Siyasət

"Jandarmenia"

Regionda ardı-arası kəsilməyən münaqişələr bütün dövrlərdə Qərbin "iştahasını" artırıb. Azərbaycan-Ermənistan münaqişəsi ilə yanaşı, Gürcüstan-Rusiya münaqişəsi (2008), Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralında başlayan qarşıdurma Qərb dövlətlərinin, xüsusilə də Fransanın işinə yarayıb. Məhz regionun ən nəhəng dövləti olan Rusiya ilə gərginlik yaşayan hər dövlətə Fransanın "qucaq" açması, ona hərbi dəstək verməsi, silah satması Qərb tərəfindən "jandarmeriya" siyasəti kimi görünsə də, əslində məsələ insanları qorumaq deyil, region dövlətlərinin asılılığını Qərb xeyrinə dəyişməkdir. Məhz son günlər Fransanın Ermənistana silah satması haqqında razılıq əldə olunması bu siyasətin davamıdır. Budəfəki əməliyyatı isə "jandarmenia" adlandırmaq olar.

Ermənistanla qarşılıqlı müqavilə əsasında ona silah satacaq "Thales" şirkətinin Cənubi Qafqaza gəlişi ilk deyil. Rusiya ilə Gürcüstan arasındakı müharibədən sonra da sözügedən şirkət Gürcüstana silah satılması barədə müqavilə imzalamışdı. Ermənistan 2020-ci ildə İkinci Qarabağ müharibəsində uduzduqdan sonra mövcud olduğu hərbi ittifaqdan - "KTMT"dən "küsüb". Müharibədə ittifaqa üzv dövlətlərindən gözlədiyi dəstəyi ala bilməyən Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadan uzaqlaşmağa qərar verir. Beləliklə yeni hərbi trio üçün əlverişli zəmin yaranır: Ermənistan-İran-Hindistan. Ermənistan əvvəlcə Hindistan bazarına üz tutdu. Hindistandan toplar, tank əleyhinə vasitələr, qrad qurğuları almaqla bağlı müqavilə imzaladı. Həmin silahların bir qismi artıq Ermənistana çatıb. Rusiya ilə Ermənistan arasında siyasi gərginlik fonunda Fransanın regiona daxil olmaq cəhdini və bunu Ermənistan üzərindən etdiyini görürük. Ötən ilin sentyabr ayında baş verən sərhəd toqquşmasından sonra Avropa missiyası Ermənistana ayaq açdı. Fransa jandarmeriyası da nümayəndə heyətinin tərkibində idi. Məhz İranın son dövrlər münaqişədə Azərbaycanın xeyrinə geridönüşü Fransanın çoxdan gözlədiyi hadisə idi.

Ermənistanla Rusiya arasında Roma statutu mübahisəsindən sonra isə Fransa-Ermənistan əməkdaşlığı növbəti mərhələyə qədəm qoydu. Artıq tərəflər arasında ilkin razılığa görə, Ermənistan Fransadan hava hücumundan müdafiə və radar sistemi, müasir durbinlər almaq niyyətindədir. Fransa istehsalı olan hava hücumundan müdafiə sistemləri müasir və effektivdir. Fransa silah sənayesi bir neçə adda HHM sistemləri istehsal edir. Onlardan ən müasirləri isə qısamənzilli sistemlərdir.

Ermənistanla Fransa arasında hərbi əlaqələr uzun müddətdir ki, mövcuddur. "Thales" şirkəti Ermənistan şirkətləri ilə birgə fəaliyyət göstərib. 1994-cü ildəki atəşkəs müqaviləsindən sonra "Ohanyan xətti"nin yaradılması və formalaşmasında fransalı mütəxəssislər birbaşa iştirak ediblər. Hansı ki, Azərbaycan 2020-ci ildə bu xətti darmadağın etdi. Münaqişə tərəflərinə silah satışına embarqo qoyduğunu elan edən Fransanın bu silahlarının erməni ordusunda necə peyda olması bəzi suallar doğururdu. Ən maraqlısı da budur ki, həmin silahların böyük əksəriyyəti Qarabağda qanunsuz dislokasiya olunmuş Ermənistan ordusunun hərbi hissələrinin istifadəsinə daxil edilmişdi.

Son illərdə Ermənistanın silah-texnika parkını yeniləməyə çalışması artıq hər kəsə məlumdur. Fransa ilə hərbi əməkdaşlıq NATO standartları ilə hazırlanan hərbi texnikaların əldə olunmasıdır. Yəni Ermənistanın bu gün NATO-ya inteqrasiyası Fransa üzərindən həyata keçirilir. Təbii ki, ordusunun 90 faizinin sovet-rus hərbi texnikaları ilə təchiz edilən Ermənistanın maddi çətinlikləri olduğu halda inventarının əsas hissəsini Fransa texnologiyası ilə hansı formada doldura biləcəyi çox maraqlıdır.

İrəvan və Paris, ümumilikdə isə Qərb arasında hərbi əməkdaşlığın əsas məhdudiyyətləri Ermənistanın KTMT-yə üzvlüyü, Ermənistan və Rusiya qoşunlarının birləşmiş qruplaşmasının olması, həmçinin Ermənistan Müdafiə Nazirliyinin 634 milyon dollar dəyərində cılız büdcəsi ilə əlaqədardır.

Avropa İttifaqının "sivil missiyası" uğursuzluğa düçar oldu. Hazırda Ermənistanın Cermux ərazisində olan Aİ missiyası ötən həftə verdiyi bəyanatda Azərbaycanı işğalçı ölkə adlandırmışdı. Təbii ki, bütün bunlar öncədən hazırlanmış planlardır. Ermənistanın Gürcüstan nümunəsində olduğu kimi, NATO HHM-ə məcburi inteqrasiyası prosesi aparılır. Fransanın İrəvanda daimi hərbi attaşesinin təyinatına hazırlıq rəsmi Parisin neomüstəmləkəçilik siyasətini Cənubi Qafqaza gətirmək marağından irəli gəlir. Niderland parlamenti başda olmaqla Qərb dövlətlərinin Ermənistanın "silah sindikatı"na göstərilən dəstək İrəvanı aldatmağa kifayət edir. Məhz son dönəmlərdə Qərbin İrəvana reveransı diqqətdən yayınmır. Cənubi Qafqazın ən zəif bəndini ən güclü bəndinə qarşı "yetişdirmək" Azərbaycanı Qərb maraqlarına alət edə bilməməyin hikkəsidir.

Vətən müharibəsinin hərbi baxımdan qısa müddətdə, 44 gün ərzində şanlı qələbə ilə başa çatmasında Raket və Artilleriya Qoşunlarının arsenalında olan yüksək dəqiqlikli silahlar və eyni zamanda havadan olan "Harop", "Bayraktar" və digər pilotsuz uçuş aparatlarının tətbiqi və ən əsası da Azərbaycan əsgərinin döyüş ruhu və hazırlığı Qərbi öz planlarında dəyişiklik etməyə məcbur qoyur. Məhz Cənubi Qafqazın son halqası olan Azərbaycanı da Qərbə inteqrasiyaya məcbur etmək və regionda Rusiyanın təsirini minimuma endirmək üçün Ermənistana hərbi dəstək göstərilməklə son əməliyyata start verildi: "Jandarmenia".

Tacir SADIQOV,

"Respublika".