KİV nümayəndələri mükafatlandırıldı
Sosial həyat

KİV nümayəndələri mükafatlandırıldı

Sərhəd, ərazi bütövlüyü hər bir ölkənin dövlət müstəqilliyinin əsasını təşkil edən atributlardan biridir. Məhz bu baxımdan da Birləşmiş  Millətlər Təşkilatının prinsiplərinə əsasən dövlətlərarası münasibətlərdə sərhədlərin toxunulmazlığı əsas şərt kimi qəbul edilir.

Azərbaycan müstəqil dövlət olaraq sərhədlərin qorunmasını xüsusi vəzifə hesab edir. Ermənistanın təcavüzü nəticəsində ölkəmizin beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədləri pozulmuş, 30 illik işğal dövründə torpaqlarımızda təxribatçı qruplar, terrorçu dəstələr, qaçaqmalçılar,  narkotik  maddələrin keçirilməsi və satışı ilə məşğul olan gizli dəstələr və digər cinayətkar ünsürlər öz çirkin əməllərini həyata keçirməyə cəhd göstərmişdilər. Bu illərdə isə Azərbaycan sərhədçiləri sərhədlərimizin keşiyində möhkəm durmuş, öz vəzifə borclarını şərəflə yerinə yetirmişlər. Azərbaycan sərhədçisi bilir ki, sərhədsiz Vətən yoxdur.

Bu günlərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Aparatında Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə Azərbaycan sərhədçilərinin şərəfli işindən, uğurlarından danışıldı. Həmçinin milli mətbuatın inkişaf yoluna qısaca  nəzər salındı.

İlk öncə Milli Mətbuat Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbriki iştirakçılara çatdırıldı. DSX-nın struktur qurumlarının xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması üzrə həyata keçirilən fəaliyyət barəsində ictimaiyyətin operativ məlumatlandırılması, gənclər arasında hərbi vətənpərvərliyin yüksəldilməsi, sərhədçi peşəsinin təbliği sahəsində KİV-lərlə əməkdaşlığın rolu vurğulandı.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant Rəsul Tağıyev media nümayəndələrini peşə bayramları münasibətilə təbrik edərək onlara şərəfli işlərində uğurlar arzuladı.  Ulu öndər Heydər Əliyevin: "Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir", - fikirlərinə əsaslanaraq Azərbaycan mətbuatının istər ümummilli  lider Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunduğunu bildirdi, böyük sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki Zəfərindən söz açdı: "Tarixi Zəfərimizdən artıq üç ilə yaxın bir müddət  keçir. İstər müharibə, istərsə də postmüharibə dövründə mətbuat nümayəndələri Azərbaycana qarşı edilən haqsızlıqlara, əks-təbliğat kampaniyalarına tutarlı cavablar vermiş, informasiya müharibəsində öndə olmuşlar. Bu isə onu göstərir ki, mətbuat nümayəndələri  1875-ci ildə əsası qoyulmuş milli  mətbuatımızın ənənələrini uğurla davam etdirirlər".

Tədbirdə Dövlət Sərhəd Xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, faydalı əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik bildirilib.  Sonda Dövlət Sərhəd Xidməti rəisinin əmrinə əsasən mətbuat sahəsində əməkdaşlığa verdiyi töhfələrə görə bir qrup KİV nümayəndəsinə mükafatlar təqdim edilib.

Zümrüd QURBANQIZI,

"Respublika".