Ermənistan bugünkü reallıqları qəbul edir?
Siyasət

Ermənistan bugünkü reallıqları qəbul edir?

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, Ermənistan Azərbaycana anklav olmayan 4 kəndi qaytarmalı, daha sonra isə digər anklav olan kəndlərin qaytarılması ilə bağlı komissiyalar öz işlərini həyata keçirməlidirlər. Belə də oldu. Azərbaycanın tələblərinə müvafiq olaraq bu 4 kəndin ölkəmizə geri qaytarılması ilə bağlı razılığıa gəlinib. Sərhədlərin delimitasiyası üzrə komissiyalar işləyir və artıq sərhədlər müəyyənləşdirilir. Bu, faktiki olaraq Ermənistanın bugünkü reallıqları qəbul etməsi deməkdir. Bu baxımdan, Azərbaycan Ermənistanla sülh  siyasətini mərhələli şəkildə həyata keçirir.

Düşünürəm ki, 4 kəndin geri qaytarılması regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasına mühüm töhfədir. Eyni zamanda sülhə bir addım daha da yaxınlaşırıq. Məlumdur ki, Alma-Ata şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq. Düşünürəm ki, bu görüş sülh razılaşmasının mətnində mübahisəli məsələlərin həlli üçün irəliyə doğru atılmış addım ola bilər.

4 kəndin geri qaytarılması Azərbaycan diplomatiyasının növbəti qələbəsi, uğuru kimi dəyərləndirilməlidir. Necə ki, biz bir damla belə qan axıtmadan Kəlbəcəri, Ağdamı, Laçını geri qaytarmışdıq, bu gün 4 kəndi də döyüş olmadan, güc tətbiq etmədən geri qaytara bilmişik. Mərhələli şəkildə bütün Azərbaycan torpaqlarını geri qaytara biləcəyik. İnanıram ki, Ermənistan götürdüyü öhdəliklərdən biri olan Zəngəzur dəhlizinin açılması məsələsində də səmimi olacaq. Bu dəhlizin də tezliklə işə düşməsinə şahidlik edə biləcəyik.

Naqif HƏMZƏYEV,

Milli Məclisin deputatı.