İşğaldan azad olunmuş ərazilərimizin bərpasında dost ölkələr iştirak etməkdə maraqlıdır
İQTİSADİYYAT

İşğaldan azad olunmuş ərazilərimizin bərpasında dost ölkələr iştirak etməkdə maraqlıdır

İkinci Qarabağ müharibəsini Qələbə ilə başa vuran Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsinə çevrildi, tariximizə milli qürurumuzun təntənəsi kimi həkk olundu.

Cəmi 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm Qələbə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, qüdrətli ordumuzun və xalqımızın milli birliyinin sayəsində əldə edildi. Azərbaycan ordusu torpaqlarımızı azad etdikcə bütün dünya erməni vəhşiliyinin şahidi oldu. 30 ilə yaxın davam edən işğal dövründə bütün ərazilərimiz erməni vandalları tərəfindən dağıdılıb, şəhər və kəndlərimiz viran qoyulub. Ağdam, Cəbrayıl, Füzuli şəhərlərindən, azad olunmuş digər rayonlardan demək olar ki, əsər-əlamət qalmayıb.

Tarixi abidələrimiz, milli-mədəni, mənəvi dəyərlərimiz məhv edilib. İndi bu ərazilərə səfər edən xarici ölkələrin nümayəndələri, bütün dünya kənd və şəhərlərimizin xarabalığa çevrilməsini, ermənilərin barbarlığının, vandallığının, yırtıcılığının və vəhşi qəbilə şüurunun daşıyıcısı olduğunu öz gözləri ilə görürlər. Artıq bütün dünya erməni vandalizminə şahiddir.

Bu gün Azərbaycan dövlətinin qarşısında duran məsələ və vəzifə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər və kəndlərimizi bərpa etmək, viran qoyulmuş ərazilərə həyat vermək, dirçəltmək və yurd-yuvasından didərgin salınmış vətəndaşlarımızı torpaqlarına qaytarmaqdır. Azərbaycan dövləti bunun öhdəsindən gələcək, işğaldan azad edilmiş ərazilər ölkəmizin ən abad, gözəl guşələrindən birinə çevriləcək. Bunun üçün ölkə rəhbərliyi möhkəm iradəyə, iqtisadi gücə malikdir. Cənab Prezident İlham Əliyevin son 17 il ərzində apardığı iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, bu gün iqtisadiyyatımız 3 dəfədən çox artmışdır və Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə həm regionda, həm də dünyada lider dövlətlərdən biridir. Bu barədə ölkə başçısı cənab İlham Əliyev qeyd edib ki, Azərbaycan işğaldan azad olunmuş, dağıdılmış ərazilərini heç bir xarici dövlətdən maliyyə dəstəyi almadan, heç bir bankdan kredit götürmədən öz gücünə bərpa edəcək, bunun üçün ölkəmiz güclü iqtisadiyyata, valyuta ehtiyatlarına malikdir. Möhkəm maliyyə imkanları sayəsində çox keçməyəcək işğaldan azad olunmuş torpaqlarımıza həyat qayıdacaq, ərazilərimiz yenidən çiçəklənəcək və inkişaf etmiş məskənlərdən birinə çevriləcək. Həmin yerlərdə müasir infrastrukturun yaradılması məqsədilə ilkin olaraq 2,2 milyard manat vəsait ayrılıb. Ölkə başçısının 4 Yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad olunmuş ərazilərdə bütün sahələrdə quruculuq-bərpa, abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın və digər məsələlərin dəstəklənməsi üçün “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond işğaldan azad olunmuş torpaqların bərpası və yenidən qurulması, həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini təmin edəcək.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addım yolların çəkilməsi oldu. Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsi işğaldan azad olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılmasıdır. Həyata keçirilən ilk layihələrdən biri Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının yenidən qurulmasıdır. Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan yol 21, Suqovuşandan Talış kəndinə doğru uzanan yol isə 7,5 kilometrdir. Artıq bu yollar 2 texniki dərəcəyə uyğun olaraq bərpa edilib. Prezident İlham Əliyevin göstərişinə əsasən Füzulidən Şuşaya yeni avtomobil yolunun çəkilişi sürətlə aparılır. Yanvar ayının 14-də cənab Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərləri zamanı onların iştirakı ilə Füzuli-Şuşa yolunun təməli qoyulmuşdur. Ölkə başçısı bu yolu Qələbə yolu adlandırdı: “Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya. Bu yolun tikintisi aparılır. Əminəm ki, ölkəmizin ən gözəl yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda mənzərəli yoldur, tarixi yoldur, Qələbəyə aparan yoldur”. Bundan əlavə artıq icrasına başlanan başqa bir yol Toğanalı-Kəlbəcər yoludur. Çətin relyefdən keçən bu yol Kəlbəcərdən Laçına qədər davam etdiriləcək, eyni zamanda cənab Prezident tərəfindən Horadizdən Zəngilana, oradan Qubadlıya və Laçın rayonuna qədər yolun çəkilişi ilə bağlı göstəriş verilib. Müasir yolların tikilməsi işğal olunmuş əraziləri yenidən qurmaq, o cümlədən gələcəkdə Qarabağı və onun turizm potensialını inkişaf etdirmək üçün geniş imkanlar açacaq.

