İxtisaslaşmış və peşəkar hüquqşünas kadrların yetişdirilməsi vacib amildir
Digər xəbərlər

İxtisaslaşmış və peşəkar hüquqşünas kadrların yetişdirilməsi vacib amildir

Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanın milli sərvəti" adlandırdığı Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi 95 il ərzində şərəfli yol qət etmişdir. 1928-ci il dekabrında yaradılmış Hüquq fakültəsi Azərbaycan dövlətinin və cəmiyyətinin inkişafında əhəmiyyətli rol oynamış, bu günə kimi yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanmasında əsas bazanı təşkil etmiş və etməkdə davam edir.

Ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici və məhsuldar qüvvəsi olan insan kapitalına çevrilməsi bu gün ali təhsilin qarşısında dayanan ən vacib vəzifələrdən biridir. Müasir, qloballaşan dünyada hər bir ölkənin iqtisadiyyatının davamlı və dinamik inkişafı onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına inteqrasiyası, həm də həmin ölkədə ali təhsilin səviyyəsi ilə müəyyən olunur. Dövlətin inkişafı və güclənməsi istiqamətində fədakarlıq göstərən milli kadr potensialının yetişdirilməsində ali təhsilin, xüsusilə də hüquq təhsilinin əhəmiyyəti danılmazdır. Beynəlxalq münasibətlər sistemində milli maraqlarının layiqli təmsil edilməsi və qorunmasını istəyən hər bir dövlət güclü, innovativ və tərəqqipərvər bir ali təhsil sisteminə malik olmalıdır. Məhz belə bir sistemin formalaşmasında mühüm rolu olan Hüquq fakültəsi bu 95 ildə dövlətçiliyin möhkəmləndirilməsi, hüquq qaydasının təmin edilməsi işinə mühüm töhfələr vermiş, zaman-zaman ciddi problemlərlə də üzləşmişdir.

Ümummilli Lider Heydər Əliyevin SSRİ dövründə Azərbaycana rəhbərliyə gəlməsi ilə dövlətdə və cəmiyyətdə baş verən müsbət dəyişikliklər Hüquq fakültəsinə də sirayət etmişdir. Belə ki, 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyev respublikanın uzunmüddətli inkişaf strategiyasını kompleks şəkildə işləyib hazırladı və həyata keçirməyə başladı. Bu strategiyada hüquq elminin və təhsilinin inkişafına xüsusi diqqət yetirilirdi. Məhz buna görə də digər sahələrdə olduğu kimi, BDU-nun ən böyük fakültələrindən olan Hüquq fakültəsinin də əsas inkişaf tarixi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ümumiyyətlə, Hüquq fakültəsinin inkişaf tarixinə nəzər salsaq, bunu bir neçə mərhələyə bölmək olar. Ən mühüm mərhələ əlbəttə ki, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbər təyin olunduğu dövrdən başlayır. O vaxta qədər Hüquq fakültəsinə yalnız yüksək vəzifəli şəxslərin övladları daxil ola bilirdilər. Ancaq Ulu Öndərin ədalətli islahatları nəticəsində bürokratik maneə aradan qaldırıldı. Bu, o zaman çox böyük inqilabi addım idi. Yəni sadə ailələrdən olan uşaqlar da artıq Hüquq fakültəsinə daxil olmağa başladılar. Ulu Öndər o vaxt milli kadrların hazırlanması ilə həm də müstəqilliyimizin təməlini qoyurdu. Ona qədər hüquq üzrə kadrlar əsasən rus, ukraynalı və digər millətlərdən idi. Ancaq Ulu Öndərin göstərişi ilə İttifaqın müxtəlif ölkələrinə hüquq təhsili almağa göndərilən azərbaycanlı tələbələr təhsillərini başa vurduqdan sonra Vətənə döndülər və milli kadrlar formalaşmağa başladı.

