Gənclər ədliyyə orqanlarında geniş təmsil olunurlar
Sosial həyat

Gənclər ədliyyə orqanlarında geniş təmsil olunurlar

Ədliyyə orqanlarında insan resurslarının idarə edilməsi istiqamətində ardıcıl tədbirlər görülür, hazırlıqlı gənc hüquqşünasların qulluğa qəbulu məqsədilə aşkarlıq şəraitində şəffaflıq təmin olunmaqla davamlı müsabiqələr keçirilir.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatında bildirilir ki,  bu günlərdə növbəti müsabiqəyə yekun vurularaq uğur qazanmış, əksəriyyətini gənclər təşkil edən hüquqşünaslar ədliyyə orqanlarına qulluğa qəbul edilib və müvafiq təyinatlar aparılıb.

Onlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Həmçinin Şəhidlər xiyabanında Vətən uğrunda canlarından keçən qəhrəman övladlarımızın xatirəsi anılıb.

Yanvarın 23-də yeni əməkdaşlarla ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.

Ədliyyə qulluğuna qəbul olunanları təbrik edən nazir ölkəmizin müasir inkişaf yolundan, Vətən müharibəsində Böyük Qələbəmizdən bəhs edib, ərazilərimizin işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması ilə yeni dövrün başlandığını vurğulayıb.

Bildirilib ki, bu gün doğma torpaqlarımız bərpa-quruculuq işləri aparılmaqla sürətlə dirçəlir, şəhərlərimiz, kəndlərimiz yenidən qurulur, sosial-iqtisadi, enerji, nəqliyyat infrastrukturu yaradılır, tarixi, mədəni və dini abidələrimizin əvvəlki siması özünə qaytarılır. Keçmiş məcburi köçkünlərimiz Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq öz-dədə baba yurdlarına dönürlər.

Nazir qalib ölkənin vətəndaşı, müzəffər xalqın nümayəndələri olan Azərbaycan gənclərinin inkişafı ilə bağlı görülən işlərdən danışıb, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinə uyğun olaraq həyata keçirilən bu tədbirlərin ötən 20 ildə daha geniş vüsət aldığını diqqətə çatdırıb.

Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gənclərin ictimai həyatın bütün sahələrində, dövlət idarəçiliyində rolu və fəallığı artır. Ədliyyə orqanlarında da gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşılır, mütəmadi görüşlər keçirilir. Gənclərin işlə təminatı daim diqqətdə saxlanılaraq şəffaf müsabiqə yolu ilə bu günədək 3.400-dən çox şəxs qulluğa qəbul olunub. Nazirliyin Müsabiqə Komissiyası tərəfindən keçirilən müsabiqələrdə uğur qazanan namizədlərin 70%-dən çoxu məhz gənclərdir. Həmçinin əksəriyyəti ilk dəfə əmək fəaliyyətinə ədliyyə orqanlarında başlamaq istəyənlər, 35%-ni isə qadınlar təşkil edir.

F.Məmmədov nazirlik tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına daim qayğı və həssaslıqla yanaşıldığını diqqətə çatdıraraq onların qulluğa qəbulunu, o cümlədən hazırda yeni təyinat alan şəxslər sırasında daha üç müharibə veteranının olduğunu qeyd edib.

Tədbirdə həmçinin respublikamızın hərtərəfli inkişafına uyğun olaraq ədliyyə sistemində aparılan islahatlar, əhaliyə göstərilən innovativ ədliyyə xidmətləri, penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlər barədə məlumat verilib, paytaxtda və bölgələrdə yeni müasir penitensiar komplekslərin inşa edildiyi, ən yenisinin isə ötən həftə Lənkəranda istifadəyə verildiyi vurğulanıb.

Nazir ədliyyə orqanlarında qulluq keçmənin xüsusiyyətlərinə toxunaraq, gənc ədliyyə işçilərinə fəaliyyətlərində məsuliyyətli olmasını, qanunçuluq, insan hüquqları, humanizm prinsiplərinə, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl olunmasını, korrupsiya və digər neqativ halların yolverilməzliyini diqqətə çatdırıb, onlara xidməti vəzifələrini layiqincə yerinə yetirmələri barədə tapşırıqlarını verib, uğurlu fəaliyyət arzulayıb.

Təyinat alanlar uğurla həyata keçirilən dövlət gənclər siyasətindən bəhrələnərək ədliyyə qulluğuna qəbul olunmalarından böyük qürur hissi keçirdiklərini bildirib, onlara göstərilən yüksək etimadı fəaliyyətləri ilə doğruldacaqlarına, ədliyyə işçisi adını daim uca tutaraq şərəflə daşıyacaqlarına söz veriblər.

Sonda qulluğa yeni qəbul olunmuş əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələr təqdim edilib.

"Respublika".