu il  7 yanvar tarixli “Dövlət  nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanları aiddir. Bütün maneələrin ortadan qaldırılmasına xidmət edən tədbirlər nəticəsində ölkədə inflyasiya azalıb, büdcə kəsiri ÜDM-in 1-2 faizi səviyyəsinə enib. Bunun nəticəsidir ki, həmin illərdə dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunub və dinamik inkişafı təmin etmək mümkün olub.

Həmin illərdə Heydər Əliyevin atdığı addımlar, qəbul etdiyi fərmanların nəticəsidir ki, 2002-ci ildə ölkədə ÜDM-in 71 faizi özəl bölmənin payına düşüb. Ulu öndərin 2002-ci il aprelin 25-də  iş adamları ilə görüşü baş tutub. Həmin görüşdə qazanılan nailiyyətlər barədə Heydər Əliyev məlumat verib: “İqtisadiyyatın böyük bir hissəsi sahibkarların əlindədir və onların səmərəli işləməsi Azərbaycan iqtisadiyyatının inkişafını təmin edən amildir”. Bu görüşdən sonra Heydər Əliyev bir sıra göstəriş və fərmanlar verib, müəssisələrin vergi borcları, özəlləşmədən olan borclar bağışlanılıb. 2002-ci ilin sentyabrında imzalanmış “Sahibkarlığın  inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında”, “Azərbaycan Respublikasının yanında Sahibkarlıq Şurasının yaradılması”, “Sahibkarlara Kömək Milli Fondunun yaradılması”  və  “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” fərmanlar sahibkarlığın inkişafında çox böyük rol oynadı.

Atılan bütün addımlar ulu öndərin və Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi sahibkarlığın inkişaf modelini formalaşdırıb, dövlətlə sahibkarlar arasında münasibətləri institusional səviyyədə tənzimləyib.

Hazırda sahibkarlıq sahəsində mühüm işlər görülür. Kiçik və orta sahibkarlığın inkişafında atılan addımların, dövlət qayğısının önəmi regionda Azərbaycanın fərqini bir daha ortaya qoyur. Sahibkarlar hazırda bir çox banklardan rahatlıqla kredit götürə bilir. Ulu öndərin layiqli davamçısı onun qoyub getdiyi siyasəti daha da gücləndirərək davam etdirir. Prezident İlham Əliyevin də bu sahə üzrə bir çox fərman və sərəncamları, hökumətin müvafiq qərarları ilə sahibkarlıq fəaliyyəti üçün hüquqi prosedurlar daha da sadələşdirilib, lisenziya və icazələrin sayı azaldılıb.

Bu vaxta qədər Sahibkarlara Kömək Milli Fondu tərəfindən xeyli sayda yeni müəssisələrin, təsərrüfatların yaradılması, on minlərlə yeni iş yerinin açılması üçün yüzlərlə sahibkara güzəştli kredit verilib. Dövlətin dəstəyi, eləcə də vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi və digər stimullaşdırıcı tədbirlərin görülməsi sahibkarlar üçün necə deyərlər, dənizə düşən üçün xilasedici gödəkcə rolunu oynayır.

Ulu öndərin dövründən başlayaraq özəl sektora göstərilən dövlət dəstəyi bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sahibkarlıq sahəsində lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyanın təşviqi, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya Şuralarının yaradılması özəl sektorun inkişafı üçün böyük imkanlar açıb.

Buna əsasən, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgü sistemi aparılıb. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən isə 2021-ci ilin 1 yanvar tarixinə qeydiyyata alınmış sahibkarlıq subyektlərinin 92,1 faizini mikro, 5,3 faizini kiçik, 2,1 faizini isə orta sahibkarlıq subyektləri təşkil edir. Hazırda ölkədə kiçik, orta və iri sahibkarlar ticarət, kənd təsərrüfatı, xidmət, tikinti, emal sənayesi, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərirlər.

Son illərdə sahibkarlıqla bağlı atılmış ən böyük addımlardan biri də Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən olan “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” prioritetinin əsas məqsədlərindən biri də məhz sahibkarlığın inkişafının stimullaşdırılması və dayanıqlı inkişafın hərəkətverici qüvvəsinə çevrilməsidir. Buna əsasən, hazırda 2021-2025-ci illər üzrə hədəf və prioritetlərin müəyyənləşdirilməsi üçün müvafiq işçi qrupu çərçivəsində intensiv iş aparılır.

Töhfə SƏMƏDOVA,

“Respublika”.