Növbəti inkişaf mərhələsi Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonrakı dövrə aiddir. Heydər Əliyevin təhsil siyasətində hüquqşünaslara dəstək göstərilməsi hər zaman göz önündə olmuşdur. Ümummilli Lider Heydər Əliyevin elm və təhsil siyasətinin ən başlıca məqsədi milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş və müasir dünyagörüşünə malik olan, yenilikləri qiymətləndirməyi bacaran və rəqabətqabiliyyətli kadrların hazırlanmasından ibarət olmaqla yanaşı, eyni zamanda bu kadrların Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk etməsinə, milli dəyərlərimizə və demokratik prinsiplərə hörmət edən, vətənpərvər, müstəqil və yaradıcı şəxsiyyət kimi yetişməsinə xidmət etmişdir.

Müstəqillik illərində də Ümummilli Lider tərəfindən ali təhsilin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilmişdir. 2000-ci ildə ali təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırılmış, onlara universitet statusu verilmişdir. 1997-ci ildə bakalavriat təhsilini başa vuran məzunlar ilk dəfə olaraq magistratura səviyyəsində təhsilə başladılar ki, bu da respublikamızda hüquq sahəsində də azad tədqiqatçıların sayının artmasına təkan vermişdir.

Bildiyimiz kimi, beynəlxalq səviyyəyə uyğunluq elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsiplərindən birini təşkil edir. Elm sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Ulu Öndərin Azərbaycan elmi və təhsili ilə bağlı apardığı islahatlarda bu prinsip hər zaman rəhbər tutulmuşdur. Ümummilli Lider tərəfindən xaricdə təhsil ənənəsinin əsası qoyulmuş və bu ənənə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında həyata keçirilən gənclər siyasəti Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə daha da inkişaf etmişdir. Məhz bu gənclik Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əsas qüvvəsi olaraq 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış əzəli və əbədi torpaqlarımızı düşməndən azad etdi.

Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərin məhkəmə, icraedici orqanlarda irəli çəkilməsi, həm də hazırda parlamentdə gənc deputatların təmsil olunması mühüm əhəmiyyətə malikdir.

Eləcə də müxtəlif xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və fəaliyyətində yaxından iştirak edirlər. Dövlətimizin başçısının "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə dəstəyinin bariz nümunəsidir.

Bu sahədə Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Ümummilli Liderin xeyirxahlıq missiyasının davamı olmaqla həm də təhsilin inkişafına xidmət edir.

Hüquq fakültəsi Azərbaycan dövlətinin formalaşdırdığı geniş beynəlxalq əməkdaşlıq siyasətindən bəhrələnərək dünyanın aparıcı ali hüquq məktəbləri ilə səmərəli əlaqələr qurmuşdur. Dövlətimizin dəstəyi ilə hüquq ixtisası üzrə Avropada, ABŞ-da, Türkiyədə və digər xarici dövlətlərdə təhsil almış azərbaycanlı məzunlar bu gün Hüquq fakültəsində tədris prosesini uğurla aparırlar. Burada fakültəmizin elm və tədris sahəsində beynəlxalq əlaqələrinin inkişaf etdirilməsini xüsusi vurğulamalıyıq. Belə perspektivli təhsil siyasəti Hüquq fakültəsi üçün də öz uğurlu nəticəsini vermişdir. Fakültəmizdə hazırda iki xarici universitetlə ikili diplom proqramı üzrə təhsil davam etdirilir: Qazaxıstanın Əl-Fərabi adına Milli Universiteti ilə imzalanmış ikili diplom proqramı haqqında müqavilə əsasında həyata keçirilən "Dəniz və enerji hüququ" magistratura ixtisaslaşması üzrə ikili diplom proqramı və Fransanın Lion-2 Universiteti ilə birgə "Əqli mülkiyyət hüququ" magistratura ixtisaslaşması üzrə ikili diplom proqramı. Belə proqramlar iki fərqli dövlətdə təhsil almaq imkanı təqdim etdiyi üçün müəyyən bir mövzu haqqında daha geniş bilik və bacarıq əldə etməyə şərait yaradır.