Hazırda azad edilmiş ərazilərdə iki beynəlxalq hava limanı inşa edilir. Onlardan birinin Füzuli hava limanının yanvarın 14-də təməli qoyulub. Bu beynəlxalq standartlara cavab verəcək aeroportda təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.

Bu hava limanının inşasında məqsəd xarici qonaqların Şuşaya rahat gəlişini təmin etməkdir. Bundan başqa ikinci hava limanı isə Kəlbəcər və ya Laçın rayonlarının birinin ərazisində inşa ediləcək ki, beynəlxalq hava limanının tikintisinə yaxın zamanlarda start veriləcək.

Azad olunmuş ərazilərimizdə dəmir yollarının da yenidən qurulması işlərinə başlanılıb. Bunlardan biri Bərdə-Ağdam dəmir yolu xəttidir. Bu yolun uzunluğu 104 km olan Yevlax-Xankəndi dəmir yolunun bir hissəsidir. Bundan başqa Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun tikintisinə başlanılıb. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaqdır.

Ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq. Ərazilərdə həm yeni xətlər, həm də yarımstansiyalar qurulur. Bu gün Şuşa şəhəri elektrik enerjisi ilə tam təmin edilib. Hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Şuşa şəhəri su və elektrik enerjisi ilə tam təmin edilib. Azad olunmuş ərazilərdə 75 kilometr məsafədə 110 kilovoltluq 2 dövrəli elektrik verilişi xəttinin tikintisi həyata keçirilir. Növbəti mərhələdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında ümumilikdə 308 kilometr elektrik verilişi xəttinin çəkilməsi, yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkə yaradılacaq. Böyük Qayıdış planına uyğun olaraq düşmən tərəfindən dağıdılmış su elektrik stansiyaları yenidən qurulacaq və artıq bu istiqamətdə ilk addımlar atılıb. Belə ki, Həkəri çayı üzərində yerləşən 8 meqavat gücünə malik “Güləbird” Su Elektrik Stansiyası istifadəyə verilib. Azərbaycan həmçinin “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlib. Qarabağ ərazisində 10-dan çox su elektrik stansiyasının yaradılması nəzərdə tutulur.

Artıq yaşayış məntəqələrinin müasir yanaşmalar əsasında bərpası istiqamətində ilk pilot layihənin icrasına Zəngilan rayonunun Ağalı kəndində başlanılıb. Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən bütün Qarabağ “Yaşıl enerji” zonası elan edilib. Ümumi yaşayış məntəqələri “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyaları əsasında bərpa olunacaq. Pilot layihə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Burada ilkin olaraq 200 fərdi evin tikintisi nəzərdə tutulub. Ağdam şəhərinin bərpasının Baş Planı da ən yüksək şəhərsalma standartları nəzərə alınmaqla hazırlanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhər 100 min əhali üçün planlaşdırılıb. Baş Plana istinadən demək olar ki, Ağdam ən yaxın perspektivdə Azərbaycanın böyük sənaye, turizm şəhərlərindən birinə çevriləcək. Yeni konsepsiyaya əsasən, şəhər intensiv, müasir bağlarla əhatə olunacaq. Həmin bağlarda kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik hotellər tikiləcək. Ağdamın bərpası planında “Ağıllı şəhər”in bütün komponentləri nəzərə alınıb. Burada yüksək mərtəbəli binalar tikiləcək, İT şəbəkəsi, turizm və yaşıllıq zonaları, nəqliyyat və digər infrastruktur sahələri vəhdət halında öz əksini tapacaq. Artıq işğaldan azad edilən ərazilərimizdə olduğu kimi, Ağdamın da həyatında bərpa və quruculuq işləri başlayır. Yaxın zamanlarda ermənilərin dağıtdıqları, miras qoyduqları dağıntıların, xarabalıqların yerində rahat yaşayış evlərinə malik olan bir şəhər salınacaq. Bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri tamamilə yenidən qurulacaq.

