İslahatlar qanunçuluğun daha da möhkəmləndirilməsinə xidmət edir
Siyasət

İslahatlar qanunçuluğun daha da möhkəmləndirilməsinə xidmət edir

“Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bu il prokuorluq işçiləri peşə bayramlarını Azərbaycanın dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümü ərəfəsində qeyd edəcəklər. Xalqımız iyirminci yüzillikdə ikinci dəfə müstəqil dövlət qurmaq imkanını mürəkkəb tarixi dövrdə qazandı və sovet hakimiyyətinə, imperiya qüvvələrinə qarşı başlanmış azadlıq hərəkatı dalğasında hakimiyyəti qəsb edən naşı və iradəsiz şəxslərdən ibarət qruplaşmanın yarıtmaz fəaliyyəti nəticəsində onu itirmək təhlükəsi ilə üzləşdi. Yalnız 1993-cü ilin iyununda - ölkəni bürüyən xaosun vətəndaş müharibəsinə keçmək qorxusu gerçəkləşərkən cəmiyyətin vətənpərvər bir qrupu əvəzsiz milli lider, ulu öndər Heydər Əliyevə xilaskarlıq missiyasını öz öhdəsinə götürmək xahişi ilə müraciət etdilər. Bu, öz taleyinə sahib çıxmaq istəyən, əmin-amanlıq, haqq-ədalət  arzulayan, işğalçılara qarşı dirəniş göstərməyə çalışan xalqın çağırışı idi.

Məhz ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi, dövlətçilik təcrübəsi sayəsində Azərbaycan müstəqilliyin ilk illərindəki mürəkkəb vəziyyətdən çıxa,  ağır sınaqları dəf edə bildi. Separatçılıq meyillərinin və vətəndaş müharibəsinin qarşısı alındı,  xalqın birliyi və həmrəyliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdı.

Ulu öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyası milli dövlət quruculuğunun bünövrəsini təşkil edərək, hakimiyyət bölgüsü prinsiplərinin tam təşəkkül tapmasında, parlament ənənələrinin zənginləşdirilməsində mühüm rol oynadı. Sonrakı dövrdə referendumlar vasitəsilə Konstitusiyanın müəyyən maddələrinə əlavələr olunaraq, dövlət quruculuğu sistemi əhəmiyyətli dərəcədə təkmilləşdirildi.

Cinayətkarlığa qarşı mübarizə, cəmiyyətin kriminal ünsürlərdən təmizlənməsi, ictimai asayişin və təhlükəsizliyin təmin olunması, ən başlıcası, müstəqil dövlət quruculuğunu təhdid edən silahlı çevriliş cəhdlərinə son qoyulması ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdə qətiyyətli fəaliyyətinin əsas istiqaməti oldu. Qanunazidd hərəkətlərin cəmiyyətə ciddi mənəvi-əxlaqi zərər vurduğunu, cəzasızlıq mühitinin milli inkişafın qarşısında çox böyük maneə olduğunu yaxşı bilən dahi rəhbər  cinayətkarlığa qarşı, sözün həqiqi mənasında, savaş açdı və qısa müddətdə ölkədə asayişi təmin etdi. Demokratik və hüquqi cəmiyyətdə fəaliyyət istiqamətləri tarixi varislik ənənələri və müstəqil dövlətimizin Əsas Qanunu - Konstitusiyası çərçivəsində müəyyənləşən prokurorluq orqanları da bu mübarizənin  fəal iştirakçısı oldu. Ulu öndər bu orqanlardakı dövlətçilik prinsiplərinə sadiq, saf əqidəli əməkdaşlara inam və etimadını hər il 1 oktyabrı ölkəmizdə  prokurorluq işçilərinin peşə bayramı kimi qeyd etmək barədə Sərəncam imzalamaqla təsdiqlədi. Azərbaycan Xalq Cumhuriyyəti dövrü ilə tarixi və mənəvi bağlılığı olan bu bayram artıq  iyirmi üç ildir qeyd olunur və  prokurorluq orqanlarının hər bir əməkdaşında öz şərəfli peşəsinə görə qürur hissi doğurur. “Dövlətçiliyin keşiyində durmaq, insanların hüquqlarını qorumaq, cəmiyyətdə qanun-qaydanın saxlanılmasını təmin etmək və insanların rahat yaşamasına xidmət etmək - çox şərəfli vəzifədir,” - ulu öndər Heydər Əliyevin bu sözləri prokurorluq işçilərinin peşə fəaliyyətinin əsas prinsipləridir.

Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratiyanın dərinləşdirilməsi və sosial-iqtisadi inkişaf üçün əlverişli zəmin yaradılması ölkəmizin hüquq-mühafizə və ədliyyə sisteminin də təkmilləşdirilməsini, beynəlxalq təcrübənin tətbiqi ilə müasirləşdirilməsi vəzifəsini qarşıya qoyurdu. Milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən dövlət təsisatı kimi Azərbaycan prokurorluğu bir sıra  istiqamətlərdə çox mühüm nailiyyətlər əldə edib. Bu gün prokurorluq orqanlarının fəaliyyətinin qanunvericilik əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”  Azərbaycan Respublikası Qanunları, digər müvafiq qanunlar və dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin apardığı qətiyyətli hüquqi islahatlar nəticəsində prokurorluq orqanlarının səmərəli fəaliyyəti təmin olunub, maddi-texniki təminatı yaxşılaşdırılıb, prokurorluq işçiləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ən başlıcası, davamlı xarakter daşıyan islahatlar və yeniləşmə prosesi qanunazidd əməllərə, cinayətkarlığa, korrupsiyaya və kriminal xarakterli bütün mənfi təzahürlərə qarşı mübarizənin yeni müstəviyə qaldırılmasına, prokurorluğun kadr potensialının yüksəktəhsilli, müasir dünyagörüşlü, nəzəri biliklərə sahib, səbatlı gənclər hesabına möhkəmləndirilməsinə imkan yaradıb. Son iyirmi ildə prokurorluq orqanlarında işə qəbulun tam aşkarlıq şəraitində, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, beynəlxalq təşkilatlar, media nümayəndələrinin iştirakı ilə şəffaf prosedurlar əsasında aparılması hüquqi islahatların mühüm tərkib hissəsidir. Onu da qeyd etməliyik ki, hazırda prokurorluq əməkdaşlarının peşəkarlıq səviyyəsi ilə bağlı tələblər çox yüksəkdir: çünki qanunçuluğun, hüquqi-sosial ədalətin təminində bu amil mühüm rol oynayır.

Ölkə başçısı  cənab İlham Əliyev ötən il mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən prokurorluq orqanları qarşısında islahatları daha da dərinləşdirmək vəzifəsi qoyaraq, müvafiq tapşırıq və tövsiyələr verib. Dövlətimizin başçısı kadrların peşəkarlığının artırılması ilə yanaşı, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsini tələb edib. “Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır!” - cənab Prezidentin qətiyyətli mövqeyini ifadə edən bu tələbin icrası hazırkı mərhələdə prokurorluq orqanlarının fəaliyyətinin ən mühüm istiqamətidir. Onu da qeyd edək ki, ölkəmizdə korrupsiyaya qarşı barışmaz mübarizə sahəsində son illərdə qazanılan müsbət təcrübə mötəbər beynəlxalq qurumların hesabatlarında yüksək qiymətləndirilir.

Vətəndaşların hüquq və azadlıqlarının qorunması, onların məmnunluğunun təmin edilməsi hüquqi və demokratik cəmiyyətdə prokurorluq orqanlarının vacib missiyasıdır. Dövlətimizin başçısının tələblərinə uyğun olaraq, Baş prokurorluq tabeliyindəki bütün qurumların, o cümlədən rayon prokurorlarının vətəndaşlarla işə həssaslıqla yanaşmasına xüsusi əhəmiyyət verir.

