İstehsal müəssisələri yaradılır
Sosial həyat

İstehsal müəssisələri yaradılır

İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın təmin edilməsi ilə yanaşı, həm də yeni istehsal sahələri, fabrik və zavod tikintisi, aqroparkların salınması və kənd təsərrüfatının inkişafı istiqamətində də mühüm addımlar atılır. Bütün görülən işlər isə yurda qayıdan sakinlərin işlə təmin olunması üçün vacibdir.

Belə ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, həmçinin dayanıqlı məskunlaşma üçün müasir, layiqli həyatın təmin edilməsi, bütün sahələrdə bərpa-quruculuq, abadlıq işlərinin aparılması prioritetdir. Bu məqsədlə hazırda bölgədə qızğın iş gedir. 30 il erməni vandallığına, terroruna məruz qalmış ərazilər yenidən qurulur. Qəribsəmiş yurd yerlərinə yeni həyat, nəfəs gəlir. İnsanların rahat yaşayışı üçün lazımi bütün şərait yaradılır. Yaşayış binaları, xidmət obyektləri, parklar, hotellər, fabrik və zavodlar tikilir, çoxlu sayda infrastruktur qurulur. Və bütün bunlar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə müşayiət edilir.

İşğal dövründə tamamilə dağıdılan, salamat binası qalmayan ərazilərdən biri də Cəbrayıl rayonudur. Hələ 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində Cəbrayılın Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi ordumuzun nəzarətinə keçmişdi. 44 günlük Vətən müharibəsində isə şəhər işğaldan azad edilən ilk rayon mərkəzi olmuşdu. 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşmüş, 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rayona səfər etmişdir. Ölkə başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırmışdı.

Qeyd edək ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu qum-çınqıl, mişar daşı, kərpic gili, sement xammalı, gəc, əhəng və yəşəm kimi faydalı qazıntılarla zəngindir. İşğaldan əvvəlki dövrdə rayon iqtisadiyyatının əsas sahələri üzümçülük, tütünçülük, heyvandarlıq və taxılçılıq olub. Həmçinin rayonda qaramal kökəltmə, quşçuluq və baramaçılıq təsərrüfatları, xalçaçılıq müəssisəsi, üzüm emalı və çörək zavodları, kənd təsərrüfatı texnikasının təmiri müəssisələri fəaliyyət göstərib.

Yurda qayıdış planına əsasən rayonda yaşayış binaları ilə yanaşı, istehsal müəssisələri də salınır ki, bu da cəbrayıllıların işlə təmini sahəsində atılan addımlardan biridir. 2021-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının təməlini qoydu. Cəbrayılda tikilən 200 hektar ərazini əhatə edən aqropark kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara ayrılıb. Sənaye zonası tam fəaliyyətə başladıqdan sonra orada logistika və anbar kompleksləri, TIR parkı, topdan və pərakəndə satış obyektləri, müxtəlif istehsal və xidmət müəssisələri fəaliyyət göstərəcək. Bu sənaye parkında dağ-mədən və bitkiçilik məhsullarının da istehsalı nəzərdə tutulur. Ötən il mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Improtex Qarabağ Sənaye Kompleksi" MMC-nin təməlini qoydu.

"Improtex Qarabağ Sənaye Kompleksi" MMC tərəfindən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 5 hektar ərazidə investisiya həcmi 7.4 milyon manat olan layihə çərçivəsində mərhələli şəkildə xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı nəzərdə tutulur. Müəssisədə il ərzində 300 ədəd tentli yarımqoşqu, 100 ədəd mexaniki minatəmizləyən, 100 ədəd yanğınsöndürən və 100 ədəd zirehli maşın istehsal olunacaq. Məhsulların daxili bazara satılması ilə yanaşı, Xəzəryanı və Şərqi Avropa ölkələrinə ixracı da planlaşdırılır. Layihənin həyata keçirilməsi ilə 124 nəfər işlə təmin ediləcək. Burada "Improtex Industries" şirkətinin "Revival P" və "Revival T" mexaniki minatəmizləyən maşınları, eləcə də ITX SII 450 zirehli personal daşıyıcısı istehsal olunacaq.

Yaxın günlərdə isə daha bir istehsal müəssisəsi yaradılacaq. Belə ki, "Bosco shoes" MMC-yə Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti statusu verilib. Şirkət Parkın ərazisində ayaqqabı istehsalı müəssisəsi yaradacaq. İnvestisiya dəyəri 3,5 milyon manat olan müəssisədə 72 nəfər işlə təmin ediləcək. Bölgədə aparılan işlər müxtəlif sahələri əhatə edir. Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat sistemi də yenidən qurulur. Füzuli-Cəbrayıl-Zəngilan-Ağbənd dəmir yol xəttində də işlər sürətlə davam edir.

Artıq rayon mərkəzində 31 bina inşa olunub. Eyni zamanda bir neçə kəndin təməli qoyulub. Şəhərdə tikilən yaşayış kompleksinin ümumi sahəsi 7,87 hektar təşkil edir. Kompleks 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq. Dəqiq vaxt məlum olmasa da, cari ildə şəhərə sakinlərin köçürülməsi prosesi başlayacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".