Məhz bütün bu qeyd olunanlar Hüquq fakültəsinin inkişafının üçüncü mərhələsini - müasir mərhələsini əhatə edir. Hüquq fakültəsi bu gün yeni inkişaf yoluna qədəm qoymuşdur. Son bir il ərzində görülən tədbirlər fakültənin əsas prioritet istiqamətlərinə uyğun olaraq onun inkişafına və tədris prosesinin təkmilləşdirilməsinə xidmət edir. Fakültə üzrə tədris sahəsində beynəlxalq əlaqələrin inkişafı nəticə etibarilə təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsinə gətirib çıxarmışdır. Belə ki, BMT, onun müxtəlif təsisatları, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, Avropa Şurası, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər təşkilatlarla hüquq təhsilinin inkişafı sahəsində əməkdaşlıq və bu təşkilatların nümayəndələri tərəfindən fakültəmizin tələbələri üçün müntəzəm şəkildə mühazirələrin keçirilməsi, eləcə də beynəlxalq təşkilatların respublikamızda olan nümayəndəliklərinin təcrübəsindən yararlanmaq fakültənin başlıca fəaliyyət istiqamətlərindən birini təşkil edir. Bütün bunların nəticəsində Hüquq fakültəsinin tələbələri BMT-nin resurs mərkəzindən istifadə etmək imkanı əldə etmişlər.

Hüquq fakültəsinin elmi bazasının müasir tələblərə cavab verən vəsaitlərlə zənginləşdirilməsi qarşıya qoyulan əsas məqsədlərdən biri kimi çıxış edir. Bu məqsədin yerinə yetirilməsi üçün yeni dərslik, dərs vəsaiti və tədris proqramlarının yüksək elmi səviyyədə hazırlanaraq nəşr olunmasına ciddi əhəmiyyət verilir. Fakültədə bakalavriat və magistratura səviyyələri üçün müasir dövrün tələblərinə uyğun tədris planları, fənn proqramları, dərsliklərin işlənib hazırlanması istiqamətində mütəmadi işlər aparılır. Təkcə onu demək kifayətdir ki, "Heydər Əliyev İli" çərçivəsində fakültə tərəfindən Ulu Öndərin 100 illiyinə həsr edilmiş bir sıra dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar nəşr edilmişdir. Cari il ərzində Fakültə tərəfindən hüququn müxtəlif sahələri üzrə 50-dən çox kitab hazırlanaraq nəşr olunmuşdur ki, onlardan 36-sı dərsliklərdir. Bundan əlavə, 2023-cü ilin yanvar ayından bu günədək fakültə əməkdaşlarının dərc etdirdiyi elmi məqalələrin sayı 200-ü ötmüşdür. Fakültədə elmi fəaliyyət sahəsində nəzərəçarpacaq artım müşahidə olunur.

Bu gün Hüquq fakültəsində tədris prosesinin yeni metodikalar əsasında aparılmasına üstünlük verilir. Belə ki, fakültə istər tədris prosesinin təşkilində, istərsə də elmi tədqiqatların həyata keçirilməsi sahəsində nəzəriyyə və təcrübəni əlaqələndirmək istiqamətində səmərəli fəaliyyət göstərərək, hibrid tədris metodunu ortaya qoymuşdur.

Müxtəlif dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində praktiki işçilərin tələbələrə mühazirələr söyləməsini, müxtəlif dövlət orqanlarının, həmçinin məhkəmələrin fəaliyyəti ilə tanışlıq səfərlərinin təşkilini qeyd etmək olar. Bu məqsədlə, 2022-ci ildən başlayaraq, Hüquq fakültəsi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi arasında razılaşmaya əsasən, fakültənin tələbələri üçün Ədliyyə Nazirliyinin müxtəlif struktur bölmələrində mühazirələr keçirilir.

Fakültənin mütəmadi əməkdaşlıq etdiyi qurumlardan biri də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasıdır. Tələbələr Vəkillər Kollegiyasının dəstəyi ilə müntəzəm olaraq nüfuzlu beynəlxalq məhkəmə müsabiqələrində və digər yarışlarda iştirak edərək fakültəni layiqincə təmsil edirlər. Həmçinin tələbələrimiz müxtəlif vəkil bürolarında təcrübə keçərək praktik bilik və bacarıqlarını artırırlar.

