Könüllülərimiz zəlzələ bölgəsində
Sosial həyat

Könüllülərimiz zəlzələ bölgəsində

2023-cü ildə qardaş Türkiyə dövləti belə demək mümkünsə, taleyinin ən çətin və faciəli dönəmini yaşadı. Fevral ayının 6-da ölkənin Kahramanmaraş və digər ərazilərində baş verən güclü zəlzələ gözlənilməz olduğu qədər də, faciəli, ağrılı-acılı oldu. Hər tərəfdə dağılıb uçmuş binalar, xarabazarı xatırladan mənzərə və təlaş içində olan insanlar. ...Həyəcan, qorxu, psixoloji sarsıntı keçirən əhali qışın qarlı, boranlı havasında küçələrdə gecələmək məcburiyyətində qaldı. Hər kəs həyəcan və qorxu içində öz yaxınının axtarışında idi. Son ana kimi doğmalarının dağıntılar altından sağ çıxacağına ümid edirdilər. Əlbəttə ki, bu işdə xilasedicilərin əməyi böyükdür. Minlərlə insanı günlər sonra belə dağılmış binaların uçqunları altından sağ çıxartmağı bacardılar. İlk saatlardan bölgəyə yola düşən Azərbaycan xilasedicilərinin də fəaliyyəti danılmazdır. Baş vermiş dağıdıcı zəlzələnin fəsadlarını aradan qaldırmaq məqsədilə Azərbaycan xalqı hamılıqla ayağa qalxaraq qardaş ölkəyə hərtərəfli yardım əlini uzatdı.

Şübhəsiz ki, zəlzələnin yaratdığı fəsadlar illər uzunu insanların yaddaşından silinməyəcək. Aldıqları psixoloji travmalar, itirdikləri ailə üzvləri, doğmaları, dağılmış evləri zəlzələnin onların həyatına vurduğu ağır zərbədir. Çoxsaylı insan tələfatına və bölgənin dağıntılara məruz qalmasına səbəb olan zəlzələ bu gün də zəif təkanlarla davam edir. Artıq bütün acılara baxmayaraq, hər kəs toparlanmağa çalışır. Ərazinin dağıntılardan təmizlənib yenidən qurulmasında öz köməyini əsirgəmir. Azərbaycan dövləti də elə ilk andan əraziyə öz yardımını və xilasedici dəstələrini göndərmişdir. Hər cür yardım əlini uzadan ölkəmiz Türkiyə dövlətinin yanında olmuş, türk xalqının faciəsini öz ağrısı bilmişdir. Bu işdə sadə xalq, bütün vətəndaşlarımız səfərbər olaraq zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində böyük dəstək nümayiş etdirmişlər. Dövlət qurumları ilə yanaşı, Azərbaycan gəncləri də zərərçəkənlərə müxtəlif xidmətlərin göstərilməsi məqsədilə könüllü şəkildə qardaş ölkəyə yollanmışlar. Bölgəyə gedən gənclərimiz zərərçəkmiş insanlara yardımların paylanılmasında və daşınmasında fəal iştirak etmişdilər.

Bəli, Azərbaycan gəncləri ölkəmizdə olduğu kimi, qardaş Türkiyədə də fəallıqları ilə fərqlənmişlər. Onlar çadırlarda yaşayan uşaqların asudə vaxtlarını maraqlı keçirmək məqsədilə maraqlı oyunlar təşkil etmiş, zəlzələnin yaratdığı qorxu və həyəcanı aradan götürmək üçün uşaqlara xüsusi qayğı və sevgi ilə yanaşmışlar. Hətta Kahramanmaraşın Sütçü İmam Universitetinin ərazisində salınmış çadır şəhərciyində yaşayan uşaqlar üçün iki çadırdan ibarət uşaq bağçası quraraq istifadəyə vermişlər. Elə bütün bu səbəblərdən də azərbaycanlı könüllülər bölgədəki uşaqların sevimlisinə çevrilmişlər. Şübhəsiz ki, belə ağır dönəmlərdə əhalinin ən həssas təbəqəsi olan uşaqlara xüsusi olaraq diqqətlə yanaşmaq lazımdır. Uşaqlara sevgi və qayğı ilə yanaşan könüllülərimiz onların keçirdikləri sarsıntıları, yaşadıqları travmaları aradan qaldırmaq üçün həm də psixoloji dəstək göstərmişlər. Əyləncəli, maarifləndirici fəaliyyətlə yanaşı, könüllülər çadır şəhərciyində "uşaq və ana mərkəzi" təşkil edərək uşaqlara kino və cizgi filmlərinin göstərilməsi üçün şərait yaratmışlar. Kahramanmaraşla yanaşı, Adıyaman və Malatya bölgələrindəki çadır şəhərciklərində də azərbaycanlı könüllülər öz fəaliyyətlərini uğurla yerinə yetirmişlər.

"Əsrin fəlakəti" adlandırılan zəlzələdə ən çox təsirlənən, psixoloji əziyyət çəkən uşaqların olduğunu nəzərə alan azərbaycanlı gənclər ilk növbədə onları diqqətdə saxlamış və qayğılarına qalmışlar. Dörd fərqli məntəqədə fəaliyyət göstərən könüllülərimiz qida, yardım və dərman vasitələrinin paylanılması ilə yanaşı, eyni zamanda ərazinin tullantılardan təmizlənməsi və digər sahələrdə də fəallıq göstərmişlər. Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin şəhərin müxtəlif ərazilərində çadırların qurulması işində də azərbaycanlı könüllülər iştirak ediblər. Bəli, Azərbaycan dövləti humanitar yardım ilə yanaşı, gənc könüllü dəstələri ilə də bölgədə xüsusi aktivlik göstərir. Gənclərimizin türk millətinə, xüsusilə uşaqlara göstərdiyi sevgi və diqqət Türk mediasının da marağına səbəb olmuşdur. İki dövlət, bir millət prinsipini özlərinə şüar edən azərbaycanlı könüllü gənclərin bölgədəki fəaliyyəti yüksək qiymətləndirilmişdir. Gənclərimiz köməyə ehtiyac olan ərazilərə yollanmış, bütün lazımi yardımları etmişlər. Azərbaycan gəncliyi hər zaman baş verən bütün proseslərdə fəallıq nümayiş etdirmişdir. Onlar bu gün də qardaş Türkiyənin təbii fəlakətdən zərərçəkən bölgələrində öz fədakarlıqları ilə seçilirlər.

Ramidə YAQUBQIZI,

"Respublika".