Ərazilərimizin bərpası barədə danışarkən ölkə başçısı vurğulayıb ki, bütün əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəmiz, iqtisadi gücümüz mövcuddur və Azərbaycan bu işləri öz gücünə, xarici maliyyə dəstəyi olmadan edəcək: “Şadam ki, bir sıra dost ölkələr - Türkiyə, Pakistan, İtaliya, Çin, İsrail, Belarus, İran, Böyük Britaniya digər dost ölkələr ərazilərimizin bərpası prosesində iştirak etmək arzularını bildiriblər. Azərbaycan dövləti də dost ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə, ikinci kontraktı isə İtaliyadan olan şirkətlə bağlamağı planlaşdırırıq. Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin ölkə başçılarına müraciət edirəm ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Biz istəyirik ki, şəhərlərimizin, kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin”.

Qarabağın yenidən qurulması ilk olaraq Türkiyənin şirkəti ilə bağlanmış müqavilə əsasında Zəngilan-Şuşa yolunun tikintisi işləri sürətlə davam etdirilir. Türkiyədə fəaliyyət göstərən “GOSB” texnoparkı ilə Azərbaycan İnnovasiyalar Agentliyi arasında imzalanmış “Mədəni və Elmi Əməkdaşlıq” memorandumuna əsasən Qarabağda Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “Soft” və “Hard” elmi araşdırmaların aparılması və eyni zamanda yüksək texnoloji cihazların istehsalı nəzərdə tutulur.

Azərbaycana dost olan İtaliya şirkəti ilə enerji istehsalı barədə müqavilə imzalanıb. Azad olunmuş ərazilərdə enerji istehsalı üçün böyük potensial var. Bunlar yenilənən enerji mənbələrindən - su, günəş və küləkdən alınan enerjilərdir. Ölkəmiz azad olunmuş ərazilərdə İtaliyanın kənd təsərrüfatının inkişafı təcrübəsindən də yararlanmaq niyyətindədir. Çünki həmin ərazilər münbit torpağa malikdir və orada maksimum məhsuldarlıq əldə etmək olar. Onu da deyək ki, hazırda bu ərazilərdə fəaliyyətə başlamış xarici şirkətlər Türkiyə, İtaliya və Böyük Britaniyadandır. Bildiyimiz kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko bu yaxınlarda Bakıya səfər etmişdir. Belarus Prezidenti ilə görüşündə ölkə başçısı İlham Əliyev vurğulamışdır ki, biz Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə - həm şəhərsalma, həm də infrastrukturun yaradılması, kənd təsərrüfatının inkişafı sahələrində Belarus şirkətlərinin gələcək iştirakı ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Bu gün Qarabağ “Yaşıl enerji” zonası elan edilib və birinci “Ağıllı kənd” layihəsi həyata keçirilməyə başlayıb. Bu sahədə Belarusun təcrübəsi böyükdür. Alternativ enerji mənbələrinin yaradılmasında Belarus şirkətlərinin təcrübəsi böyükdür. Azərbaycan Qarabağda infrastrukturun yenidən qurulması işində yaxın dost ölkələrlə əməkdaşlığını davam etdirəcək. Bütün şəhərlər bərpa ediləcək və Qarabağ dünyanın ən inkişaf etmiş regionlarından birinə çevriləcək.

Əli SADIQOV,

“Respublika”.