Hüquq fakültəsi, həmçinin Azərbaycan Respublikasının Milli Məclisi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Baş Prokurorluq, Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Ombudsman Aparatı, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Hüquq və İnsan Haqları İnstitutu, Mediasiya Şurası ilə də tədris sahəsində sıx əməkdaşlıq edir. Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıqda fakültədə yeni kafedra - Əqli mülkiyyət hüququ kafedrası yaradılmışdır. Əqli mülkiyyət hüququ ixtisaslaşması üzrə təhsil alan magistrantların dərslərinin praktiki hissəsi Agentlikdə keçirilir ki, bu da tələbələrin peşəkar mütəxəssis kimi formalaşmasında mühüm rol oynayır.

Belə təcrübənin gələcək illərdə müxtəlif dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır ki, bu da öz növbəsində peşəkar hüquqşünas kadrların yetişdirilməsinə xidmət edir. Bütün bunlar məhz hüquq elminin və təhsilinin müasir standartlara uyğun təşkilinə, təcrübi biliklərin əldə olunmasına, gənclərimizin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına yönəlib.

Hüquq fakültəsi, həmçinin "Heydər Əliyev İli" çərçivəsində "Ulu Öndər Heydər Əliyevin hüquq islahatları" adlı maarifləndirmə kampaniyasına başlamışdır. Kampaniyanın əsas məqsədi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin, o cümlədən hüquqi islahatlarının təbliğ edilməsindən ibarətdir.

Hüquq fakültəsinin əsas missiyalarından biri də vətənpərvər, hüquqi dövlət quruculuğuna və hüquqi islahatlara töhfə verə biləcək mütəxəssislərin hazırlanmasından ibarətdir. Bu baxımdan, informasiya cəmiyyətinin formalaşdığı bir dövrdə tələbələrin dünyada və respublikamızda baş verən hadisələrlə bağlı düzgün məlumatlandırılması fakültənin informasiya mübadiləsində aktiv iştirakını təmin edir.

Hüquq fakültəsinə tələbələrin cəlb olunması və onların bilavasitə iştirakı ilə tədris prosesinin təkmilləşdirilməsi ən başlıca məqsədlərdən birini təşkil edir. Bu məqsədin yerinə yetirilməsi zamanı Magna Charta Universitatum (Universitetlərin Böyük Xartiyasının) müddəaları rəhbər tutulur. Xartiyada bəyan olunan ikinci prinsipə əsasən, tədris və tədqiqat bir-birindən ayrılmalı və tələbələr bilik axtarışında aktiv iştirak etməlidirlər. Bu baxımdan, tələbələrin aktiv iştirakını təmin edən bir çox fakültədaxili tədbirlər tədris prosesinin mühüm hissəsini təşkil edir.

Fakültənin tarixində ilk dəfə olaraq həyata keçirilən "Tələbə tərəfindən tələbə üçün" layihəsi xüsusi qeyd olunmalıdır ki, layihənin icrasına 2022-ci ilin dekabrından başlanmışdır. Layihənin əsas məqsədi təlimçi tələbənin öz biliklərini tələbə yoldaşları ilə bölüşmək və qarşılıqlı şəkildə öyrənməkdir.

Fakültədə elm və tədrisin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar Təşkilatının da aktiv fəaliyyətini qeyd etməliyik.

Tələbə Elmi Cəmiyyəti tərəfindən "Hein Online" və "Scopus" məlumat bazasına daxil olan "Tələbə Hüquq Jurnalı" nəşr olunur. Bu jurnalda müasir hüquq elminin aktual problemlərinə həsr olunmuş elmi məqalələr çap olunur ki, bu elmi məqalələri tələbələr həm fakültənin professor-müəllim heyəti ilə həmmüəllifliklə, həm də fərdi qaydada yazırlar.

Bütün bunlar fakültəmizin beynəlxalq səviyyədə hüquq elminin inkişafı sahəsində uğuru olmaqla bərabər, jurnalda dərc edilən məqalələrin beynəlxalq auditoriyaya çıxışını təmin edir. Tələbələrimizin bu kimi elmi uğurları həqiqətən qürurvericidir.

