Dövlətin fermerlərə dəstəyi müsbət nəticə verir
İQTİSADİYYAT

Dövlətin fermerlərə dəstəyi müsbət nəticə verir

Kənd təsərrüfatına dövlət dəstəyinin təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanına əsasən qəbul edilmiş "Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması Qaydası" təsdiq edilmişdir. Fərmana əsasən "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemi (EKTİS) və "Subsidiya" İnformasiya Sistemi (SİS) yaradılmışdır. Əkin,  məhsul, eləcə də digər subsidiya növləri fermerlərə maneəsiz, sürətli və əlavə vaxt itirmədən sistem üzərindən hesablanaraq ödənilir.

Zaqatala Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vaqif Şabanov bildirdi ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar üzrə ödənişlər artırılmaqla, təkrar əkinlər üzrə sənəd qəbuluna başlanılmış və fermerlərə avqustun 31-dək vaxt verilmişdir. Zaqatala rayonu 2022-2023-cü təsərrüfat ili üzrə 15345 "Çıxarış" sənədi ilə  8184 fermer EKTİS-dən qeydiyyatdan keçərək 21187 bəyan üzrə 17217 hektar ərazi bəyan etmişlər. Bu bəyanlardan çoxillik əkmələr üzrə 16804, payızlıq bitkilər üzrə 3514 və yazlıq bitkilər üzrə 869 sənəd olmuşdur. Müqayisə üçün qeyd edək ki, 2021-2022-ci ilin təsərrüfat ili üzrə 7161 fermer EKTİS-də qeydiyyatdan keçmişdir. "Çıxarış" sənədi üzrə bəyan bu il 8157-ə yüksəlib.

Mərkəzin direktoru qeyd etdi ki, rayon üzrə fermerlər tərəfindən 17386 subsidiya müraciəti olunmuşdur. EKTİS-də qeydiyyata alınan sənədin inteqrasiyası təmin olunmursa, fermerlərə yeni çıxarış sənədinin alınması üçün ƏMDX-ya müraciət etmələri tövsiyə olunub. Fərmana əsasən 2025-ci ilin sentyabr ayından subsidiya müraciəti üçün yalnız "Çıxarış" sənədi qəbul ediləcəkdir. Bitkiçilik sahəsi üzrə subsidiyaların müəyyən hissəsi ödənilib və proses davam etdirilir. Hazırda monitorinqə düşmüş 396 torpaq sahəsində yoxlamalar aparılır, monitorinq müşahidə hesabatları EKTİS-ə daxil edildikdən sonra həmin fermerlərin subsidiya ödənişləri həyata keçiriləcək.

Cari ildə istifadəsində 10 hektar və daha çox torpaq sahələrində 116 bəyan sahəsinə görə fermerlərlə sığorta müqaviləsi imzalanmışdır. Ümumilikdə taxıl, texniki bitkilər, tumlu və çəyirdəkli meyvələr və digərləri sığortalanmalı olan bitkilərə aid edilmişdir.

Rayonda mövsüm üzrə ümumi 8064 hektar sahədə taxıl əkilmişdir, bundan 4688 hektar buğda, 3376 hektar arpa sahəsidir. Hazırda biçin prosesi davam etdirilir. 1958 hektar buğda sahəsi, 2780 hektar arpa sahəsi olmaqla ümumilikdə 4738 hektar sahə biçilmişdir. Əsas əkin kimi 3565 hektar sahədə qarğıdalı əkilmişdir. Bundan 26 hektar müəssisələr tərəfindən, 3474 hektar isə fermerlər tərəfindən əkilmişdir.

Qeyd olundu ki, Kənd Təsərrüfatı Nazirliyinin AKİA xətti ilə fermerlərə kənd təsərrüfatı texnikalarının əldə edilməsi üçün texnikanın dəyərinin  əvvəlcədən 20 faiz ödəməklə 40 faiz olmaqla güzəşt tətbiq edilir. Damazlıq heyvanlara isə 60 faiz dövlət tərəfindən güzəşt nəzərdə tutulur.

M.NƏRİMANOĞLU,

"Respublika".