KTMT-dən ermənisayaq uzaqlaşma
Siyasət

KTMT-dən ermənisayaq uzaqlaşma

Noyabrın 23-də Belarusda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə Ermənistanın baş naziri Nikol Paşinyan, həmçinin xarici işlər naziri Ararat Mirzoyan və müdafiə naziri Suren Papikyan qatılmayıblar.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dekabrda keçiriləcək tədbirində iştirak etməyəcəyini açıqlayıb. Bunlar isə təəccüblü deyil. Çünki Paşinyan oktyabrın 13-də Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasına da qatılmamışdı.

Üstəlik, son dövrlərdə Ermənistan Roma statutunu ratifikasiya edib, KTMT-dəki nümayəndəsi Viktor Biyaqovu geri çağıraraq Beynəlxalq Cinayət Məhkəməsinin qərargahı olan Hollandiyaya səfir göndərib, həmçinin Şərqi Avropada davam edən müharibə çərçivəsində Ukraynaya humanitar yardım göstərib, ABŞ-la birlikdə hərbi təlimlər keçirib. Bunlar isə onu göstərir ki, İrəvan Moskva platformasından institusional formada uzaqlaşmaq istəyir. Məhz bu səbəbdən, Paşinyan hökuməti Rusiyanın olduğu hərbi blokda təmsil olunmaqdan yayınır, Kreml rəsmiləri ilə eyni diplomatik masalarda əyləşməkdən boyun qaçırır.

Bunların fonunda görünən odur ki, uzun müddətdir iki ölkə arasında mövcud gərginlik kulminasiya nöqtəsinə çatıb. Amma iqtisadi baxımdan Rusiyaya bu dərəcədə bağlı olan ölkənin Kremlə tam zidd siyasət yürütməsi Qərbin ciddi təminatları olmadan mümkün deyil. Sözsüz ki, İrəvanın hazırkı siyasəti Avropanın Paşinyana öz hakimiyyətini qorumaq, eləcə də Ermənistanı qərbləşdirməklə bağlı vədlər verməsinin nəticəsidir. Bu səbəbdən də Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Toivo Klaarın regiona səfərləri birmənalı olaraq İrəvandan başlayır. Ermənistanın yüksək səviyyəli rəsmiləri ardıcıl olaraq Avropa ölkələrinə səfər edirlər, Qarabağdakı vəziyyəti, bölgənin erməni əhalisinin taleyini müzakirə edirlər. Son olaraq, USAID rəhbəri Samanta Pauer Qarabağdan gələn ermənilərə yardım göstərmək üçün Ermənistan büdcəsinə 4 milyon dollar ayırmağa hazır olduğunu açıqlayıb. Amma onu da nəzərə almaq lazımdır ki, böyük dövlətlərin erməni sevdası onların mürəkkəb planları ilə birbaşa əlaqəlidir. Qoca qitə bunların qarşılığında Paşinyanı Cənubi Qafqazın qapısını Qərbin üzünə açmağa məcbur edir, Ermənistanı NATO-nun regiondakı forpostuna çevirir. İrəvanın Qərb və Rusiyanın məngənəsində sıxışması isə Cənubi Qafqazda sabitliyi pozur, yekun sülh prosesini ləngidir.

Qarşılıqlı əməkdaşlığa əsaslanan Ermənistan-Avropa münasibətləri isə Rusiya üçün qəbuledilən deyil. Ermənistanın ikili siyasətinin fərqində olan Kreml Paşinyan hökumətindən uzaqlaşır. Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın Azərbaycanın 7 rayonunu işğal etməsi ilə bağlı bəyanatı da bunun sübutudur. Çünki Rusiya İrəvanın itirilməsindən narahat deyil. Kreml indiki məqamda Paşinyana seçim imkanı verir. Baş nazir və hökuməti qərbi seçəcəyi halda Rusiyanın itirəcəyi yalnız Ermənistandakı hərbi bazası olacaq. Lakin həmin hərbi baza indi Moskvaya yükdən başqa bir şey deyil. Bunun əvəzində, Rusiya Ermənistana qazın qiymətini artıracaq, güzəştli məhsul satışından imtina edəcək. Ermənistan Rusiya üçün Ukrayna deyil ki, Kreml bu kiçik dövlətə görə Avropaya qarşı yeni cəbhə açsın, o cümlədən tərəfdaş saydığı Türkiyə və Azərbaycanla münasibətləri gərginləşdirsin.

Bununla belə, rəsmi Moskva bütün prosesləri izləyir. Ermənistanda Qarabağ klanının baş qaldırması, Paşinyan əleyhdarlarının yenidən fəallaşması isə artıq Kremlin müəyyən addımlar atmağa hazırlaşdığından xəbər verir. Növbəti mərhələdə proseslər Ermənistanın siyasi dairələrdəki Rusiya meyilli qüvvələrin daha dəqiq desək, beşinci kolonun aktivləşməsinə gətirib çıxara bilər. Artıq indidən Paşinyan əleyhinə kampaniyalar başladılıb və baş nazirin hakimiyyətdən getməsi, istefa verməsi istiqamətində çağırışlar səslənir. Ultra-milliyyətçilər, radikallar, hətta lobbi və diasporlar da müəyyən təzyiqlər altındadır. Bu isə onu deməyə əsas verir ki, Paşinyanın xarici siyasəti manipulyasiya obyektinə çevirməsi onun zərərinə olacaq.

Jalə QASIMZADƏ,

"Respublika".