Fakültə Prezident təqaüdçülərinin sayına görə BDU-da birinci yerdədir. Bu il BDU üzrə 10 Prezident təqaüdçüsünün 9-u məhz Hüquq fakültəsinin tələbələridir.

Hüquq fakültəsində elmi məktəblərin tam formalasdırılması istiqamətində mühüm işlər aparılır, xarici mütəxəssislər tədris prosesinə cəlb edilirlər. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumlarında Hüquq fakültəsinin əməkdaşları ekspert qismində iştirak edərək qanunvericiliyin müxtəlif sahələri üzrə rəy verirlər. Hüquq fakültəsi müxtəlif hüquq sahələri üzrə qanunvericiliyin təkmilləşdirilməsi təklifləri ilə də çıxış edir. Ötən il fakültə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə "ekosid" və "urbisid" əməllərinin kriminallaşdırılması ilə əlaqədar olaraq 104-1 və 104-2-ci maddələrinin əlavə edilməsi haqqında təkliflər hazırlanmış, Fakültə Elmi Şurasının 26 dekabr 2022-ci il tarixli 04 saylı qərarı ilə təsdiq edilmiş və müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisinə və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinə göndərilmişdir. Bu təkliflərin qəbul olunacağı təqdirdə, Azərbaycan urbisid cinayətini kriminallaşdıran ilk dövlət olacaqdır.

Bundan əlavə, "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" 9 iyun 2023-cü il tarixli Qanunun icrası ilə bağlı Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrası tərəfindən mülki işlərdə həssas qruplardan olan şəxslərin ödənişsiz yüksək keyfiyyətli peşəkar hüquqi yardıma əlçatanlılığın təkmilləşdirilməsi məqsədilə Mülki Prosessual Məcəlləyə bir sıra dəyişiklik və əlavələrin edilməsinə dair təkliflər hazırlanaraq Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinə göndərilmişdir.

Bir məqamı da xüsusilə qeyd etmək zəruridir ki, Hüquq fakültəsinin tələbə və məzunları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən torpaqlarının işğalçılardan azad edilməsində də fəal iştirak etmişlər. 44 günlük Vətən müharibəsi zamanı Hüquq fakültəsinin 50-dən çox tələbə və məzunu Vətən uğrunda döyüşlərdə könüllü iştirak etmiş, fakültəmizin məzunu Şalıyev Ceyhun Nüsrət oğlu isə qəhrəmancasına şəhid olmuşdur.

Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın suverenliyinin və konstitusiya quruluşunun tam bərpa olunması, qədim və tarixi diyarımız Xankəndi şəhərində bayrağımızın dalğalanmasının məhz "Heydər Əliyev İli"nə, Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxta təsadüf etməsi böyük rəmzi məna daşıyır. Vaxtilə Ulu Öndərimiz hüquqi, demokratik və güclü Azərbaycan dövlətini qurmaqla bugünkü qələbələrimizin təməlini qoymuşdur.

Beləliklə, Hüquq fakültəsi respublikada hüquq elminin inkişafında və hüquq üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında əsas elmi mərkəz rolunda çıxış edir. Tam şəkildə dövlətçiliyimizə və hüquq qaydasının möhkəmləndirilməsinə xidmət etməklə, o cümlədən Azərbaycan cəmiyyətində xüsusi yeri olmaqla hüquqşünas kadrların yetişdirilməsində Hüquq fakültəsi xüsusi və əvəzolunmaz rol oynayır. Bütün bu qeyd olunanlar Hüquq fakültəsinin fəaliyyətində inkişaf dinamikasının yüksək olduğunu və fakültənin Ulu Öndər Heydər Əliyevin ənənəsinə və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətçilik siyasətinə sadiqliyini bir daha təsdiq edir.

Zaur ƏLİYEV,

Bakı Dövlət Universitetinin

Hüquq fakültəsinin dekanı,

hüquq üzrə fəlsəfə doktoru, dosent.