Qəhrəmanlıq zirvəsi
Sosial həyat

Qəhrəmanlıq zirvəsi

İkinci Qarabağ müharibəsində hünər göstərib ölümü ilə ölümsüzlüyə qovuşan qəhrəmanlardan biri də Sübhan Rauf oğlu Həsənovdur. 19 illik ömür yolu və şəhidlik zirvəsinə ucalmaqla unudulmayan tarix yazıb. İndi adı dillərdə qəhrəmanlıq dastanına dönən Sübhan Həsənov dövlət tərəfindən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

26 iyul 2001-ci ildə Masallı şəhərində dünyaya göz açan Sübhan hələ uşaq yaşlarında təmiz ürəkli, vicdanlı, qeyrətli Vətən oğlu olaraq el-obada sevilib. Doğma Azərbaycanın daşına, torpağına ürəkdən bağlı olan Sübhan 2019-cu ilin 30 iyul tarixində ordu sıralarına çağırılıb. Və evdə dedikləri də belə olub: "Xalqımızın pozulmaz qəhrəmanlıq tarixi vardır. Vətən, torpaq uğrunda can qoyan polad biləkli igidlərimiz çox olub. Bütün bunlara görə erməni dığaların hərəkətləri məni narahat edir. Məqamı gəlsə, Vətən naminə son damla qanıma qədər döyüşüb, başınızı uca edərəm".

Əsgərliyə cəbhə bölgəsində başlayan Sübhan Həsənov canından artıq sevdiyi Vətəninə sədaqətlə xidmət edib. Cəsurluğu, çevikliyi, vətənpərvərliyi, nümunəvi davranışı, dosta etibarı ona əsgər və zabitlərin rəğbətini qazandırıb. Doğma Azərbaycana sevgisi bir an belə azalmayıb. Onun ərazi bütövlüyü naminə düşmənə qalib gəlməkdən ötrü təlimlər zamanı verilən tapşırıqları vaxtında yerinə yetirib. Üstəlik, sərrast snayper kimi də yaxşı tanınıb.

Beləcə, Vətəni üçün hər an canından keçməyi özünə şərəf bilən igid əsgər Sübhanın ordudan tərxis olmağına sayılı günlər qaldığı vaxt 44 günlük haqq savaşımız başlanıb. O da əlinə silah alıb qeyrətli oğullar cərgəsində ən ağır döyüşlərə qatılıb. Elə ilk gündən düşmənə qan uddurmaqla cəsurluğunu müharibə meydanında təsdiq edə bilib. Füzuli, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşub azad olunmuş Vətən torpaqlarında hər dəfə üçrəngli bayrağımız ucalanda qələbəmizə ürəkdən inanıb. Sübhan son döyüş günündə də Vətənin azadlığı uğrunda gözünü qırpmadan özünü odun-alovun içinə atıb. Son nəfəsə qədər düşmənə sarsıdıcı zərbələr vurub.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.