Ötən ilin payızında, təcavüzkar Ermənistanın növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun apardığı “Dəmir yumruq” əks-həmlə əməliyyatı zamanı prokurorluq işçiləri də ölkəmizdə birliyin və həmrəyliyin daha möhkəmləndirilməsinə öz töhfələrini verdilər. 44 gün davam edən Vətən müharibəsi bizim hər birimiz üçün sınaq oldu. Baş Prokurorluğun göstəriş və təlimatlarına uyğun olaraq, həm  rayon, eyni zamanda bölgəyə ezam olunmuş  digər prokurorluq  əməkdaşları düşmənin şiddətli artilleriya atəşi altında öz xidməti vəzifələrini yerinə yetirməklə yanaşı, yerli əhalinin təhlükəsizliyinin qorunmasında, vətənpərvərlik ruhunun yüksəldilməsində, şəhid ailələrinə və müharibədən ziyan görən şəxslərə dəstək göstərilməsində fəal iştirak etdilər.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin müdrik rəhbərliyi və sərkərdə qətiyyəti, qəhrəman hərbçilərimizin hünəri sayəsində erməni faşizmi üzərində qazanılan parlaq Zəfər bizim hər birimiz üçün qürur mənbəyidir. Dövlətimizin başçısının hərbi-siyasi və diplomatik addımlarının nəticəsi kimi düşmən otuz ilə yaxın işğal altında saxladığı, böyük xərclər hesabına möhkəm müdafiə istehkamları qurduğu və heç zaman əldən vermək niyyətində olmadığı üç rayonu, o cümlədən Ağdam rayonunu məcburən döyüşsüz tərk etdi. Rayon ərazisinin üçdə iki hissəsinin işğal müddətində dəhşətli dağıntıya və vandalizmə məruz qalması nə qədər kədərli hal olsa da, uzun illərdir əksəriyyəti məcburi köçkünlük həyatı yaşayan rayon sakinləri doğma yurda qayıdacaqlarına görə çox sevnclidirlər və dövlətimizin başçısına hədsiz dərəcədə minnətdardırlar. Bu gün Ağdamda bərpa-quruculuq işlərinə başlanılıb, cənab Prezidentin təşəbbüsü və rəhbərliyi ilə Ağdam şəhərinin bərpa planı hazırlanıb və qəbul edilib. Təbii ki, yeni reallıqlar  rayonun hüquq-mühafizə orqanlarının, o cümlədən prokuorluğun da qarşısında yeni məsul vəzifələr müəyyənləşdirir. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirlərinin görülməsi, mina və partlayıcı qalıqlarının mövcudluğu şəraitində doğma yurdu görmək arzusunda olan vətəndaşların maarifləndirilməsi, onların həyatının qorunması hazırda bizim üçün ən önəmli məsələlərdir. Həmin ərazilərdə Ermənistanın törətdiyi hərbi və mülki cinayətlərin nəticələrinin araşdırılması, təsbit edilməsi, hüquqi cəhətdən qiymətləndirilməsi də vacib fəaliyyət istiqamətidir. Onu da qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında”  1 aprel 2021-ci il tarixli Sərəncamı ilə Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu yaradılıb.

Prokurorluq orqanları bütün dövrlərdə öz xidməti vəzifələrini yerinə yetirərkən dövlət maraqları ilə yanaşı, həm də qanunların aliliyinə cəmiyyətin inamını qoruyublar. Bu gün yeni bir dönəmdə dövlətimizin qarşısında duran taleyüklü vəzifələrin uğurla həll olunması, xalqımızın dincliyinin və firavanlığının təmin edilməsi, vətəndaşların hüquqlarının müdafiəsi hər bir əməkdaşımız üçün müqəddəs işdir və biz bundan sonra da bu işin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.

Vasif  SÜLEYMANOV,

Ağdam rayon prokuroru,

kiçik ədliyyə müşaviri.